Daxili İşlər Nazirliyində Qələbə
Günü münasibətilə veteranlarla görüş
keçirilmişdir
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, mərasimi daxili işlər naziri, general-polkovnik Ramil Usubov açaraq bütün tərəqqipərvər bəşəriyyətin faşizm üzərində Qələbənin 64-cü ildönümünü böyük təntənə ilə qeyd etdiyini bildirmişdir. Yaxın keçmişimizə nəzər salan nazir ötən əsrin 90-cı illərinin əvvəllərində müharibə veteranlarının şərəfli fəaliyyətinə, ümumbəşəri ideallar uğrunda mübarizəsinə qeyri-sağlam, laqeyd münasibətin mövcudluğunu təəssüflə xatırlatmış, məhz ulu öndərimiz Heydər Əliyevin ali hakimiyyətə tarixi qayıdışından sonra faşizm üzərində qələbənin təntənəli şəkildə qeyd edildiyini, cəmiyyətin ən dəyərli üzvləri kimi veteranlarımıza diqqət və qayğının artırıldığını, 9 May - Qələbə Gününün müstəqil Azərbaycanda dövlət səviyyəsində keçirilən bayramlar sırasına daxil olunduğunu məmnunluqla vurğulamışdır. Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin də Böyük Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqət və qayğını nəzərə çatdıran Ramil Usubov bu kateqoriyadan olanların ehtiyacları ilə maraqlanmağın, problemlərinin həllinin Daxili İşlər Nazirliyinin də mənəvi borcu olduğunu, bu istiqamətdə bir sıra işlər görüldüyünü demiş, ulu öndərimizin əsasını qoyduğu siyasətin davamlı olacağını bildirmişdir.
DİN Mərkəzi Aparatı Veteranlar Şurasının sədri Bəylər Hüseynov, 1941-1945-ci illər müharibəsinin iştirakçıları olan polis veteranları Zilli Namazov, Müseyib İlyasov, Şıxnəbi Şıxnəbiyev, Mirdaməd Seyidov, Lidiya Sevryugina və başqaları çıxış edərək keçdikləri zəngin döyüş və həyat yolu barədə danışmış, bu görüşə və ümumilikdə veteranlara göstərilən diqqət və qayğıya görə ölkəmizin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Təntənəli mərasimə yekun vuran nazir Ramil Usubov əlamətdar bayram münasibətilə müharibə veteranlarını və onların ailə üzvlərini ürəkdən təbrik etmiş, onlara cansağlığı arzulamışdır.
Mərasim
iştirakçılarına mövcud kriminogen durum barədə
qısa məlumat verən nazir ölkəmizdə əmin-amanlığın,
ictimai asayişin nümunəvi qorunması üçün
hüquq- mühafizə, o cümlədən daxili işlər
orqanlarının əməkdaşları tərəfindən
bütün zəruri tədbirlərin
görüldüyünü vurğulamış, sabitliyin
dönməzliyinin təmini, cinayətkarlıqla qətiyyətli
mübarizə sahəsində müsbət nəticələrin
qazanıldığını, şəxsi heyətin gərgin,
fədakar əməyinin dövlətimizin
başçısı tərəfindən daim yüksək
qiymətləndirildiyini qeyd etmişdir.
Son illər Prezidentimizin rəhbərliyi
ilə cəmiyyət həyatının bütün sahələrində
geniş quruculuq işlərinin getdiyini, hüquqi-demokratik
islahatların həyata keçirildiyini, Azərbaycanın
dünya birliyində öz layiqli yerini tutduğunu və
bölgədə lider dövlətə çevrildiyini məmnunluqla
xatırladan nazir Ramil Usubov iqtisadi qüdrətimizin daha da artması
üçün ölkəmizdə sabitliyin, əmin-amanlığın
qorunub saxlanılmasının əsas şərtlərdən
biri olması barədə ölkə Prezidentinin dəfələrlə
vurğuladığı fikri tədbir
iştirakçılarının diqqətinə
çatdırmış, Ali Baş Komandanın daimi diqqət
və qayğısı ilə əhatə olunmuş daxili
işlər orqanlarının qarşıya qoyulmuş
bütün məsul vəzifələrin öhdəsindən
bundan sonra da layiqincə gələcəyinə, dövlətə
və xalqa sədaqətlə xidmət edəcəyinə əminliyini
vurğulamışdır.
AzərTAc
Azərbaycan.-2009.-13 may.-S.15.