Məhkəmə və ədliyyə sistemində mütərəqqi
islahatların banisi
Tarix
sübut edir ki, zamanın nəbzini tutmağı, hadisələrə
real qiymət verməyi, siyasi potensialını dəyərləndirməyi
bacaran liderlər cəmiyyətdəki prosesləri
düzgün istiqamətləndirməyə nail olur, təmsil
etdikləri xalqları zamanın ən sərt
fırtınalarından, çətin sınaqlarından
üzüağ çıxarır, millətin xilaskarına
çevrilirlər. Müdrik və təcrübəli dövlət
xadimləri ən ekstremal şəraitlərdə belə,
çətin vəziyyətdən az itki ilə
çıxış yolu tapmaqla optimal qərarlar qəbul
edir, həyatını riskə atmaqdan çəkinmir. Bu nöqteyi-nəzərdən
ulu öndər Heydər Əliyev də 40 illik siyasi fəaliyyəti
dövründə üzləşdiyi bütün çətinlikləri,
maneələri, problemləri mətinliklə dəf edən,
məğlubiyyəti yaxınına buraxmayan, inamlı qərarları
ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan
millət fədaisi, sərkərdə və lider kimi
xatırlanır.
Bu gün Heydər Əliyev
dühası həyatının mənasını xalqa və
dövlətə təmənnasız xidmətdə görən
millət atası kimi hər bir azərbaycanlının qəlbində
yaşayır və dərin rəğbətlə yad edilir.
Ulu öndərin əbədiyyətə qovuşmasından
ötən zaman kəsiyi bizə bu fövqəlşəxsiyyətin
çağdaş Azərbaycan və dünya tarixindəki
yerini və rolunu daha dərindən anlamaq, onun həyata
keçirdiyi siyasətin mahiyyətini dərindən dərk
etmək, qiymətləndirmək imkanı vermişdir.
Ümummilli lider Heydər Əliyevin hələ
sağlığında əfsanəvi və xarizmatik şəxsiyyətə
çevrilməsində onun millətinin mənafeyi naminə həyatını
hər cür riskə atması, sözünü məqamında
deməyi bacarması, milli ideallar uğrunda mübarizədə
yüksək qətiyyət və prinsipiallıq göstərməsi
kimi xarakterik xüsusiyyətləri mühüm rol
oynamışdır. Məhz bu bütöv və prinsipial
xarakteri sayəsində ulu öndər, harada olursa-olsun, hadisələrin
fövqündə dayanaraq idarəçilik qabiliyyətini gbstərə
bilmiş, lider imicini qorumuşdur. Xalqa layiqli rəhbərlik
missiyası onun xarakterindən, dünyagörüşündən,
yaradıcılıq enerjisindən, qurub-yaratmaq həvəsindən
mayalanmışdır.
Zamanın nəbzini
tutmağı, hadisələrə real qiymət verməyi
bacaran liderlər cəmiyyətdəki siyasi prosesləri
istiqamətləndirməyə nail olur, milli inkişafın əsasına
çevrilən cəlbedici proqram və konsepsiyaların
müəllifinə çevrilirlər. Böyük siyasi lider
daim öz cəsarəti, çevik və rasional qərarları,
ən çətin situasiyalarda optimal çıxış yolu
tapmaq məharəti ilə seçilən parlaq şəxsiyyətdir.
O, yalnız enerjisi və natiqlik məharəti ilə deyil, həm
də çevrəsində olan insanları cəmiyyətin
inkişafı naminə düzgün istiqamətləndirmək
bacarığı ilə fərqlənir, daim haqqa-ədalətə
tapınır. Ulu öndər Heydər Əliyev də belə
şəxsiyyətlərdən biri olaraq insan
hüquqlarını müxtəlif iqtisadi və siyasi sistemlərin,
ideologiyaların və mədəniyyətlərin mövcud
olduğu dünyada toplumları, xalqları, cəmiyyətləri
birləşdirən, onlara humanist dəyərlər
aşılayan əsas meyar kimi qiymətləndirmişdir. Məhz
bu zəngin mənəvi keyfiyyətləri sayəsində
Heydər Əliyev ictimai fikirdə hər zaman xilaskarlıq
mücəssəməsi kimi qəbul olunmuşdur. 1993-cü
ilin iyununda vətəndaş qarşıdurması, xoas və
anarxiya burulğanına sürüklənərək canı,
qanı bahasına əldə etdiyi müstəqilliyini itirmək
təhlükəsilə üzləşən müdrik
xalqımız çıxış yolunu məhz ümummilli
liderin Azərbaycanda rəhbərliyə qayıtmasında
görmüşdür. Belə bir taleyüklü mərhələdə
xalq düzgün tarixi seçimini etmiş, Avropa dəyərləri,
normaları və standartları əsasında hüquqi,
demokratik, dünyəvi dövlət quruculuğu və vətəndaş
cəmiyyətinin formalaşdırılması yolunu
tutmuşdur. 1993-cü ilin 15 iyununda Ali Sovetin sədri
seçilən ulu öndər Heydər Əliyev demişdir:
"Azərbaycan Respublikasının dövlət müstəqilliyi
ən əsas məsələdir. Müstəqil Azərbaycanda
demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə
geniş yol verilməlidir. Azərbaycan Respublikasında
Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir.
