Azərbaycan xalçaları Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğanı valeh etmişdir

 

Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 13-də "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında olmuşdur.

Qonağa məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycanın ən qədim el sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının Böyük İpək yolu üstündəki bütün ölkələrdə məşhur olduğunu bildirmişlər. Azərbaycanın xalı xalçaları indi dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı "Azər-İlmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafatlara sertifikatlara layiq görülmüşdür.

Müəssisədə toxunmuş "Şeyx Səfi" xalısı qonağın diqqətini daha çox cəlb etmişdir. Bildirilmişdir ki, əsli Londonda saxlanılan Təbriz xalçaçılıq məktəbinə aid olan 37 kvadratmetrlik "Şeyx Səfi" xalısına 9,25 milyon ilmə vurulmuşdur.

Naxışların incəliyi ilmələrin yüksək sıxlığı, tərtibatın orijinallığı, milli koloriti ilə seçilən xalçaların istehsal prosesi bütün beynəlxalq standartlara cavab verir. Sapları boyamaq üçün ancaq təbii rənglərdən istifadə edilir, eskizlər yalnız milli naxış çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Türkiyənin Baş nazirinin xanımı boyama, toxuma prosesini maraqla izləmiş, xalçaçı qızlarla səmimi söhbət etmiş, qalereyanın açıq səma altında nümayiş olunan zəngin eksponatlarına baxmışdır. Qonaq xalçalarımızın gözəlliyinə valeh olduğunu bir daha vurğulamış, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasını yüksək qiymətləndirmişdir.

Xanım Əminə Ərdoğan "Azər-İlmə"nin xatirə kitabına ürək sözlərini yazmışdır. Qonaq xatirə şəkli çəkdirmişdir.

Sonra Azərbaycan xalçaçılıq sənətinə dair söhbət çay süfrəsi arxasında davam etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 may.-S.3.