Heydər Əliyevin
dahiliyi sağlığında
etiraf edilmişdir
Moskvada, Rusiya Dövlət
Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində
ümummilli lider Heydər Əliyevin anadan olmasının
86-cı ildönümünə həsr olunmuş gecə
keçirilmişdir. Tədbiri Heydər Əliyev Fondunun Rusiyadakı
nümayəndəliyi təşkil etmişdir.
Rusiya Dövlət
Kitabxanasının direktoru Viktor Fyodorov gecəni açaraq
bildirmişdir ki, Heydər Əliyev SSRİ, Azərbaycan, həm
də Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi
üçün çox işlər görmüşdür.
Heydər Əliyevin fəaliyyətinə necə yüksək
qiymət verilirsə-verilsin, yenə də azdır,
çünki ən yüksək qiyməti tarixin özü
verir. O demişdir: "Artıq aydındır ki, Heydər Əliyev
tərəfindən qoyulmuş təməlin əsasında həm
müasir geosiyasi vəziyyəti ən incəliyinə qədər
bilən dövlət xadiminin, həm öz vətənini
ürəkdən sevən bir insanın müdrikliyi durur".
Azərbaycan Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin bölmə müdiri Fuad Axundov gecədə
çıxış edərək əməkdaşlığa
görə kitabxananın rəhbərliyinə minnətdarlığını
bildirmiş və demişdir ki, ümummilli lider Heydər Əliyevin
anadan olmasının ildönümü şərəfinə
belə bir tədbirin Rusiya kitabxanasında keçirilməsi
rəmzi xarakter daşıyır, çünki Heydər Əliyev
mədəniyyətin, mənəvi kamilliyin inkişafına,
vahid mədəni məkanın saxlanılmasına
böyük töhfələr vermişdir. Rusiyanın mədəniyyət
xadimləri və ziyalıları bunu yaxşı
xatırlayırlar. F.Axundov ümummilli liderin Moskvada
insanların iqtisadi və sosial həyatının bir sıra
sahələrini əhatə edən çoxşaxəli fəaliyyətindən,
habelə ciddi iş aparan, xeyriyyə aksiyaları təşkil
edən, təhsil və gənclərlə bağlı layihələr
həyata keçirən Heydər Əliyev Fondunun və onun
Rusiya nümayəndəliyinin gördüyü işlərdən
söhbət açmışdır. O demişdir: "Heydər
Əliyev ölkəni xilas etmiş və müasir Azərbaycanın
təməlini qoymuşdur. Bu gün dövlətimizin
başçısı İlham Əliyev ulu öndərin
başladığı işləri uğurla davam etdirir. Azərbaycan
ən qabaqcıl ölkələrlə bir sırada durur.
Bütün bunlar böyük Heydər Əliyevin xalqı bir
araya gətirməsi, ölkəni səfərbər etməsi
sayəsində mümkün olmuşdur".
Çıxış edənlər
insanların ürəklərində silinməz izlər
qoymuş Azərbaycan xalqının ulu öndərini sonsuz səmimiyyət
və məhəbbətlə xatırlayaraq bildirmişlər
ki, Heydər Əliyevlə görüşmək və onunla
ünsiyyətə girmək həyatlarında ən parlaq və
unudulmaz məqamlar olmuşdur.
Azərbaycanın və
Rusiyanın əməkdar incəsənət xadimi Janna
Dozortseva demişdir: "Heydər Əliyev yüksək mədəniyyətə
malik son dərəcə gözəl insan olmaqla yanaşı,
həm də səmimi və mehriban idi. O, intellektinə,
ziyalılığına və zəngin biliyinə görə
bənzərsiz şəxsiyyət idi".
Heydər Əliyev
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində
işləyərkən onun köməkçisi olmuş Yuri
Soloduxin demişdir: "Heydər Əliyevlə işləmək
hamı üçün məktəb idi. O, fəaliyyətinin
əməli nəticələri, xüsusi iş üslubu olan
siyasi xadim idi. Böyük, nadir intellektual potensialı da onun
geniş dünyagörüşündə özünü
büruzə verirdi. Heydər Əliyev mədəniyyətə
və mənəvi inkişafa böyük diqqət yetirirdi.
Onun kino sənayesi üçün büdcədən pul
ayrılmasına nail olmasını və Tretyakov
qalereyasının yeni binasının tikintisinin başa
çatmasına kömək etməsini hamı
xatırlayır. O, böyük siyasi xadim idi. Heydər Əliyev
dahiliyi sağlığında etiraf edilmiş şəxsiyyətlərdən
idi".
"Vestnik aktualnıx
proqnozov" jurnalının şöbə müdiri Lyudmila
Lavrova demişdir ki, Heydər Əliyevin
böyüklüyü onun bir dövlət xadimi kimi mədəni-mənəvi
əlaqələrin inkişafının əhəmiyyətini
başa düşməsində idi: "Azərbaycanın mədəni-mənəvi
əlaqələri qoruyub saxlaması Heydər Əliyevin
dövlət xadimi, yeni demokratik Azərbaycanın qurucusu kimi
böyük xidmətidir. Onun rus dili və mədəniyyətinə
münasibəti, Bakı Slavyan Universitetinin yaradılması,
Rusiya Dilçilik Universitetində Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzinin açılması Heydər Əliyevin
unudulmaz xatirələrinə ən gözəl abidələrdir".
L.Lavrova yazıçı-publisist Elmira Axundovanın "Heydər
Əliyev. Şəxsiyyət və zaman" silsilə
kitablarını da yüksək qiymətləndirərək
onları Heydər Əliyev bioqrafiyasına dair nadir
materialların toplandığı sanballı əsər
adlandırmışdır.
"Exo planetı"
jurnalının baş redaktorunun müavini Valeri Calaqoniya Heydər
Əliyevin KİV nümayəndələrinə münasibətindən
danışaraq bildirmişdir ki, heç bir sovet xadimi
jurnalistlərə bu qədər diqqət
ayırmırdı. Heydər Əliyev KİV-lərin rolunu
Kremldəki həmkarlarından daha yaxşı başa
düşürdü.
Keçmiş
SSRİ-nin dövlət təhlükəsizliyi xidmətinin
nümayəndəsi Georgi Pozdorovkin əlavə etmişdir ki,
Heydər Əliyev əsl vətəndaş, öz
xalqının böyük oğlu, prinsipial və obyektiv idi. O
demişdir: "Heydər Əliyev bu gün də öz
obrazı, bütün həyatı ilə xalqının,
xüsusən də gənclərin xidmətindədir".
Şərq Ədəbiyyatı
Mərkəzinin salonunda ümummilli lider Heydər Əliyevin həyat
və fəaliyyətinə həsr olunmuş fotosərgi və
iki ekspozisiyadan - onun həyat və fəaliyyətindən
söhbət açan və Heydər Əliyev Fondu tərəfindən
buraxılmış kitablardan ibarət sərgi
açılmışdır.
Asya Hacızadə,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2009.-15 may.-S.3.