Azərbaycanda "Bakı ürək
günləri" beynəlxalq
konqresi keçirilmişdir
Mayın 9-12-də Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş "Bakı ürək günləri" beynəlxalq konqresi keçirilmişdir.
Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkəmizdə hər sahədə olduğu kimi, səhiyyə sahəsində də aparılan islahatlardan və inkişafdan söhbət açmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərmiş və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Belə ki, paytaxtda və regionlarda beynəlxalq standartlara cavab verən yeni tibb müəssisələri, müalicə diaqnostika mərkəzləri istifadəyə verilmiş, onlar müasir avadanlıqla təmin olunmuşdur.
Nazir müavini Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi layihələri xüsusi vurğulamış, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin əhəmiyyətindən danışmışdır.
Akademik Cəmil Əliyev konqresin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışaraq bildirmişdir ki, konqres ölkələr arasında əməkdaşlığa və Azərbaycanda kardiologiyanın inkişafına sanballı töhfə verəcəkdir.
Cəmiyyətin sədri, tibb elmləri namizədi Kamran Musayev məlumat vermişdir ki, konqresdə dünyanın 15 ölkəsindən 70-ə yaxın mütəxəssis iştirak edir. O bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strateji xətt sayəsində son illərdə Azərbaycanda təbabətin başqa sahələri kimi kardiologiya da intensiv inkişaf edir. Müasir Azərbaycan səhiyyəsinin uğurları ulu öndərin uzaqgörən strategiyasının nəticəsidir. Məhz onun təşəbbüsü ilə ölkəmizdə beynəlxalq standartlara cavab verən diaqnostika və müalicə-kardioloji mərkəzlər yaradılmışdır. Bu siyasət ümummilli liderimizin siyasi xəttinin layiqli davamıçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konqresdə kardiologiya və ürək cərrahiyyəsinin aktual problemləri, bu sahədə ən son nailiyyətlər, müasir texnologiyaların tətbiqi və digər mövzular müzakirə olunmuşdur.
Tədbirdə "Qapaq qoruyucu aort kökü rekonstruksiyaları: metodlar və nəticələr", "İnfektiv endokarditlərin müalicəsində müasir baxışlar", "Koronar arteriya cərrahiyyəsində ən son yeniliklər" və digər mövzularda məruzələr dinlənilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-13 may.-S.15.