Azərbaycanın düzgün siyasəti bir daha təsdiqini
tapdı
Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin
yekunları iki dost və qardaş dövlətin əsrlərin
sınağından çıxan, analoqu olmayan strateji müttəfiqlik
münasibətlərinin yüksək dinamizmlə inkişaf
etdiyini və mühüm geosiyasi reallıqlarla şərtləndiyini
bir daha təsdiqləyir.
Səfərin təhlili xarici siyasətdə
oxşar mədəni-tarixi köklərə bağlı
türkdilli dövlətlərlə əməkdaşlığın
dərinləşdirilməsi xəttinə üstünlük
verən rəsmi Ankaranın bu kontekstdə Azərbaycanla
strateji əlaqələrə xüsusi əhəmiyyət
verdiyini göstərir.
Azərbaycan-Türkiyə strateji
müttəfiqliyi bütövlükdə Cənubi Qafqaz
regionunda sülh və sabitlik, habelə iqtisadi tərəqqi
üçün əsaslı zəminə çevrilib. Azərbaycanın beynəlxalq əməkdaşlığında
Türkiyə daim aparıcı mövqeyə malik olub, xarici
iqtisadi siyasətdə qardaş dövlətlə əlaqələrin
genişləndirilməsi xətti üstün istiqamət kimi
nəzərdən keçirilib. İndiyə qədər
ölkələrimiz arasında münasibətləri ən
müxtəlif sahələrdə tənzimləyən
çoxsaylı protokol və saziş imzalanıb,
genişmiqyaslı əməkdaşlıq üçün
sanballı normativ-hüquqi baza yaradılıb.
Fevral ayından etibarən
Türkiyə-Ermənistan sərhədlərinin
açılacağı ilə bağlı məlumatlar həm
qardaş ölkədə, həm də Azərbaycan cəmiyyətində
müəyyən narahatlığa səbəb olsa da, sonda rəsmi
Ankara bu xəbərlərin reallıqdan tamamilə kənar
olduğunu bəyan etdi. Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğanın Bakıda verdiyi
açıqlamalar isə bu mövzunu tamamilə qapadaraq hər
hansı spekulyativ yanaşmalara yer qoymadı. Cənab Ərdoğanın
həm dövlət başçısı İlham Əliyevlə,
həm də Milli Məclisin üzvləri ilə
görüşdə bəyan etdiyi kimi, Türkiyə-Azərbaycan
münasibətlərinə xələl gətirə biləcək
heç bir amil yoxdur. İki qardaş ölkənin regional və
beynəlxalq məsələlərdə mövqeyi
üst-üstə düşür. Hər iki
müttəfiq dövlət beynəlxalq təşkilatlarda
bir-birinin mövqeyini dəstəkləyir, diaspor təşkilatları
arasında əlaqələndirilmiş fəaliyyət var.
İki türkdilli ölkənin strateji müttəfiqliyindən
narahatlıq keçirən müəyyən dairələrin
nə deməsindən asılı olmayaraq, rəsmi
Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı mövqeyi də qəti
və birmənalıdır. Qardaş ölkənin rəhbərliyi
Azərbaycanın işğal olunmuş torpaqları azad
olunmayana qədər Ermənistanda diplomatik-siyasi münasibətlərin
qurulmayacağını bəyan edir və bu qətiyyətli
mövqeyə hamının güvənli
yanaşmasını istəyir.
Türkiyə
Baş nazirinin istər Türkiyənin özündə, istərsə
də Azərbaycanda müəyyən tərəddüd və
qınaqlarla qarşılanan məsələlərə
bütün təfsilatı ilə aydınlıq gətirməsi
mənəvi-psixoloji və siyasi baxımdan mühüm məqamdır.
İndi tam əminliklə
demək olar ki, Ermənistanın və erməni lobbisinin,
habelə Türkiyə ilə Azərbaycan arasında
münasibətlərin korlanmasını istəyən müəyyən
destruktiv qüvvələrin fitnəkar planları heç
vaxt baş tutmayacaq. Azərbaycan və Türkiyəni bir-birinə
sıx şəkildə bağlayan qardaşlıq və
dostluq telləri növbəti sınaqdan da uğurla
çıxdı.
