Birgə mətbuat konfransı

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatı bəyanatı

 

 - Hörmətli Cümhurbaşqanı!

Dəyərli mətbuat nümayəndələri!

Buraya dəvət olunmuş bütün qonaqları və dəyərli mətbuat nümayəndələrini ən səmimi duyğularımla salamlayıram.

Həqiqətən, dost və qardaş Azərbaycanda olmaqdan duyduğum məmnunluğu xüsusilə ifadə etmək istəyirəm. Bu gün dəyərli qardaşım hörmətli İlham Əliyevlə Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələri ən geniş şəkildə müzakirə etmək fürsəti əldə etdik. Təbii ki, bizim tarixi birliyimiz müzakirə mövzusu deyil. Buna kölgə salmaq istəyənlərə də şübhəsiz ki, bu görüşlərimiz ən gözəl cavabı vermiş olacaqdır. Bizim bu görüşümüzdə də müzakirə edilən ən önəmli məsələ şübhəsiz ki, budur. Bir az sonra parlamentdə edəcəyim çıxışda bunları çox açıq şəkildə ifadə edəcəyəm.

Təbii ki, ikitərəfli əlqələrimizin təməlində bizim "bir millət, iki dövlət" anlayışımız eynilə davam etməkdədir. Xüsusilə Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki həssaslığı, həmçinin bizim də həssaslığımızdır. Dağlıq Qarabağ məsələsində bu günə qədər yol verilmiş bəzi möhtəkirliklər Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyildir. Bu günə qədər necə qəbul edilməyibsə, bu gün də eyni şəkildə qəbul edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra da əsla qəbul edilməyəcəkdir. Çünki burada bir səbəb-nəticə bağlılığı vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir. Sərhədlərin bağlanması bir nəticədir. Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyə sərhədləri bağlamışdır. İşğala son qoyulmayınca bilavasitə sərhədlərin açılması da mümkün deyildir. Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, bu gün Bakıda da bunu ifadə edirəm.

Təbii ki, burada digər bir atılmalı olan addım Minsk qrupu üçlüyünün - ABŞ, Rusiya, Fransa - 18 ildir sürən müzakirələri sürətləndirməsi və qısa bir zamanda nəticə əldə olunması vacibdir. Burada da, yenə inanıram ki, son qərar dəyərli qardaşım Əliyevlə Ermənistan Prezidenti Sarkisyanın görüşlərində əldə ediləcəkdir. Ondan sonra bizim də üzərimizə bir vəzifə düşərsə həmin vəzifəni icra edərik.

Bütün bunlarla bərabər təbii ki, bölgədəki problemləri, həmçinin enerji məsələsini müzakirə etmək fürsətimiz oldu. Bu gün Azərbaycan ixracatçı ölkədir. Təbii qaz üzrə hazırda xüsusilə önəmli ixracatçı ölkədir və ixracatçı ölkə olaraq da həm bizim Azərbaycanla təbii qazla bağlı ikitərəfli anlaşmalarımız, həm də regional və qonşu ölkələrlə bağlı ola biləcək anlaşmalar var. Bu istiqamətlərdə də söhbətimiz olmuşdur. Bütün bunlarla bərabər təbii ki, nəqletmədə gələcəyə doğru hansı addımları ata biləcəyimiz barədə müzakirələr oldu. Nazirlərimizin bir-biriləri ilə görüşləri oldu və belə görüşlər bu gün də davam edəcəkdir.

Əminəm ki, Azərbaycandakı bu görüşümüz gələcəyə doğru daha da fərqli, daha da güclü təməllərin eyni şəkildə yüksəlməsinə bir zəmin olacaqdır. Mən bununla əlaqədar şəxsən öz adımdan və nümayəndə heyətim adından bir daha hörmətli Cümhurbaşqanına təşəkkür edirəm və eyni zamanda sizlərə də minnətdarlığımı bildirirəm.

 

* * *

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarına cavab verdilər.

SUAL (ANS, Azərbaycan): Təşəkkür edirəm. Mənim sualım cənab Baş nazirədir.