Dövlət quruculuğu və cəmiyyətin formalaşması
məhz demokratik prinsiplər əsasında olmalıdır.
Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət,
insan azadlığı, insan hüquqlarının qorunması
və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri
bərqərar olmalıdır. Yəni, bizim respublikamız bir
il bundan öncə başladığı yolla getməkdə
davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla
bizim respublika daha qətiyyətlə getməlidir. Əmin
olmalısınız ki, mən bu yola həmişə sadiq
olacağam".
Həmin dövrdən etibarən
Azərbaycanın xarici siyasətində Avrostrukturlara
inteqrasiya istiqamətində həyata keçirilən kompleks
tədbirlər müstəqil respublikamızın dünyəvi
dövlət quruculuğu sahəsində bu qurumların təcrübəsindən
bəhrələnmək imkanlarını daha da
artırmışdır. Ulu öndər Heydər Əliyevin
dahi siyasətçi və dövlət xadimi kimi göstərdiyi
diplomatik səylər, respublikamızın beynəlxalq
nüfuzunun yüksəlməsi istiqamətində atılan
addımlar, eləcə də ölkəmizin siyasi fəallığının
artması, ictimai həyatın hərtərəfli demokratikləşdirilməsinə
yönələn islahatlar respublikada insan hüquq və
azadlıqlarının təmini və məhkəmə-hüquq
islahatlarının reallaşdırılması prosesinə
yeni impulslar vermişdir.
Ulu öndər Heydər Əliyev
dünya təcrübəsinə əsaslanaraq böyük
müdrikliklə vurğulamışdır ki, yeni siyasi şəraitdə
hüquqi və demokratik dövlətin qurulması möhkəm
ədliyyə sisteminin formalaşdırılması ilə
sıx bağlıdır. Həqiqi mənada möhkəm ədliyyə
sistemi olan dövlətlərdə vətəndaşların
hüquq və azadlıqları, qanun qarşısında bərabərliyi,
ən başlıca hüququn aliliyi yüksək səviyyədə
təmin olunur. Ümummilli liderin təşəbbüsü ilə
Ədliyyə Nazirliyinin üzərinə yeni vəzifələr
qoyulmuş, nazirlik dövlətin hüquq siyasətini həyata
keçirən əsas orqanlardan birinə çevrilmişdir.
Böyük strateq Heydər Əliyevin "İslah-əmək
müəssisələrində və istintaq təcridxanalarında
qanunçuluğun möhkəmləndirilməsi, cəzaların
icrasının təmin edilməsi və hüquqi
islahatların həyata keçirilməsinə dair tədbirlər
haqqında" 1999-cu il 11 fevral tarixli, "Azərbaycan
Respublikasında hüquqi islahatların həyata keçirilməsi,
məhkəmələrin, islah-əmək müəssisələrinin
və istintaq təcridxanalarının işinin
yaxşılaşdırılması ilə əlaqədar əlavə
tədbirlər haqqında", eləcə də "Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə
verilməsi haqqında" 1999-cu il 9 oktyabr tarixli fərmanları
respublikada ədliyyə sahəsində köklü
islahatların aparılmasında dönüş nöqtəsi
olmuşdur.
Bu gün fəxarət hissi ilə
deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu məhkəmə-hüquq islahatları son 5 ildə
onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən inamla davam etdirilir. İctimai
münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət
həyatındakı mühüm yeniliklər hüquq sistemində
də təkmilləşdirilməsini tələb edir.