Cənab Rəcəb Tayyib Ərdoğan
bir daha bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi
ədalətli həllini tapmayınca Türkiyənin Ermənistanla
sərhədləri açacağı barədə fikirlər
reallıqdan tamamilə uzaqdır. "Azərbaycanın
Dağlıq Qarabağ məsələsindəki həssaslığı,
həmçinin bizim də həssaslığımızdır.
Dağlıq Qarabağ məsələsində bu günə
qədər yol verilmiş bəzi möhtəkirliklər
Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin
hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz
mümkün deyildir. Bu günə qədər necə qəbul
edilməyibsə, bu gün də eyni şəkildə qəbul
edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra
da əsla qəbul edilməyəcəkdir. Çünki burada
bir səbəb-nəticə bağlılığı
vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir.
Sərhədlərin bağlanması bir nəticədir.
Dağlıq Qarabağ işğal edildiyi üçün
Türkiyə sərhədləri bağlamışdır.
İşğala son qoyulmayınca, bilavasitə sərhədlərin
açılması da mümkün deyildir. Bunu çox
açıq şəkildə bir çox yerdə ifadə
etdiyim kimi, bu gün Bakıda da bunu ifadə edirəm" -
deyən Ərdoğan bu məsələ ətrafında fitnəkarlığın
yolverilməz olduğunu vurğulayıb.
Türkiyə
Baş nazirinin Azərbaycana rəsmi səfəri və
Bakıda verdiyi qətiyyətli açıqlamalar Azərbaycan
ictimaiyyətinin bu məsələ ilə bağlı
narahatlığına son qoymaqla yanaşı, qardaş
dövlətin ikitərəfli strateji müttəfiqlik
münasibətlərinə xələl gətirəcək
hansısa
addım atmaq niyyətindən uzaq olduğunu göstərir.
Bununla rəsmi Ankara regionda güvənməli həqiqi
müttəfiqinin məhz Azərbaycan olduğunu da birmənalı
nümayiş etdirdi. Cənab Rəcəb Tayyib Ərdoğanın
səfəri zamanı həmçinin məlum oldu ki,
Türkiyə indiki halda Ermənistanla sərhədləri
açmağın nə Azərbaycan, nə də türk
xalqının marağına uyğun olmadığını
yaxşı başa düşür. Yalnız bu səbəbdən
ki, Ermənistan Türkiyəyə qarşı əsassız ərazi,
habelə qondarma "soyqırımı" iddialarından əl
çəkməyib, eyni zamanda, Azərbaycana qarşı
işğalçılıq, soyqırımı və terror
siyasətini davam etdirir. Belə olan halda, rəsmi Ankara təcavüzkar
dövlətlə hər hansı regional əməkdaşlığı,
o cümlədən diplomatik əlaqələrin
qurulmasını birmənalı istisna edir. Türkiyənin
BMT, İKT, Avropa Şurası kimi təşkilatlar tərəfindən
təcavüzkar dövlət kimi tanınan Ermənistanla sərhədləri
açmamaq üçün kifayət qədər hüquqi və
siyasi əsasları da mövcuddur.
Rəsmi Ankaranın qətiyyətli
və aydın mövqeyi Azərbaycan tərəfindən də
razılıqla qarşılanır. Dövlət
başçısı İlham Əliyev Türkiyə Baş
nazirinin açıqlamalarından sonra xüsusi
vurğulayıb ki, Azərbaycan cəmiyyətində bu məsələ
ilə bağlı hansısa narahatlığa əsas
qalmayıb: "...Yəqin bu, heç kim üçün
sirr deyil, son aylar ərzində Azərbaycan cəmiyyətində
müəyyən mənada bir narahatlıq hissləri var idi. O
hisslərin yəqin ki, müəyyən təbii səbəbləri
də var idi. Ancaq ən önəmlisi odur ki,
hesab edirəm və bu gün mən üzümü Azərbaycan
xalqına tutub bunu demək istəyirəm ki, heç bir
şübhə üçün, heç bir başqa fikir
üçün, möhtəkirlik üçün yer
qalmadı. Türkiyə hökumətinin
başçısı, Türkiyə Cümhurbaşqanı dəfələrlə
bu məsələyə aydınlıq gətirmişlər və
bu gün dəyərli qardaşım cənab Baş nazirin
sözləri, bir daha demək istəyirəm ki, bunun ən
gözəl cavabıdır".
