Azərbaycanın Avropaya inteqrasiyasında yeni mərhələ başlayır

 

"Şərq Tərəfdaşlığı" Proqramı necə yarandı?

 

Ümumiyyətlə, Avropa İttifaqı üzv olmayan digər ölkələrlə münasibətlərini inkişaf etdirmək, qarşılıqlı maraqlar əsasında onlarla əməkdaşlığını genişləndirmək məqsədilə müxtəlif proqram və layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. Məsələn, sözügedən təşkilat "Avropa Qonşuluq Siyasəti" Proqramı çərçivəsində quruma daxil olmayan xeyli ölkə, o cümlədən Azərbaycanla münasibətlərini yaxşılaşdırır. O da qeyd edilməlidir ki, ittifaq "Avropa Qonşuluq Siyasəti" Proqramına uyğun olaraq burada iştirak edən hər bir ölkə ilə fərdi fəaliyyət planı da imzalayıb.

Lakin Avropa İttifaqı münasibətlərini xüsusilə inkişaf etdirməkdə maraqlı olduğu ölkələrlə bir sıra digər üstün layihələr də reallaşdırır ki, onlardan biri də "Şərq Tərəfdaşlığı" Proqramıdır. Məlumat üçün bildirək ki, bu təşəbbüs 2008-ci ilin may ayında Avropa İttifaqının üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülüb. "Şərq Tərəfdaşlığı" Proqramına oxşar sənədi isə Avropa İttifaqı hələ 2004-cü ildə Polşa və Litva ilə imzalayıb. Sonradan bu dövlətlərin hər ikisi Avropa İttifaqına üzv seçilib. Deməli, proqramın əsas məqsədi iştirakçı dövlətlərin perspektivdə Avropa İttifaqına üzvlüyünü sürətləndirmək və bu istiqamətdə əməli addımlar atmaqdır. Elə "Şərq Tərəfdaşlığı" Proqramını "Avropa Qonşuluq Siyasəti" Proqramından fərqləndirən əsas cəhət də budur. Belə ki, "Avropa Qonşuluq Siyasəti" Proqramına xeyli sayda dövlət daxildir və bəzən bu çərçivədə əməkdaşlıq simvolik xarakter daşıyır. "Şərq Tərəfdaşlığı" Proqramına daxil olan dövlətlərin sayı isə məhdud olduğundan Avropa İttifaqı onlarla daha sıx əməkdaşlıq imkanı qazanır.

Avropa Komissiyasının Azərbaycandakı təmsilçisi Alan Vadams bu proqramları fərqləndirən əsas xüsusiyyətlərdən danışarkən qeyd edir: "Şərq Tərəfdaşlığı" Proqramı Avropa İttifaqının son illərdə Şərq qonşuları ilə inkişaf etdirdiyi əlaqələrinin dərinləşməsini dəstəkləyir. "Avropa Qonşuluq Siyasəti" və hər bir ölkə ilə razılaşdırılmış fəaliyyət planları əlaqələrimizin diqqət mərkəzindədir. "Şərq Tərəfdaşlığı" isə daha dərin olan bu əlaqələrin nəticəsini (məsələn, Assosiasiya Sazişləri, Dərin Azad Ticarət Məkanları, vizaların liberallaşdırılması) aydın təsvir edir və iqtisadi tənəzzülə qarşı mübarizə aparmaq üçün əməkdaşlıq sahəsini yenidən diqqət mərkəzinə çəkməklə ona çoxtərəfli istiqamət verir. Məqsəd olduğu kimi qalır: Avropa İttifaqı tərəfdaş ölkələrdə aparılan islahat və müasirləşdirmə prosesini dəstəkləmək və tərəfdaşların müstəqilliyi və onların sabitliyinə töhfə vermək üçün qonşularına sərmayə qoyur. Avropa İttifaqı Şərq tərəfdaşları ilə yaxın münasibətlərin qurulmasında çox maraqlıdır, belə ki, qonşu ölkələrdə sabitliyi, yaxşı idarəçiliyi və iqtisadi əməkdaşlığı təşviq etmək hər iki tərəf üçün səmərəlidir".