Cənab Baş nazir, Siz qeyd etdiniz ki, işğal amili ortadan qalxmayınca sərhədlər açılmayacaqdır. Ermənistan mətbuatında fevralın əvvəllərindən bəri sərhədlərin açılmasına dair məlumatla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi, Türkiyə səfirliyi birbaşa suallara cavab vermədi. Yalnız aprelin ortalarında Siz cavab verdiniz ki, işğal amili ortadan qalxmayınca sərhədlər açılmayacaqdır. Nə üçün bəs, Türkiyə tərəfi bu şübhələr üçün yer qoydu.

Baş nazir Rəcəb Tayyib ƏRDOĞAN: - Mənim əgər həm Londonda, həm də Türkiyə parlamentindəki qrup danışıqlarında etdiyim açıqlamalarımı bir mətbuat nümayəndəsi olaraq izləsəydiniz inanıram ki, mənə burada bu sualı verməzdiniz. Mən Türkiyədə parlamentdəki qrup danışıqlarında bunu dəfələrlə açıqladım. Eyni zamanda televiziya proqramlarında açıqladım. Londonda iştirak etdiyim "Böyük 20-lər"in zirvə toplantısından sonra keçirdiyim konfransda yenə eyni şəkildə açıqladım. İsrarla üzərində dayandığım məsələ budur - bizim sərhədlərimiz Dağlıq Qarabağın işğalından sonra bağlanmışdır. İndi də işğal ortadan qalxmayınca biz sərhədlərimizi açmayacağıq. Bunu kim söyləyir? Bunu Türkiyə Cümhuriyyətinin Baş naziri söyləyir. Bundan başqa daha zəmanətli ifadə ola bilərmi?!

SUAL (Ceyda Karan - "Radikal" qəzeti, Türkiyə): - Mənim sualım hörmətli Əliyevədir. Keçən ay Brüsseldə etdiyiniz açıqlamada Türkiyə ilə Ermənistan arasındakı "Yol xəritəsi"ndə Dağlıq Qarabağın əsas şərt olub-olmadığı məsələsində sadə bir cavab gözləyirik demişdiniz. Buna cavab ala bildinizmi?

Prezident İlham ƏLİYEV: - Məncə, hörmətli cənab Baş nazir, dəyərli qardaşımın sözləri bu suala ən gözəl cavabdır. Mən bu suala görə də, cavaba görə də minnətdaram. Çünki, bundan açıq-aydın cavab ola bilməz.

Onu da qeyd etmək istəyirəm ki, yəqin bu, heç kim üçün sirr deyil, son aylar ərzində Azərbaycan cəmiyyətində müəyyən mənada bir narahatlıq hissləri var idi. O hisslərin yəqin ki, müəyyən təbii səbəbləri də var idi. Ancaq ən önəmlisi odur ki, hesab edirəm və bu gün mən üzümü Azərbaycan xalqına tutub bunu demək istəyirəm ki, heç bir şübhə üçün, heç bir başqa fikir üçün, möhtəkirlik üçün yer qalmadı. Türkiyə hökumətinin başçısı, Türkiyə Cümhurbaşqanı dəfələrlə bu məsələyə aydınlıq gətirmişlər və bu gün dəyərli qardaşım cənab Baş nazirin sözləri, bir daha demək istəyirəm ki, bunun ən gözəl cavabıdır.

SUAL (Nərmin Yüzdəri - NTV, Türkiyə): Mənim də sualım hörmətli Prezident Əliyevə olacaq. Əslində hörmətli Baş nazirə verdiyimiz sualın başqa bir tərəfi. Dediniz ki, heç bir şübhə qalmadı. Hörmətli Baş nazir, hörmətli Cümhurbaşqanı Türkiyədə dəfələrlə Dağlıq Qarabağ problemi həll olunmayınca sərhədlərin açılmayacağını söylədiyi halda, bilmək istərdik bəs, bu şübhələr nədən yarandı?

İkincisi, bu hadisələrdən sonra Azərbaycanın Rusiyaya yaxınlaşması haqqında bəzi xəbərlər, şərhlər yayıldı. Azərbaycanın Rusiya ilə əlaqələrində, siyasətində bir dəyişiklik varmı?

