Ulu öndərin obrazı təsviri sənətdə

 

Tarixdə vətənpərvər, xalqına ürəkdən bağlı elə şəxsiyyətlər olub ki, dövran dəyişsə, vaxt, zaman keçsə , onlar unudulmur, ehtiramla xatırlanıb, yad edilirlər. Uzaqgörənliyi, idarəçiliyi, təşkilatçılığı ilə şöhrət, şərəf zirvəsinə ucalan ümummilli lider Heydər Əliyev belələrindəndir. O, Azərbaycanı dünyaya tanıtdı.

Ulu öndər söz, sənət ustalarının daha həvəslə işləmələrinə, yazıb-yaratmalarına qayğısını əsirgəmirdi. Öndərin dəfələrlə teatr tamaşalarına, sərgi salonlarına gəlməsini görmüşəm. Yadımdadır, o, görkəmli fırça ustası Mikayıl Abdullayevin fərdi sərgisində nümayiş olunan əsərlərə maraqla baxırdı. Sonra ustad sənətkarı təbrik edib dedi: "Mikayıl, tablolarına baxdım, çox sevindim. Sən rənglərin gücü, qüdrətiylə doğma təbiətimizi, torpağımızı, soydaşlarımızı olduqca gözəl təsvir etmisən". Həmin görüşdən az keçmiş rəsmi məlumat yayıldı ki, Mikayıl Abdullayev o zamanın ən ali təltifinə - SSRİ xalq rəssamı fəxri adına layiq görülüb.

1984-cü ilin payız fəsli idi. Moskvada məşhur sərgi salonlarının birində istedadlı rəssam Tahir Salahovun fərdi sərgisi keçirilirdi. Sərgiyə sənət, sənətkar qədri bilən böyük şəxsiyyət Heydər Əliyev gəlmişdi. Ulu öndər Azərbaycandan olan nümayəndələrlə görüşdü. Tahir Salahov bu səmimiyyətdən, hörmətdən kövrəldi. O dedi: "Yoldaş Əliyev, mən sənət uğurlarımı 70-80-ci illərdə, Sizin respublikamıza rəhbərlik etdiyiniz illərdə qazanmışam. İşinizin çoxluğuna baxmayaraq, bu gün əsərlərimə baxmağa gəlmisiniz. Diqqətiniz, qayğınız ömrümün son anına kimi yadımdan çıxmayacaq". Tahir müəllimin tarixi şəxsiyyətə istəyi, hörməti, sevgisi böyük idi. Onun yaratdığı "Heydər Əliyev sabahı düşünərkən" portreti insanı valeh edir, düşündürür. Tabloda dahi şəxsiyyətin baxışları çox inandırıcı mənalı tərənnüm olunub.

Ulu öndər həddən artıq qayğıkeş, həssas qəlbli, böyük ürəkli, sənətə, sənətkara hörmət edən, onların xidmətlərini lazımınca qiymətləndirən şəxsiyyət idi. Ötən əsrin 70-80-ci illərində 25 nəfərdən artıq fırça-tişə ustasına xalq rəssamı, 33 nəfərə əməkdar rəssam, 17 nəfərə əməkdar incəsənət xadimi fəxri adları verilmişdi. Bütün bunlar ümummilli liderin qayğısı sayəsində olmuşdu.

Neçə-neçə mədəniyyət mərkəzi, muzeyi, sərgi salonu məhz ulu öndərin sərəncamı ilə bərpa, təmir edilib. Dövlət Film Fondu yaradılıb. Dünya ölkələrinin arxivlərində saxlanılan lent təsvirləri vətənə gətirilib. Təsviri sənətimizdə yeni-yeni uğurlar qazanılıb. Hazırda Azərbaycan rəssamlarının yüzlərlə əsəri xarici ölkə muzeylərinin daimi eksponatlarıdır.

Ötən əsrdə fırça-tişə ustaları Leninqrada (Sankt-Peterburq), Moskvaya, Tbilisiyə peşə sənətini artırmağa, təhsil almağa gedərdi. İndi ulu öndər Heydər Əliyevin diqqəti, təşəbbüsü sayəsində respublikamızda Rəssamlıq Akademiyası yaradılıb. Həmin təhsil mərkəzində oxuyan gənclərin hər birinin sənət nümunələri zövq oxşayır, tarixi ənənəmizi uğurla davam etdirir.

Ulu öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra 10 nəfər fırça-tişə ustasına xalq rəssamı, 17 nəfərə əməkdar rəssam, 8 nəfərə əməkdar incəsənət xadimi fəxri adları verilib. 14 nəfər isə Prezident təqaüdünə layiq görülüb. İnanın, yaradıcı insanlara belə qayğıkeşlik dünyanın heç bir ölkəsində yoxdur. Bunun üçün təsviri sənət ustalarımız istedad bacarıqlarını kətan-kağız üzərində canlandırmağa, müstəqilliyimizin bugünkü tərəqqisini, xalqımızın gələcək xoşbəxtliyini təsvir, tərənnüm etməyə çalışırlar.

Oxuculara təqdim etdiyim Böyükxanım Dadaşovanın "Heydər Əliyev: dünən, bu gün, sabah" portreti ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Rəssam dahi şəxsiyyətin əzəmətli obrazını məharətlə təsvir edib. Əsərin üzünü istəyən xarici sənətsevərlərdən dəfələrlə təklif alıb. Biz bunu ulu öndərə böyük məhəbbətin, hörmətin əlaməti kimi qarşılamışıq.

Ulu öndər Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, onun müqəddəs əməlləri, insani dəyərləri, xeyirxahlığı, sənət-sənətkar sevgisi daim xalqımızın yaddaşında yaşayacaq. Əziz xatirəsi təsviri monumental əsərlərdə həmişə canlanacaq bu ənənə xalqımız durduqca davam edəcəkdir.

 

 

Rafiq Mehdiyev,

Respublika Rəssamlar

İttifaqının qrafika bölməsinin

sədri, xalq rəssamı

 

Azərbaycan.-2009.-14 may.-S.7.