 

Azərbaycan proqramın təkanvericisi, Ermənistan isə əngəlləyicisidir

 

"Şərq Tərəfdaşlığı" Proqramı irəli sürülərkən ilkin olaraq beş ölkə üçün nəzərdə tutulmuşdu. Bunlar Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldova idi. Lakin sonradan Avropa İttifaqı Belarusu da bu proqrama qatmaq niyyətini açıqladı və rəsmi Minsklə aparılan danışıqlar müsbət nəticə verdi.

Bütün bunlardan sonra əməli işə keçmək məqsədilə ötən il dekabrın əvvəllərində Avropa Komissiyasının beynəlxalq əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Benita Ferrero-Valdner təmsil etdiyi qurumun "Şərq Tərəfdaşlığı" kommunikesini Avropa Parlamentinə və Avropa İttifaqı Şurasına təqdim etdi. Kommunikeyə əsasən, Avropa Komissiyası Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanla yaxın illər ərzində assosiativ saziş imzalanmasını və bu ölkələrin Avropa İttifaqına inteqrasiyası meyillərini dəstəkləməyi təklif edirdi.

Kommunikedə o da qeyd olunurdu ki, bu sazişlər 2004-cü ildə genişləndirmə siyasətindən əvvəl Polşa və Litva ilə imzalanmış sazişin təkrarı olacaq. Düzdür, burada o da bildirilirdi ki, "Şərq Tərəfdaşlığı" Proqramına daxil olan ölkələrin gələcəkdə Avropa İttifaqına qəbuluna dair vədlər öz əksini tapmayacaq. Lakin vədlərin olmamasına rəğmən, əslində, "Şərq Tərəfdaşlığı" Proqramının mahiyyəti elə bu dövlətlərin Avropa İttifaqına inteqrasiyasını sürətləndirməkdən ibarətdir. Bu mənada hesab edilir ki, sözügedən kommunikedə belə bir vədin olmasına da bir o qədər ehtiyac yox idi. Bunun əvəzində isə "Şərq Tərəfdaşlığı" Proqramına daxil edilən ölkələrə xeyli üstünlüklər vəd edilir. Məsələn, yuxarıda qeyd olunan kommunikedə "Şərq Tərəfdaşlığı" Proqramında iştirak edən ölkələrlə ümumi daxili bazarın formalaşdırılması məqsədilə tədbirlər planının hazırlanması nəzərdə tutulur. Bu tədbirlər öncə vahid və hərtərəfli azad ticarət zonalarının yaradılmasını özündə ehtiva edir. Bildirilir ki, həmin zonalar ümumi daxili bazarın inkişafı üçün baza olmalı və Avropa İttifaqının İslandiya, Norveç və Lixtenşteynlə mövcud Avropa iqtisadi zonasına bənzəməlidir.

Kommunikedə daha bir maraqlı məqam isə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanla Avropa İttifaqının dəqiq və uzunmüddətli həmrəyliyə yönəlmiş birgə tədbirlər həyata keçirməsi, həmçinin tərəfdaş ölkələrin vətəndaşları üçün müəyyən imtiyazların verilməsidir. Belə imtiyazlara misal olaraq "Şərq Tərəfdaşlığı"nın uzunmüddətli perspektivdə tərəfdaş ölkələrin vətəndaşları üçün vizasız rejimin tətbiqinin nəzərdə tutulması göstərilə bilər.