Son olaraq Türkiyəyə verilən qaza yaxın zamanda qiymət artımı gözlənilirmi? Bu istiqamətdə xəbərlər yayılmışdı. Təşəkkür edirəm.

İlham ƏLİYEV: Bu bir sual olmadı, üç sual oldu və elə suallardır ki, bunu bir sözlə cavablandırmaq çətin olacaq, ancaq mən çalışaram.

Birincisi, əgər biz məsələnin xronologiyasına baxsaq görərik ki, erməni mətbuatında Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məlumatlar fevral ayının birinci yarısından yayımlanmağa başlamışdır və bu məlumatlar bir müddət bir növ cavabsız qaldı. Yəni bu məlumatlara lazımi səviyyədə cavabı hər halda Azərbaycan cəmiyyəti görmədi, yəni heç bir şərh verilməmişdir. Yəqin ki, müəyyən şübhələrin ortaya çıxmasının birinci səbəbi budur.

Digər tərəfdən, müxtəlif ölkələri təmsil edən yüksək vəzifəli şəxslər öz çıxışlarında və öz sözlərində yenə də bir növ Türkiyə-Ermənistan əlaqələrinin normallaşması məsələlərinə əldə edilmiş bir fakt kimi yanaşırdılar və belə olan halda əlbəttə ki, Azərbaycanda müəyyən fikirlər ortaya çıxdı, müəyyən şübhələr oyandı. Aprel ayının ortalarında bu şübhələrə son qoyuldu. Məhz Türkiyənin yüksək vəzifəli şəxsləri - Baş nazirin, Prezidentin birmənalı sözlərindən sonra bu məsələyə son qoyuldu. Artıq mən hesab edirəm ki, bu, tarixdir və biz bu tarixə qayıtmamalıyıq.

O ki qaldı Azərbaycanın hansısa ölkə ilə yaxınlaşma siyasətinə, biz bütün ölkələrlə normal dostluq münasibətlərinin qurulmasına tərəfdarıq. Azərbaycan-Rusiya münasibətlərinin də çox böyük tarixi vardır və hər iki ölkə üçün bu münasibətlər əhəmiyyətlidir. Onu da qeyd etmək istəyirəm ki, Rusiya Prezidenti cənab Medvedev ilk xarici səfərlərindən birini bir il bundan əvvəl məhz Azərbaycana etmişdir. O səfər zamanı Rusiya ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında Müqavilə bağlanmışdır. Bu Müqavilə çox böyük siyasi məna daşıyır. Bizim Rusiya ilə münasibətlərimiz onsuz da yaxındır və hansısa müvəqqəti qeyri-müəyyən vəziyyəti nəzərə alıb əlavə addımlar atmağa ehtiyac yoxdur. Biz istəyirik ki, bütün ölkələrlə münasibətlərimiz yaxın olsun, yaxşı olsun, qarşılıqlı hörmət, etimad, bir-birinin işlərinə qarışmamaq əsasında qurulsun. Bizim qonşularımızla münasibətlər məhz bu məqsədləri güdür və bu əsaslarda qurulubdur.

Üçüncü suala gəldikdə isə, bu məsələnin də son aylar ərzində mövcud olan ab-hava ilə heç bir əlaqəsi yoxdur. Çünki Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığın uzun tarixi vardır, razılaşdırılmış kontraktda müəyyən müddəalar vardır. O müddəalar tələb edirdi ki, qiymətlərə vaxtaşırı yenidən baxılsın. Amma qiymətin dəyişməsi əlbəttə ki, dünyada neftin qiymətindən asılıdır. Yəni qaz qiymətləri neftin qiymətinə bağlıdır və belə olan halda qiymətlərə vaxtaşırı yenidən baxılır. Bu məsələni, yenə də demək istəyirəm ki, bölgədə yarana biləcək, yaxud, yaranmaqda olan, yaxud da ki, yaranmaqda olmayan hər hansı yeni bir vəziyyətlə bağlamaq düzgün olmazdı.

