Elmi-praktik konfrans keçirilib
Azərbaycanın Tacikistandakı
səfirliyi ümummilli lider Heydər Əliyevin anadan
olmasının 86-cı ildönümünə həsr
olunmuş elmi-praktik konfrans keçirmişdir.
Prezident Administrasiyası
İctimai-siyasi məsələlər şöbəsinin
xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun
müdiri Qafar Əliyevin rəhbərliyi ilə Azərbaycan
nümayəndə heyətinin, Tacikistan Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndələrinin, səfirlərin,
beynəlxalq təşkilatların təmsilçilərinin,
jurnalistlərin iştirak etdikləri tədbirdə
Tacikistanın və Azərbaycanın dövlət himnləri
səslənmişdir.
Azərbaycanın Tacikistandakı
səfiri Məhərrəm Əliyev ümummilli liderin həyatı
haqqında ətraflı məlumat vermiş, Heydər Əliyev
irsinin öyrənilməsi sahəsində görülən
işlərdən danışmışdır.
Bildirilmişdir ki, xalqın tələbi
ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn
görkəmli dövlət xadimi Heydər Əliyev ölkəni
məhv olmaq təhlükəsindən xilas etdi, bununla da vətənimizin
xilaskarına çevrildi.
Tədbirdə Azərbaycanda neft
və qaz sahəsində görülən işlər,
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru, Bakı-Tbilisi-Ərzurum
qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri
haqqında məlumat verilmişdir.
Tacikistan xarici işlər
nazirinin birinci müavini Maxmudcon Sabirov demişdir ki, biz Heydər
Əliyev kimi uzaqgörən bir siyasətçi ilə bir
dövrdə yaşadığımıza görə xoşbəxtik.
Bu böyük siyasətçi Azərbaycan
iqtisadiyyatının dirçəldilməsi, neft
strategiyasının həyata keçirilməsi, müstəqil
Azərbaycanın dünyada layiqli yer tutması naminə
böyük işlər görmüşdür. Azərbaycan
Prezidenti İlham Əliyev hazırda bu siyasəti inamla davam
etdirir.
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının sektor müdiri Qafar Əliyevin
"Müstəqil Azərbaycanın dirçəldilməsində
və inkişafında Heydər Əliyevin rolu"
mövzusunda məruzəsi maraqla
qarşılanmışdır.
Məruzəçi demişdir
ki, Azərbaycanın çətin bir dövründə
Naxçıvandan Bakıya dəvət edilən ümummilli
lider Heydər Əliyev bütün sahələrdə
islahatlara başlamış, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində atəşkəsə
nail olmuşdur.
Azərbaycanın 2000-ci ildə təqribən
2 milyard dollar olan dövlət büdcəsi indi artıq 12
milyard manatı ötüb keçmişdir. Bu, məhz ulu
öndərin düzgün qurulmuş iqtisadi
strategiyasının nəticəsidir.
Azərbaycanın neft-qaz
strategiyasından danışan Milli Məclisin deputatı Vasif
Əliyev demişdir ki, ulu öndər Heydər Əliyev hələ
SSRİ dövründə respublikamızın enerji təhlükəsizliyi,
o cümlədən neft və qaz sahələrinin
inkişafı məsələlərinə böyük diqqətlə
yanaşırdı. Biz bu uzaqgörən siyasətin nəticələrini
indi görürük.
SSRİ dövründə
Tacikistanda müxtəlif vəzifələrdə işləmiş
Talbak Nazarov ulu öndər Heydər Əliyevlə
görüşlərini yada salmış, böyük siyasətçi
haqqında xatirələrini söyləmişdir.
Sonda Azərbaycanın xalq artisti
Zaur Rzayev və Düşənbədə tanınan
müğənni Rüstəm İsayevin iştirakı ilə
konsert proqramı olmuşdur.
Qulu Kəngərli,
AzərTAc-ın xüsusi müxbiri
Düşənbə
Azərbaycan.-2009.-14 may.-S.3.