Dövlət başçısı peşəkar siyasətçi
kimi bu amili ciddiliklə nəzərə alır və
sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin
demokratik şüur səviyyəsinin yüksəlməsinə
paralel olaraq qanunların liberallaşdırılmasını,
məhkəmələrin və ədliyyə sisteminin fəaliyyətinin
müasirləşdirilməsini vacib sayır. Respublikada inamla
həyata keçirilən məhkəmə-hüquq
islahatlarının qısa müddətdə mühüm nəticələr
verməsi isə müəyyən mənada ədliyyə
sisteminin mütərəqqi mahiyyəti ilə
bağlıdır. Azərbaycanda yeni dövrün tələblərinə
adekvat olaraq həyata keçirilən ədliyyə
islahatları ölkənin hüquq sisteminin müasirləşdirilməsinə,
habelə ədliyyə orqanlarının cəmiyyətdəki
nüfuz və mövqeyinin möhkəmlənməsinə
xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyev
nazirliyin fəaliyyətinin normativ hüquqi əsaslarının
təkmilləşdirilməsi məqsədilə hələ
18 aprel 2006-cı il tarixli fərmanı ilə "Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"ni
təsdiq etmişdir. 2006-cı ilin mayında Azərbaycan
Prezidentinin qanunvericilik təşəbbüsü əsasında
Milli Məclisdə "Ədliyyə orqanlarında qulluq,
keçmə haqqında" qanun qəbul edilmişdir. Qanunun
2-ci fəsli ədliyyə orqanlarına qulluğa qəbul,
işçilərin vəzifəyə təyin və vəzifədən
azad edilməsi məsələlərinə həsr
olunmuşdur. Burada müvafiq vəzifənin tələblərinə
uyğun peşə hazırlığına malik olan Azərbaycan
Respublikası vətəndaşının şəffaflıq
təmin edilməklə müsabiqə və ya müsahibə
əsasında ədliyyə orqanlarına qulluğa qəbul
edilmək hüququ təsbit edilmişdir. İlk dəfə ədliyyə
orqanlarına qəbul edilən şəxslər
üçün stajorluq və sınaq keçmə müddəti,
həmçinin işə başlamamışdan əvvəl
Azərbaycan Respublikasının dövlət bayrağı
önündə andiçmə mərasimi keçirmək nəzərdə
tutulmuşdur. Qanunun 7-ci fəslində ədliyyə sisteminin
mühüm tərkib hissəsi olan penitensiar xidmətdə
qulluq keçmənin xüsusiyyətləri müəyyən
edilmişdir.
Belə bir qanunun imzalanması
göstərir ki, nazirliyin çoxşaxəli fəaliyyət
istiqamətləri sırasında kadrlarla iş mühüm
yer tutur. Ədliyyə orqanlarını zəruri peşəkarlığa,
sağlam mənəviyyata, yüksək hazırlığa
malik işçilərlə möhkəmləndirmək,
onların təşəbbüskarlıq və təşkilatçılıq
bacarıqlarını inkişaf etdirmək, zəruri kadr
ehtiyatı formalaşdırmaq əsas məqsədlər
sırasındadır. Bunun üçün ədliyyə
sisteminə işə qəbulun aşkarlıq şəraitində,
şəffaf üsullarla həyata keçirilməsi də təmin
olunmuşdur. 2006-cı ildə dövlət qulluğunun
xüsusi növü olan ədliyyə orqanlarına qulluğa
qəbulun müsabiqə və şəffaflıq əsasında
həyata keçirilməsi qərara alınmış,
dekabrın 9-da Azərbaycan ədliyyəsinin tarixində ilk dəfə
olaraq ədliyyə orqanlarında işləmək istəyən
namizədlərlə test imtahanı keçirilmişdir.
Dövlət
başçısının "Ədliyyə
orqanlarının inkişafı haqqında" 17 avqust
2006-cı il tarixli fərmanı isə nazirliyin yeni strukturunun
təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşməsi
istiqamətində yeni imkanlar açmışdır. Belə
bir fərmanın imzalanması, dövlət
başçısının ölkədə güclü ədliyyə
sisteminin formalaşmasında maraqlı olduğunu təsdiqləmişdir.
Ötən müddətdə fərmandan irəli gələn
vəzifələrin icrası ilə bağlı konkret işlər
görülmüş, o cümlədən normativ sənədlərin
hazırlanması üzrə təcrübəli ədliyyə
işçilərindən ibarət xüsusi işçi
qrup yaradılmış, mərkəzi aparatın yeni strukturu,
onun tərkibinə daxil olan baş idarə və idarələrin
əsasnamələri təsdiq edilmiş, ədliyyə orqanlarının
ştat sayı xeyli artırılmış, müvafiq əmrlə
həmin ştat vahidlərinin aidiyyəti xidmətlər
üzrə bölgüsü aparılmış və əsasən
bütün qurumların strukturu və ştat sayı təsdiq
olunmuşdur.
Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına
dair 2009-2013-cü illər üçün Dövlət
Proqramı" isə milli ədliyyə sisteminin müasirləşdirilməsi
və fəaliyyətinin daha da təkmilləşdirilməsi
istiqamətində indiyədək həyata keçirilmiş
məqsədyönlü və ardıcıl tədbirlər
sisteminin uğurlu davamıdır. Dövlət proqramı
aktuallığına, əhatə etdiyi məsələlərin
miqyasına, ədliyyə sahəsində həllini gözləyən
problemlərə kompleks yanaşma mexanizmlərinə görə
xüsusilə fərqlənir.
