Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Xarici Əlaqələr
Şurasının üzvlərini qəbul etmişdir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də ABŞ-ın Xarici Əlaqələr Şurasının üzvlərini qəbul etmişdir. Görüşdə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində danışıqların hazırkı vəziyyəti ilə əlaqədar verilən sualı belə cavablandırmışdır:
- Hazırda vəziyyətlə bağlı müxtəlif yanaşmalar, qiymətləndirmələr var. Bəzilərinə belə gələ bilər ki, biz razılaşmaya yaxınıq, digərləri isə iddia edə bilərlər ki, bu istiqamətdə hələ çox iş görülməlidir. Danışıqlarda irəliləyişə gəldikdə, mən bunu müsbət istiqamətdə gedən proses kimi dəyərləndirirəm və razılaşmanın müəyyən məsələləri ilə bağlı irəliləyişə nail olunmuşdur, hansı ki, bir neçə il əvvəl bu, mümkün deyildi. Lakin bu irəliləyiş məsələnin nizamlanmasına nail olmaq və razılaşmanın əldə edilməsi üçün kifayət etmir.
Münaqişənin
nizamlanmasına gəldikdə, bu, beynəlxalq hüquq
normalarının möhkəm əsasları üzərində
həll olunmalıdır. Münaqişə yalnız və
yalnız beynəlxalq hüquq normaları əsasında
nizamlanmalıdır. Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurası Ermənistan
qoşunlarının işğal olunmuş torpaqlardan
qeyd-şərtsiz çıxarılmasını tələb
edən 4 qətnamə qəbul etmişdir.
Torpaqlarımızın işğal faktı beynəlxalq
birlik tərəfindən tanınmışdır. Azərbaycanın
ərazi bütövlüyü də beynəlxalq səviyyədə
qəbul edilmiş və dəstəklənmişdir.
Ermənistan tərəfinin bir arqument kimi ortaya qoymağa çalışdığı öz müqəddəratını təyin etmək hüququ ilə bağlı demək istəyirəm ki, ermənilər Ermənistan dövlətini yaradarkən artıq bu hüquqdan istifadə etmişlər. Əgər onların bu məntiqlərinə əsaslanılarsa, dünyada xeyli sayda erməni dövləti yaranar. Bu, səhv yanaşmadır. Biz həmişə danışıqlarda Ermənistan tərəfinin diqqətini Helsinki Yekun Aktına yönəltməyə çalışırıq. Bu yekun aktında ərazi bütövlüyünün toxunulmazlığı və öz müqəddəratını təyinetmə hüquqları barədə müddəalar açıq şəkildə öz əksini tapmışdır: öz müqəddəratını təyinetmə hər hansı bir dövlətin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bütövlüyü prinsipini poza bilməz. Buna görə də münaqişədə nizama salınma, ilk növbədə, beynəlxalq hüquq normalarına əsaslanmalıdır ki, bu da öz növbəsində ərazi bütövlüyümüzü bərpa etməyə, orada ermənilərin və münaqişədən əvvəl Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhalinin öz torpaqlarına qayıdaraq sülh şəraitində yaşamasına imkan verəcəkdir. Bu gün Avropada sərhədlərin açıldığı və inteqrasiya proseslərinin getdiyi bir dövrdə heç bir ölkə öz gələcəyini təcrid olunmuş şəkildə qurmamalıdır. Bu gün Ermənistanın düşdüyü bu vəziyyəti onlar təcavüzkar siyasət həyata keçirməklə özləri yaratmışlar.
AzərTAc
Azərbaycan.-2009.-15 may.-S.1.