Ulu öndərin əsasını qoyduğu idmana qayğı siyasəti bizi yeni qələbələrə çağırır

 

Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar. İdmana tarixən marağın güclü olduğu ölkəmizdə vəziyyətin belə acınacaqlı şəkil alması gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olur, müharibə şəraitində yaşayan məmləkətdə fərarilik hallarının çoxalmasına rəvac verirdi. Digər tərəfdən, ulu öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış, dəryada batan gəmini xatırladan idmanımız taleyin ümidinə buraxılmışdı. Bunun obyektiv səbəbləri olsa da, subyektiv səbəbləri daha da çox idi. O illərdə idman sahəsində yaranmış vəziyyətə münasibət bildirərkən Heydər Əliyev demişdir:

"... 1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi".

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. 1993-cü ilin noyabrında ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. İdmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirən Heydər Əliyev bu sahənin həm də milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, oturuşmuş tarixi ənənələr əsasında inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi.

Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.

Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".

Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı.

Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev Prezident seçildikdən sonra da idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.

Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.

Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Aidiyyəti dövlət orqanları bu cür idman növləri ilə məşğul olan idmançılarımızın beynəlxalq yarışlarda iştirakını daim maliyyələşdirir, onları gələcək qələbələrə ruhlandırmaq üçün müxtəlif stimullaşdırıcı tədbirlər görürlər. Bunun nəticəsidir ki, Azərbaycan idmançıları ağırlıqqaldırmanın yalnız peşəkarların məşğul olduğu pauerliftinq növü, peşəkar boks, kikboksinq, qaydasız döyüş və digər idman növlərində ən yüksək nailiyyətlərə imza atırlar. Prezident İlham Əliyev bu barədə deyib: "Azərbaycanda idmanın həm olimpiya, həm də qeyri-olimpiya növləri bərabər hüquqa malikdir. Heç bir ayrı-seçkilik yoxdur və bu siyasət Azərbaycanda uzun illərdir aparılır. İstər olimpiya idman növü ilə, istərsə də qeyri-olimpiya idman növü ilə məşğul olan idmançılara biz həmişə eyni gözlə baxırıq. Bu, belə də olmalıdır. Çünki hər bir idmançı beynəlxalq yarışlarda Azərbaycanın idman şöhrətini ucaldır".

Pauerliftinq qeyri-olmpiya idman növü olsa da, Azərbaycanda xeyli inkişaf edib. Fərəhli haldır ki, ölkəmiz bu idman növü üzrə beynəlxalq reytinq cədvəlində ilk yerləri bölüşür. Azərbaycanda pauerliftinq idman növü ilə vaxtilə böyük nailiyyətlər qazanmış idmançılarımız var. Onların bir qismi artıq bu idman növü üzrə veteran, bir qismi isə hələ beynəlxalq yarışlarda mübarizəsini davam etdirən və nailiyyətlərini artıran peşəkarlardır. Hər bir pauerliftinqçi daim öz həyatında dövlətimizin qayğısını hiss edir.

İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. İdman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək.

İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyevin idmançılarımızdan gözlədiyi məhz qalib olmaq, dövlətimizin adını ucaltmaq idi. Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərliyi illərində dünya və Avropa miqyaslı ağırlıqqaldırma yarışlarının qızıl mükafatçısı olmaqla bu etimadı doğrultduğum və qələbələrim ulu öndər tərəfindən şəxsən qiymətləndirildiyi üçün bir idmançı kimi özümü xoşbəxt sayıram.

Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.

 

 

Vüqar Namazov,

pauerliftinq üzrə dünya və

Avropa çempionu

 

Azərbaycan.-2009.-14 may.-S.4.