"Azərbaycan ədliyyəsinin
inkişafına dair 2009-2013-cü illər üçün
Dövlət Proqramı" ədliyyə sahəsində daha
sürətli inkişafı təmin etmək
üçün əsas vəzifələri, istiqamətləri
və yerinə yetirilməli olan tədbirləri müəyyən
edir. Dövlət proqramının məqsədi Azərbaycan
Respublikasının ədliyyə sahəsində dövlət
siyasətinin daha uğurla həyata keçirilməsini, ədliyyə
orqanlarının və məhkəmələrin dinamik
inkişafını təmin etməkdən ibarətdir.
Proqramın əsas vəzifələri sırasına isə ədliyyə
sahəsində islahatların davam etdirilməsi və bu sahədə
inkişafın təmin edilməsi, ədliyyə sistemində
və məhkəmələrdə yeni informasiya və
kommunikasiya texnologiyalarının tətbiq edilməsi
işinin sürətləndirilməsi, müasir tələblərə
cavab verən yeni iş prosesinin təşkil edilməsi, cəzaçəkmə
müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi,
ədliyyə sisteminin və məhkəmələrin
infrastrukturunun yeniləşdirilməsi və maddi-texniki
bazasının möhkəmləndirilməsi, vətəndaşların
ədliyyə orqanlarına və məhkəmələrə
müraciət etmək imkanlarının genişləndirilməsi
və digər məsələlər daxildir.
"Azərbaycan ədliyyəsinin
inkişafına dair 2009-2013-cü illər üçün
Dövlət Proqramı" milli ədliyyə sistemi ilə
yanaşı, həm də məhkəmə
orqanlarının müasirləşdirilməsi, fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində indiyədək
həyata keçirilmiş məqsədyönlü və
ardıcıl tədbirlər sisteminin uğurlu
davamıdır. Dövlət proqramının imzalanması ədliyyə
orqanlarının və məhkəmələrin dinamik
inkişafının təmin edilməsi, yeni informasiya və
kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi və
maddi-texniki təminatın yaxşılaşdırılması,
kadr potensialının gücləndirilməsi məqsədi
daşıyır. Dövlət proqramının 6-cı hissəsində
məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi
və infrastrukturunun yaxşılaşdırılması sahəsində
bir sıra tədbirlər nəzərdə tutulmuşdur.
2009-2013-cü illərdə məhkəmələrin fəaliyyətini
tənzimləyən normativ hüquqi aktlar
külliyatının və onların şərhinə dair vəsaitlərin
hazırlanması, "Ədliyyə sisteminin müasirləşdirilməsi"
layihəsi çərçivəsində məhkəmə
fəaliyyətində, o cümlədən işlərin
qeydiyyatı və hərəkətində, məhkəmə
proseslərinin aparılmasında yeni texnologiyaların tətbiqi,
habelə məhkəmələrin maddi-texniki bazasının
yaxşılaşdırılması və onlar
üçün lazımi iş şəraitinin təmin edilməsi,
yeni yaradılmış Bakı, Gəncə, Sumqayıt,
Şirvan və Şəki apellyasiya məhkəmələrinin
inzibati binalarla təmin edilməsi nəzərdə tutulur.
Ümumilikdə, dövlət proqramı ədliyyə
orqanları ilə yanaşı, məhkəmələrin də
fəaliyyətinin müasirləşdirilməsinə və təkmilləşdirilməsinə
yeni imkanlar açır.
Ötən 5 ildə aparılan
islahatlar göstərir ki, Azərbaycanda qanunun aliliyinin təminatı,
ədliyyə orqanlarının dövlət idarəçilik
mexanizmində nüfuzlu təsisat kimi təşəkkül
tapması, o cümlədən ədalət mühakiməsinin
həyata keçirilməsi zamanı insan hüquq və
azadlıqlarının müdafiəsinin yüksək səviyyədə
təşkili, peşəkar hakim korpusunun
formalaşdırılması, məhkəmələrin fəaliyyətində
şəffaflığın təmin edilməsi və digər
konseptual məsələlərin həlli dövlət
başçısının xüsusi diqqət mərkəzindədir.
Dövlət başçısının inamla həyata
keçirdiyi ədliyyə və məhkəmə
islahatları respublikamızda qanunçuluğun, hüquq
qaydalarının daha da möhkəmlənməsinə, habelə
Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin
yüksəlməsinə xidmət edir.
Mirzə Xankişiyev,
Ağır Cinayətlərə Dair
İşlər üzrə Azərbaycan
Respublikası
Məhkəməsinin hakimi
Azərbaycan.-2009.-15 may.-S.3.