Parlament nümayəndə heyəti Litvaya səfər edəcək

 

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 14-dən 16-dək Litva Respublikasında rəsmi səfərdə olacaq.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Musa Quliyev, Əhməd Vəliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev digər rəsmi şəxslər daxildirlər. Nümayəndə heyətinin üzvləri Litva Respublikasının Seymində ölkə parlamentinin fəaliyyəti ilə yaxından tanış olacaqlar. Milli Məclisin Sədri Oqtay Əsədovun Seymin spikeri Arunas Valinskas ilə keçirəcəyi görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, bu sahədə əməkdaşlığın daha da dərinləşməsi, qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq.

Səfər zamanı Milli Məclis Sədrinin Litva Respublikasının Prezidenti Valdas Adamkus, ölkənin Baş naziri Andrius Kubilius ilə görüşləri nəzərdə tutulmuşdur. Bu görüşlərdə tərəflər əməkdaşlığımızın bu günü gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşəcəklər.

Səfər müddətində nümayəndə heyətinin üzvləri ölkəmizin Litvadakı səfirliyində olacaq, buradakı Azərbaycan diasporunun fəaliyyəti ilə yaxından maraqlanacaqlar.

 

 

Milli Məclisin

mətbuat xidməti

 

Azərbaycan.-2009.-14 may.-S.3.