Masallı həm də turizm mərkəzidir
Masallı şəhərini və
ona bitişik Ərkivan qəsəbəsini keçib
Masallı-Yardımlı şose yolu ilə üzü
yuxarı - Qəriblər kəndi istiqamətinə gedərkən
adamın gözləri qarşısında əsrarəngiz mənzərə
açılır. 6-7 kilometr kənarda baş-başa verib əzəmətlə
dayanan Talış dağları görünür.
Qışda qardan ağ örpəyə bürünən,
yazda-yayda meşələrin yamyaşıl rənginə
boyanan, payızda qızılı don geyən dağlar.
Ulu Tanrı bu yerlərdən
heç nəyini əsirgəməyib. Budaqları biri-birinə
toxunarkən qaynaq olan nadir dəmirağac, meşələrin
tacı palıd, nil, cökə, Eldar şamı, gur şəlalələr,
buz bulaqlar, qıjıltı ilə axıb keçən Viləş
çayı, min cür gül-çiçək,
bülbüllərin xoş avazı buralara bir az da füsunkar
görkəm verir. Elə buna görə də turizmlə məşğul
olan masallılı iş adamları buraya - təbiətin təkrarsız
gözəllikləri ilə dolu guşəsinə üz
tutur, ərazidə bir-birinə bənzəməyən rahat,
hər cür şəraiti olan istirahət mərkəzləri
yaradırlar.
Qəriblər kəndini keçən
kimi yolun hər iki tərəfində belə mərkəzlərin
adını göstərən lövhələr də bunu
sübut edir. İndi Masallıda qeydə alınmış 26
turist obyekti fəaliyyət göstərir.
"Gölüstü", "Viləş",
"Gülüstan", "Baba bulağı", "Ailə
sevinci", "Kondisioner", "İstisu",
"Fatimeyi-Zəhra" sanatoriyası, "Zirvə",
"Beş qardaş", "Turist", "Cənnət bağı",
"Daştvənd", "Hotel", "Masallı",
"Dəmirağac" və digər istirahət ocaqları
müxtəlif yerlərdən - paytaxt Bakıdan, xarici ölkələrdən
gələnlərə göstərilən xidmətin səviyyəsini
yüksəltmək üçün fəaliyyətlərini
ilbəil təkmilləşdirir, daha çox turist cəlb etmək
üçün yeniliklər arayıb-axtarırlar. Məsələn,
obyektlərin hər biri haqqında bukletlər, fotoalbomlar
buraxılır. Dincəlmək, müalicə almaq istəyənlər
öncə onların vasitəsilə istirahət mərkəzləri
və ümumən bu yerlərin flora və faunası ilə
tanış olurlar. Bununla yanaşı, Mədəniyyət və
Turizm Nazirliyinin internet saytında Masallının istirahət
mərkəzləri haqda məlumat yerləşdirilib.
Bütün bunlar və digər reklam təbliğatı nəticəsiz
qalmır. Keçən il rayondakı turist obyektlərində
16 min 222 nəfər istirahət etmişdir. Cari ilin birinci
rübündə isə onların sayı 2 min 425 nəfər
olmuşdur. Mövsüm isə yeni başlayır. Bir müddətdən
- may ayının ortalarından sonra bu yerlərə gələnlərin
sayı dəfələrlə artacaq.
Masallının istirahət mərkəzləri
arasında "İstisu"yun öz yeri var. Buraya gələnlər
dincəlməklə yanaşı, müxtəlif xəstəliklərdən
də yaxa qurtarmaq imkanı əldə edirlər. Bu şəfa
ocağının yaranma tarixini dəqiq bilən yoxdur. Hələ
qədim zamanlarda insanlar ərazidən çıxan suya
"min dərdin dərmanı" adını vermişlər.