İki qardaş ölkə
arasında psixoloji diskomfort yaradan
anlaşılmazlığın tamamilə aradan qalxması
ikitərəfli münasibətlərin perspektiv
inkişafı baxımından da vacib amildir. Azərbaycan və
Türkiyənin dövlət rəhbərlərinin Bakıda
apardıqları danışıqlar münasibətlərin
möhkəm təməl üzərində uğurla
inkişaf etdiyini bir daha təsdiqlədi. Aparılan
danışıqlar zamanı münasibətlərin
bütün istiqamətlərdə sürətlə
inkişaf etdiyi vurğulandı, habelə mövcud əlaqələrin
genişlənməsinin regional əməkdaşlığın
möhkəmlənməsi baxımından əhəmiyyəti
önə çəkildi.
Səfər zamanı aparılan
danışıqlarda iki ölkə arasında energetika sahəsində
əməkdaşlığa dair məsələlər də
müzakirə olunub. Hazırda dünya bazarında təbii
qazın 1 kubmetrinin qiyməti 400 dollardan çox olduğu
halda, Azərbaycanın mavi yanacağını Türkiyəyə
əvvəlki kimi 120 dollardan satması kommersiya prinsipləri
baxımından ədalətli deyil. Məhz buna görə də
rəsmi Bakı qiymətlərə yenidən baxılması
ilə bağlı qardaş ölkənin rəhbərliyi ilə
danışıqlara başlayıb. Lakin bu
danışıqlar Türkiyə-Ermənistan sərhədlərinin
açılacağı ilə bağlı yayılan məlumatlardan
xeyli əvvəl başlayıb. Dövlət
başçısı İlham Əliyev də təbii
qazın qiymətinə yenidən baxılması məsələsinin
çoxdan müzakirə edildiyini, bunun son aylarda regionda
yaranmış vəziyyətlə bağlı heç bir əlaqəsinin
olmadığını vurğulayıb.
Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğan öz növbəsində Azərbaycanın
təbii qazın qiymətlərinə yenidən
baxılması ilə bağlı mövqeyinin
başadüşülən olduğunu vurğulayıb:
"Təbii ki, ilk müqavilə bağlandığı
zamandan bu rəqəm bu işin başladığı vəziyyətdədir.
İndiki halda, təbii ki, mən bu rəqəmin ədalətli
olduğunu hesab etmirəm. Ədalətli rəqəm deyil. Ona
görə biz bu gün dəyərli qardaşım, hörmətli
Cümhurbaşqanı Əliyevlə bu söhbətləri
etdik. ARDNŞ-nin başçısı hörmətli
Rövnəqlə enerji nazirim bu gün görüşəcəklər
və bu görüşmələrdən sonra, inşaallah,
bunu daha ədalətli bir rəqəmə
çatdıracağıq".
Ümumiyyətlə,
səfərin yekunları deməyə əsas verir ki, Azərbaycan
və Türkiyə arasındakı münasibətlər
ümummilli lider Heydər Əliyevin "Bir millət iki
dövlət" devizinə uyğun olaraq yüksələn
templə inkişaf edir və heç bir amil bu əməkdaşlığa
mənfi təsir göstərəcək gücündə
deyil. Ən başlıcası, Azərbaycan rəhbərliyinin
düzgün mövqeyi, düşünülmüş xarici
siyasət kursu iki ölkə arasında dostluq və
qardaşlıq prinsiplərinə əsaslanan münasibətlərin
daha da möhkəmlənməsində mühüm rol
oynayır.
S.Elmanoğlu
Azərbaycan.-2009.-15 may.-S.1.