SUAL: (ATV, Azərbaycan): Mənim sualımın birinci hissəsi cənab Ərdoğanadır. Bildiyiniz kimi, Türkiyə 2008-ci ildə Rusiyadan qazı 400-450 dollara, Əlcəzairdən 300-350 dollara alırdı. Azərbaycan qazı isə Türkiyəyə 120 dollar civarında satılır. Sizcə, bu nə dərəcədə ədalətlidir və nə üçün bir ildən çoxdur ki, Türkiyə Azərbaycan qazının Avropaya ixrac olunması işinə imkan vermir?

Sualımın ikinci hissəsi Azərbaycan Prezidentinədir. Cənab Prezident, gələcəkdə qaz ixracı ilə bağlı hansı təkliflər nəzərdən keçirilir? Təşəkkür edirəm.

Rəcəb Tayyib ƏRDOĞAN: Təbii ki, ilk müqavilə bağlandığı zamandan bu rəqəm bu işin başladığı vəziyyətdədir. İndiki halda təbii ki, mən bu rəqəmin ədalətli olduğunu hesab etmirəm. Ədalətli rəqəm deyil. Ona görə biz bu gün dəyərli qardaşım, hörmətli Cümhurbaşqanı Əliyevlə bu söhbətləri etdik. ARDNŞ-in başçısı hörmətli Rövnəqlə enerji nazirim bu gün görüşəcəklər və bu görüşmələrdən sonra, inşaallah, bunu daha ədalətli bir rəqəmə çatdıracağıq.

İlham ƏLİYEV: Təkliflərə gəldikdə isə, bildiyiniz kimi, Azərbaycanın çox böyük qaz ehtiyatları vardır. Təsdiq edilmiş ən minimum rəqəmlər onu göstərir ki, Azərbaycanın ən azı 2 trilyon kubmetr qaz potensialı vardır və əlavə qazma işlərinin aparılması nəticəsində bu rəqəm ən azı iki dəfə arta da bilər.

Bu gün Azərbaycan qazı Türkiyəyə, Gürcüstana birbaşa ixrac edilir və növbəti illərdə, hər halda müzakirələr onu göstərir ki, bu ixracın həcmi arta da bilər və artmalıdır. Biz "Şahdəniz" yatağının ancaq birinci mərhələsini artıq icra edirik. "Şahdəniz" layihəsinin ikinci mərhələsini başlamaq üçün müəyyən şərtlər olmalıdır. Həm alqı-satqı müqavilələri, eyni zamanda tranzit anlaşması imzalanmalıdır.

Bu yaxınlarda Praqada "Cənub dəhlizi" mövzusunda enerji sammiti keçirilmişdir və çox önəmli qərarlar qəbul edilmişdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyi işinə öz töhfəsini verir və verməkdə davam edəcəkdir. Digər tərəfdən, Azərbaycana başqa yerlərdən də təkliflər daxil oldu. Bildiyiniz kimi, qaz bazarı çox genişdir və Azərbaycanın hüdudlarından kənarda hər yerdə Azərbaycan qazına ehtiyac var. Biz digər qonşu ölkələrdən də rəsmi təklifləri aldıq və bu təkliflər indi nəzərdən keçirilir.

Bir sözlə, biz neft sahəsində olduğu kimi, qaz sahəsində də şaxələndirmə siyasətimizi uğurla aparırıq. Bu siyasət bizim maraqlarımıza cavab verir və əminəm ki, bizim üçün dost, qardaş ölkələrin maraqlarına da cavab verir. Hesab edirəm ki, indiki mərhələdə çox ciddi addımlar atılmalıdır ki, qaz sahəsində əməkdaşlıq daha yeni müstəviyə qalxsın. Bu gün əldə edilmiş razılaşmalar daha çox regional xarakter daşıyır. Ancaq həm bizdə potensial var, həm potensial istehlakçılarda maraq var ki, bu əməkdaşlığın həcmi böyüsün və əməkdaşlıq genişlənsin. Azərbaycan etibarlı tərəfdaş kimi bu sahədə öz rolunu davam etməyə hazırdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 may.-S.1.