Bu suyun tərkibində müxtəlif mineral maddələr
var. Yerin dərin qatından 60 dərəcə istilikdə
çıxan su insanları iynəsiz, dərmansız
sağaldır. Həkim-alim Mir Kazım Aslanlı
apardığı çoxillik tədqiqatlar nəticəsində
1960-cı illərin əvvəllərində sübut
etmişdir ki, bu su ilə yel, dəri, böyrək və sidik
yolları, radikulit, prostat, hipertoniya, qara ciyər və öd
yolları, sonsuzluq, mədə-bağırsaq və digər xəstəlikləri
müalicə etmək mümkündür.
"İstisu" sanatoriyası
uzun illər primitiv şəkildə fəaliyyət göstərirdi.
1998-ci ildə iş adamı Hacı İldırım
Allahyarov tərəfindən özəlləşdirildikdən
sonra burada əsaslı yenidənqurma işləri
aparıldı. Sahibkarlara dövlət tərəfindən
verilən dəstək nəticəsində yeni binalar, kotteclər,
vanna, masaj korpusları, yeməkxanalar, istirahət guşələri
tikildi. Dəməlov dağının ətəyində, Viləş
çayının sahilində yerləşən bu məkan
onu görənləri valeh edir. Bu yaxınlarda xarici ölkələrin
Azərbaycanda olan səfirliklərinin bir qrup nümayəndəsi
cənub bölgəsinə səfərləri zamanı
Masallı rayonu ilə tanış olarkən
"İstisu" sanatoriyasına da baş çəkmişlər.
Buradakı təbiət, müalicəvi su onların
böyük marağına səbəb olmuşdur. Səfirlərdən
bir neçəsi turizm mövsümünün
qızğın vaxtında "İstisu"ya gələcəyini
bildirmişdir.
Masallı rayonunun ərazisində
əsrlərin arxasından boylanan abidələr,
keçmişi özündə əks etdirən
yaşayış yerləri, nümunələr də az deyil.
Onların böyük hissəsi Hişkədərə kəndində
yerləşən Tarix-diyarşünaslıq muzeyində
qorunub saxlanılır. Burada bölgənin qədim, orta əsr,
yeni və ən yeni dövrünə aid 18 mindən çox
eksponat, hətta eniolit dövrünə aid olan əşyalar
toplanmışdır. Tunc qılınclar, daş alətlər
və daş silah, tunc qab-qacaqlar, vaxtilə istifadə edilən
vəl, xış, xəlbir, şana, kürək, şallaq,
misgərliyə aid sərpuş, tas, camlar və digər əşyalar
muzeyə gələnləri uzaq keçmişlə
tanış edir. Muzeyin eksponatları içində qədim
sikkələr də maraq doğurur. Burada Sasani, Parfiya, Eldəgizlər,
çar Rusiyasının Nikolay dövrünə aid, 1917-ci
ildən sonra buraxılan dünya pul nümunələri
nümayiş etdirilir.
Lakin onu da qeyd etmək
lazımdır ki, Masallıda turizmin inkişafı
üçün bütün imkanlardan səmərəli
istifadə olunmur. Belə ki, rayonun Mahmudavar, Məmmədoba
meşələrində, Qızılağac qoruğuna
yaxın ərazilərdə turizm üçün əlverişli
şərait olsa da, o yerlər boş qalıb. Turist obyektlərindən
11-i isə lisenziyasız fəaliyyət göstərir. Eləcə
də bəzi obyektlərdə qiymətlərin
şişirdilməsinə yol verilir ki, bu da turist
axınına mənfi təsir göstərir. Ən
acınacaqlısı odur ki, əmlak mübahisəsi
ucbatından "Türkan" turist bazası artıq
üçüncü ildir fəaliyyətsizdir. Halbuki hələ
sovetlər dönəmində bura turistlərin ən çox
istirahət etdikləri yer olmuşdur. İndi obyektin giriş
qapısında polis dayanır. Buradakı kotteclər
sökülüb dağıdılaraq harasa
aparılmışdır. Şübhə etmirik ki, əlaqədar
təşkilatlar bu məsələ ilə yaxından məşğul
olub, onun həlli üçün təxirəsalınmaz tədbirlər
görəcəklər.
Seyran Cavadov
Azərbaycan.-2009.-14
may.-S.6.