Əliyevşünaslığa və qafqazşünaslığa dəyərli töhfə

 

"Çaşıoğlu" nəşriyyatında tanınmış əliyevşünas və qafqazşünas alim, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, təhsil nazirinin müavini İradə Hüseynovanın ali məktəblər üçün "Heydər Əliyev və Qafqazda sülh prosesi" adlı fundamental əsəri - monoqrafiya xarakterli dərsliyi çapdan çıxmışdır.

Qafqazşünaslıqda və Vətən tarixşünaslığında ilk təcrübə olan bu dərslikdə ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətində müstəsna əhəmiyyətli yer tutan bir tarixi problem - Şərqlə Qərbin, Cənubla Şimalın arasında mühüm geosiyasi, geostrateji mövqeyi olan, dünya sivilizasiyasının nadir məskəni sayılan Qafqazda sülhün, təhlükəsizliyin və əmin-amanlığın bərqərar olması, davamlı sülhün təmin edilməsi uğrunda apardığı siyasət, həyata keçirdiyi tədbirlər, ideya müəllifi olduğu "Ümumi Qafqaz evi" sülh strategiyası elmi cəhətdən sistemli təhlil olunur, "Vətəndə sülh, bölgədə sülh" siyasətinin müasir mərhələdə uğurla davam və inkişaf etdirilməsi problemləri kompleks şəkildə araşdırılmışdır.

Dərslik uzun illər təcrübədə uğurla sınaqdan çıxmış "Heydər Əliyev və Qafqazda sülh prosesi" tədris proqramı əsasında hazırlanmışdır. Əsər Qafqazda sülh və inteqrasiya proseslərində Azərbaycanın yeri və rolunu özündə təcəssüm etdirən, 1993-cü ildən bəri regionda cərəyan edən hadisələrin obyektiv, hərtərəfli və ümumiləşdirilmiş şəkildə təhlilini verən ilk təcrübədir.

Bu dərslikdə qoyulan və yüksək elmi-nəzəri səviyyədə həll olunan problemlər geosiyasət, politologiya, regionşünaslıq və beynəlxalq münasibətlər kontekstində araşdırılaraq təhlil edilən, regionda sabitliyin, əmin-amanlığın təmin olunması, əslində bu gün bütün dünyanı narahat edən sülh mədəniyyətinin bərqərar olması kimi tarixi zərurətdən doğur. Hazırda sürətlə qloballaşan, iqtisadi fırtınalar burulğanından qurtulmaq yolları arayan narahat dünyamızın münaqişələrlə dolu, ən qaynar nöqtələrindən biri olan Qafqazda sülhün təmin olunması Şərq-Qərb sivilizasiyalarının inteqrasiyası prosesində müstəsna əhəmiyyət daşıyır. Ümummilli liderin bu sahədə xidmətləri ilk dəfə bu dəyərli və fundamental əsərdə elmi sistem halında araşdırmaya cəlb edilmişdir. Başqa sözlə, kitabda Heydər Əliyevin "Ümumi Qafqaz evi" ideyasının məzmun və mahiyyəti dərindən təhlil edilmişdir. Qafqazda sülhün, sabitliyin qorunmasını şərtləndirən amillər, iqtisadi, mədəni inteqrasiya, "Əsrin müqaviləsi" və burada sülh problemi, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri bölgədə təhlükəsizliyin, sülhün, sabitliyin təminatı kimi dəyərləndirilmişdir. Digər tərəfdən, geniş ictimaiyyətin mühakiməsinə təqdim olunan bu sanballı dərslik İradə Hüseynovanın ulu öndərin siyasi və dövlətçilik fəaliyyətinin kompleks araşdırılması istiqamətində apardığı uzunmüddətli, ardıcıl və səmərəli axtarışlarının ayrılmaz tərkib hissəsi kimi vətən tarixşünaslığına təqdim olunmuşdur.

Nəfis şəkildə, yüksək poliqrafik keyfiyyətdə çap edilmiş dərslik giriş, on iki fəsil, nəticə, istifadə olunmuş zəngin mənbə və elmi ədəbiyyatın siyahısından ibarətdir. Dərsliyin əsas məziyyətlərindən biri də burada Azərbaycan, rus və ingilis dillərində əhatəli, onun məzmun və strukturunu ehtiva edən xülasələrin verilməsidir. Bu, əsərin beynəlxalq istifadə imkanlarını artırır. Bununla yanaşı, ali məktəblər üçün dərslik yaradıcılığında ilk dəfə olaraq kitabın elektron versiyası da nəşrə əlavə olunmuşdur.

Dərslikdə ulu öndərin Qafqazda sülh strategiyasına dair müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Heydər Əliyev ideyalarının qalibiyyəti kimi geniş təhlil olunaraq elmi cəhətdən əsaslandırılmışdır.

Professor İradə Hüseynovanın "Heydər Əliyev və Qafqazda sülh prosesi" dərsliyinə kitabın elmi redaktoru professor Əli Həsənov tərəfindən sanballı, analitik xarakterli geniş "Ön söz" yazılmışdır. Dərsliyə görkəmli akademiklər Ziyad Səmədzadə və Xoşbəxt Yusifzadə rəy vermişlər.

İnanırıq ki, əliyevşünaslığa və qafqazşünaslığa dəyərli ərməğan sayıla bilən bu fundamental dərslik tələbə və magistrlərin, tarixçi müəllim və alimlərin, politoloqların, həmçinin geosiyasi və beynəlxalq problemlərlə məşğul olan mütəxəssislərin, diplomatların stolüstü kitabına çevriləcəkdir.

Xatırladaq ki, İradə Hüseynova Azərbaycan elmini və təhsilini ABŞ, Fransa, Kanada, Bolqarıstan, Rusiya, Türkiyə, İtaliya, İsveç, Gürcüstan, Türkmənistan, Belarus və s. ölkələrdə keçirilmiş bir çox nüfuzlu beynəlxalq elmi simpoziumlarda, konfranslarda ciddi elmi məruzələri ilə ləyaqətlə təmsil etmişdir. Professor 150-yə yaxın elmi əsərin, o cümlədən Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş "Dövlətçilik naminə" (Bakı, 2001), "Müstəqilliyimizin təminatçısı" (Bakı, 2003), "Müstəqil Azərbaycan dövlətinin qurucusu" (Bakı, 2004), "Qeydar Aliyev: ot politiçeskoqo rukovoditelya k obşşenatsionalnomu lideru" (Baku, 2005) monoqrafiyalarının, Qafqaz xalqlarının tarixinə dair ümumi kurs proqramının (Bakı, 1998), eyniadlı dərs vəsaitinin (Bakı, 1999), magistr hazırlığı üçün Azərbaycan, rus və ingilis dillərində "Heydər Əliyev və Qafqazda sülh prosesi" tədris proqramının (Bakı, 2003: Azərbaycan, rus və ingilis dillərində), qafqazşünaslıq elminin inkişafına böyük töhfə olan "Qafqaz xalqlarının tarixi" (Bakı, 2006) adlı fundamental dərsliyin və "Qafqaz-tarixi ensiklopedik lüğət"in müəllifidir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-14 may.-S.6.