Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva təşkilatın
xoşməramlı səfirlərinin
illik toplantısında
iştirak etmişdir
Mayın 14-də Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısı keçirilmişdir. Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva toplantıda iştirak etmişdir.
Mehriban Əliyevanı YUNESKO-nun mənzil-qərargahında təşkilatın yüksək vəzifəli şəxsləri səmimiyyətlə qarşıladılar.
YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısı təşkilatın təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəaliyyətinin əlaqələndirilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Toplantı ölkəmizdə də həmin sahələrdə həyata keçirilən proqram və layihələr, əldə olunan uğurlar, qarşıda duran vəzifələr barədə məlumat vermək üçün çox önəmli auditoriyadır.
Toplantını YUNESKO-nun baş direktoru Koişiro Matsuura açdı. O, ötən dövrdə həyata keçirilən layihələr, görülən işlər barədə xoşməramlı səfirlərə məlumat verdi. Bildirildi ki, xoşməramlı səfirlər ailəsinə iki yeni üzv qəbul edilib. Onlar Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko və Kamerunun birinci xanımı Şantal Biyadır. Baş direktor yeni xoşməramlı səfirləri bir daha təbrik etdi.
Koişiro Matsuura YUNESKO-nun dünyada təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrlə bağlı problemlərin həllini daim diqqətdə saxladığını, müxtəlif dövlətlər və beynəlxalq qurumlar arasında bu istiqamətdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını dedi.
YUNESKO-nun baş direktoru bu ilin martında Azərbaycanda səfərdə olduğunu, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birgə Beynəlxalq Muğam Mərkəzinin və 1-ci Beynəlxalq Muğam Festivalının açılışında iştirak etdiyini bildirdi. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən festivalın böyük dinləyici auditoriyası topladığını diqqətə çatdıran Koişiro Matsuura vurğuladı ki, bu fond Azərbaycanın inkişafı naminə böyük işlər görür, muğam sənətinin qorunması, inkişafı və təbliği ilə bağlı həyata keçirilən tədbirlər baxımından çox uğurludur. Koişiro Matsuura bildirdi ki, muğam dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil edilib və onun inkişafı diqqət mərkəzindədir. Baş direktor Azərbaycan xalqının daha bir musiqi sənətinin - aşıq musiqisinin həmin siyahıya daxil edilməsi istiqamətində iş getdiyini, bu ilin oktyabrında Abu-Dabidə Dünya Qeyri-Maddi Mədəni İrs Komitəsinin iclasında məsələyə baxılacağını bildirdi.
Koişiro Matsuura xoşməramlı səfirlərin ictimai-siyasi həyatdakı fəallığını yüksək qiymətləndirdi və YUNESKO-nun işinə töhfə verdiklərini dedi.
YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva toplantıda çıxış etdi.
Heydər Əliyev Fondunun ötən ilki fəaliyyəti barədə məlumat verən Mehriban Əliyeva dedi ki, qurum mədəniyyət, təhsil və sosial sahələrdə bir sıra böyük layihələri uğurla həyata keçirmişdir. Bir neçə gün bundan əvvəl isə Heydər Əliyev Fondunun beşilliyi qeyd edilib. Bu münasibətlə biz beş il ərzində fond tərəfindən görülən işləri əks etdirən kitab nəşr etmişik. Kitab Heydər Əliyev Fondunun məqsədlərini açıqlayır və həyata keçirilmiş layihələr haqqında ətraflı məlumat verir. Bu gün həmin kitabın nüsxələri toplantı iştirakçılarına paylanıb.
Təhsil, səhiyyə və mədəniyyət sahələrində son beş il ərzində gördüyümüz işlər Heydər Əliyev Fonduna həm Azərbaycanda, həm də beynəlxalq ictimaiyyət arasında hörmət və ehtiram qazandırmışdır deyən Azərbaycanın birinci xanımı bildirdi ki, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatla sıx əməkdaşlığı təqdirəlayiqdir.
Mehriban Əliyeva Bakıda Beynəlxalq Muğam Mərkəzinin açıldığını, Heydər Əliyev Fondunun dəstəyi ilə mart ayında Beynəlxalq Muğam Festivalının keçirildiyini söylədi.
Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun digər xalqların da mədəni irsinin qorunmasına kömək göstərmək niyyətindən danışdı və Afrika dövlətlərinin qeyri-maddi mədəni irsinin qorunması layihəsinə maliyyə yardımı göstərməyə hazır olduğunu bildirdi. Dörd ay üçün nəzərdə tutulmuş bu layihə Afrika dövlətlərindən 26 mütəxəssisi mədəni irsin qorunması sahəsində formalaşdırmaq məqsədi daşıyır.
Xoşməramlı səfir Mehriban Əliyeva YUNESKO ailəsinin üzvü olmaqdan böyük şərəf hissi duyduğunu dedi. Azərbaycanın birinci xanımı YUNESKO ideallarının, prinsiplərinin həyata keçirilməsində göstərdiyi şəxsi səylərinə görə təşkilatın baş direktoru Koişiro Matsuuraya minnətdarlığını bildirdi.
* * *
İordaniya şahzadəsi, xoşməramlı səfir xanım Ferial təhsil sahəsində problemlərin həllinin, dünyada savadsızlığın qarşısının alınmasının zəruriliyini diqqətə çatdırdı.
Litva Prezidenti, xoşməramlı səfir Valdas Adamkus da eyni mövqedən çıxış edərək bildirdi ki, indi məktəblərdə kompüter texnologiyalarının tətbiqi, internetdən istifadə yaxşı təhsil üçün baza rolunu oynaya bilər.
Kamerunun birinci xanımı, xoşməramlı səfir Şantal Biya isə rəhbərlik etdiyi fondun təhsil sahəsində gördüyü işlərdən danışdı.
YUNESKO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis səhiyyə sahəsində görülən işlərə diqqət çəkdi. O, ölkəsində - Yunanıstanda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün yaradılan şərait və onlara qayğı layihələrindən bəhs etdi. Prezident İlham Əliyevin bu ilin əvvəlində Yunanıstana dövlət səfəri zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həmin uşaqları ziyarət etdiyini, onların valideynləri ilə görüşdüyünü diqqətə çatdırdı.
YUNESKO-nun xoşməramlı səfirləri dünyanın münaqişələrdən əziyyət çəkən bölgələrində təhsil, səhiyyə və mədəni irsin qorunması ilə bağlı layihələrin həyata keçirilməsi, bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi fikrində yekdil oldular. Onlar Əfqanıstan, İraq, Livan, Qəzzə zolağı və bəzi Afrika ölkələrində təhsil və səhiyyə sahəsində yaranan böhranın aradan qaldırılması ideyasını dəstəklədiklərini, bu sahələrlə bağlı infrastrukturun yaradılması və mövcud olanların bərpası üçün irəli sürülmüş təşəbbüsə qoşulduqlarını bəyan etdilər.
Yığıncağın sonunda xoşməramlı səfirlər xatirə şəkli çəkdirdilər.
Yeri gəlmişkən qeyd edək ki, YUNESKO-nun nəşrlərində ölkəmiz və Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevanın fəaliyyəti haqqında geniş məlumatlar yer almışdır. YUNESKO-da Azərbaycanla bağlı keçirilən mərasimlər, ölkəmizin zəngin mədəniyyəti, tarixi irsi haqqındakı bu nəşrlərdə böyük Avropa ailəsinin üzvü olan respublikamızda Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən, həyata keçirdiyi layihələrdən və onların əhəmiyyətindən söhbət açılır.
Yığıncaq başa çatandan sonra YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın adından xoşməramlı səfirlərin şərəfinə nahar verildi.
Nahar zamanı YUNESKO-nun baş direktorunun fəaliyyətindən, onun ölkəmizə səfərlərindən bəhs edən filmin nümayişi oldu. Heydər Əliyev Fondunun təqdim etdiyi filmdə Koişiro Matsuuranın fəaliyyətinin müxtəlif istiqamətlərinə nəzər salınmış, YUNESKO-nun inkişafındakı xidmətləri xüsusi vurğulanmışdır.
Filmin nümayişindən sonra Koişiro Matsuura Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.
Mehriban Əliyeva Koişiro Matsuuraya xatirə hədiyyəsi təqdim etdi.
Azərbaycanın birinci xanımı Bakıda keçirilən birinci Beynəlxalq Muğam Festivalının disk-kataloq toplusunu da YUNESKO-nun baş direktoruna hədiyyə etdi.
Əsgər Əliyev,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2009.-15 may.-S.2.