Slovakiya Baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabinlə görüş

 

Mayın 13-də Konstitusiya Məhkəməsində Bakıda səfərdə olan Slovakiyanın Baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabinlə görüş keçirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində məqsədyönlü islahatların aparıldığını bildirmişdir. 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində hazırlanan qanunların beynəlxalq standartlara cavab verməsi, bu zaman müasir hüququn inkişaf meyillərinin nəzərə alınması diqqət mərkəzində saxlanılır.

F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini, digər ölkələrlə yanaşı, Slovakiyanın da bu sahədə təcrübəsinin nəzərə alındığını vurğulamışdır. Cari ilin əvvəlində Keyptaunda keçirilmiş tədbirdə Slovakiyanın Konstitusiya Məhkəməsinin sədri xanım İvetta Macejkova ilə görüşünü xatırladan sədr demişdir ki, xanım sədr Azərbaycan tərəfinin dəvəti ilə oktyabrda ölkəmizə gələcəkdir. Səfər zamanı ikitərəfli əməkdaşlıq haqqında Memorandumun imzalanması nəzərdə tutulur.

Azərbaycan Konstitusiya Məhkəməsinin Ümumi Konstitusiya Məhkəmələri Avropa Konfransının üzvü olduğu, həmin təşkilat çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin aparıldığı, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Azərbaycanın Ədliyyə Nazirliyi, Ali Məhkəməsi və hüquq-mühafizə orqanları ilə də səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu söyləmişdir.

Slovakiya Baş nazirinin müavini, ədliyyə naziri Ştefan Harabin səmimi görüşə görə təşəkkürünü bildirmiş, ölkəsinin məhkəmə-hüquq sistemi, o cümlədən Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında məlumat vermişdir.

Azərbaycanın sürətlə inkişaf etməsinin şahidi olduğunu deyən qonaq, qazanılmış uğurların Konstitusiya Məhkəməsinin nümunəsində də aşkar göründüyünü bildirmişdir. Azərbaycanda ədalət mühakiməsinin inkişafından danışan qonaq digər dövlətlərlə müqayisədə ölkəmizin həmin mərhələni çox qısa dövrdə keçdiyini xüsusi vurğulamışdır. Ali Məhkəmənin yeni binasının açılış mərasimini xatırladan qonaq, bunu Azərbaycanda məhkəmə-hüquq sisteminə dövlətin verdiyi önəm kimi yüksək qiymətləndirmişdir.

Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallara ətraflı cavab verilmişdir.

Slovakiyalı qonaq Konstitusiya Məhkəməsi əməkdaşlarının iş şəraiti ilə tanış olmuşdur.

Ədliyyə nazirinin müavini Toğrul Musayev görüşdə iştirak etmişdir.

 

 

Azərbaycan.-2009.-14 may.-S.4.