Vergilər Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə tədbir keçirilmişdir

 

 Əvvəlcə tədbir iştirakçıları Vergilər Nazirliyinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar. Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri olan ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov mərasimdə çıxış edərək ümummilli liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri barədə danışaraq qeyd etmişdir ki, müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkülü və davamlı inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz bütövlüyünü, dövlət müstəqilliyini qoruyub saxlamış, xalqımız vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Natiq daha sonra bildirmişdir ki, məhz ulu öndərin rəhbərliyi altında ölkədə böyük quruculuq işlərinə başlanmış, Azərbaycan dövlətçilik tarixinin yeni səhifələri yazılmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev banisi olduğu milli dövlətçilik konsepsiyasının inkişafına təkan vermişdir. Dahi öndərin gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində ölkədə getdikcə gərginləşən iqtisadi və siyasi böhranların qarşısı alınmış, böyük quruculuq işlərinə başlanmışdır. Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında yenidən qurulmuş, makroiqtisadi sabitliyin möhkəmlənməsi və iqtisadiyyatın tarazlı inkişafının təmin olunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Azərbaycanın ən yeni tarixinin böyük islahatlar dövrü olduğunu xatırladan F.Məmmədov ulu öndərin rəhbərliyi və birbaşa nəzarəti ilə reallaşan iqtisadi islahatların ölkəmizi regionda aparıcı dövlətlər səviyyəsinə çatdırdığını qeyd etmişdir.

 Nazir Azərbaycanın müasir vergi xidmətinin yaradılmasının da ümummilli liderin adı ilə bağlı olduğunu vurğulamışdır. Bildirmişdir ki, məhz Heydər Əliyevin təşəbbüsü sayəsində vergi sistemi müasir standartlar əsasında formalaşmışdır. İqtisadi siyasətin ayrılmaz tərkib hissəsi olan vergi siyasətində də köklü dəyişikliklər aparılmış, vergi sisteminin formalaşdırılmasına start verilmişdir. Vergi Məcəlləsinin qəbulunu, neft-qaz yataqlarının istismarı ilə bağlı beynəlxalq müqavilələrin imzalanması kimi mühüm hadisələri qeyd edən natiq ulu öndərin vergi xidmətinin formalaşmasına baxışları barədə danışmış, məhz ümummilli liderin rəhbərliyi altında vergi siyasəti konsepsiyasının əsaslarının müəyyən edildiyini və bu sahədə radikal islahatların aparılmasına başlanıldığını demişdir.

F.Məmmədov daha sonra vurğulamışdır ki, Prezident İlham Əliyev ulu öndərin siyasətini uğurla davam etdirir. Bu gün ölkə iqtisadiyyatının sürətli və davamlı inkişafı vergi orqanları qarşısında yeni vəzifələr qoyur. Natiq toplantı iştirakçılarını əmin etmişdir ki, vergi xidməti əməkdaşları ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik konsepsiyasına sadiq qalaraq suverenliyimizin möhkəmlənməsi və ölkəmizin hərtərəfli tərəqqisi yolunda bundan sonra da var qüvvələrini sərf edəcəklər.

 

 

Azərbaycan.-2009.-13 may.-S.12.