Kommunikedə yer alan bəzi məqamlar həm də Avropa İttifaqının Azərbaycanla qarşılıqlı işbirliyini gücləndirməkdə nə dərəcədə maraqlı olduğunu meydana çıxardı. Sənəddə enerji sahəsində əməkdaşlıq üzrə Avropa İttifaqının bu sahədə təhlükəsizliyinin təmininə xidmət edəcək qarşılıqlı anlaşma haqqında memorandumlar imzalamaq təklif olunur. Belə əməkdaşlıq enerji hasilatçısı, tranziti və istehlakçısı ölkələrinin birgə boru kəmərləri kompaniyalarına malik olmalarını nəzərdə tutur. "Şərq Tərəfdaşlığı"na daxil edilən ölkələr arasında isə yalnız Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olması nəzərə alınarsa, deməli, Avropa İttifaqının enerji təhlükəsizliyinin təminində əsas rol oynaya bilən tərəf də məhz bu ölkədir. Avropa İttifaqının xüsusi maraq dairəsində olan Nabukko layihəsində Azərbaycana ayrılan rol da təşkilatın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın nə dərəcədə vacib rol oynadığını bariz şəkildə nümayiş etdirir.

Azərbaycandan fərqli olaraq bəzi nüanslara görə, Ermənistan "Şərq Tərəfdaşlığı" Proqramında əsas etibarı ilə problemli tərəf kimi çıxış edir. Məhz buna görədir ki, siyasi ekspertlərə görə, digər ölkələrlə müqayisədə Ermənistanın "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Avropa İttifaqına üzvlük şansı olduqca azdır. Buna əsas səbəb qeyd olunan kommunikedə Ermənistanın Metsamor atom elektrik stansiyasının (AES) fəaliyyətini dayandırması xüsusi vurğulanmasıdır. Ermənistan isə hazırda hasil etdiyi elektrik enerjisinin üçdə ikisini Metsamor AES-dən aldığı üçün onun bağlanması bu dövlət üçün yolverilməz hesab olunur. Kommunikedə isə stansiyanın bağlanması əsas şərtlərdən biri olduğundan Ermənistanın "Şərq Tərəfdaşlığı" Proqramının icrasında ləngiyəcəyi şübhə doğurmur. Bu isə son nəticədə ondan xəbər verir ki, Ermənstanın Avropa İttifaqına digər ölkələrlə birgə üzvlüyünün baş tutacağı sual altındadır.

Metsamor AES-in bağlanması ilə əlaqədar tələbin gündəmə gəlməsinin əsas səbəbi isə bu stansiyanın seysmik cəhətdən fəal zonada yerləşməsi, burada qəza baş vermə ehtimalının kifayət qədər yüksək olması, həmçinin stansiyanın təkcə Cənubi Qafqaz yox, daha böyük coğrafi ərazi üçün ciddi təhlükə mənbəyinə çevrilməsidir. Bunu nəzərə alan Avropa İttifaqı stansiyanın bağlanması üçün Ermənistana maliyyə yardımı göstərməyə hazır olduğunu bildirsə də, rəsmi Yerevan tamamilə əks mövqedən çıxış edir. Bütün bunlar isə Ermənistanla müqayisədə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramına daxil olan digər ölkələr, o cümlədən Azərbaycanla daha sıx əməkdaşlıq etməsinə səbəb olmaqdadır.

 

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin təcili həllini istəyir

 

"Şərq Tərəfdaşlığı" Proqramının digər bir mühüm cəhəti təkcə enerji sahəsini yox, həm də təhlükəsizlik məsələlərini əhatə etməsidir. Buraya Cənubi Qafqazda hələ də davam edən münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də aiddir. Artıq Avropa İttifaqı belə münaqişələrin mövcudluğunu öz təhlükəsizliyinə də hədə kimi qiymətləndirir. Avropa Komissiyasının beynəlxalq əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Benita Ferrero-Valdner bununla bağlı bildirir ki, təmsil etdiyi təşkilatın təhlükəsizliyi Şərqi Avropada və Cənubi Qafqazda baş verən hadisələrdən asılıdır: "Ona görə də bizim bu ölkələrlə bağlı siyasətimiz daha fəal və birmənalı olmalıdır". Avropa İttifaqının Cənubi Qafqazda birmənalı siyasət yeritməsi isə Dağlıq Qarabağ münaqişəsi baxımından bilavasitə Azərbaycanın lehinə işləyən hal sayıla bilər. Belə ki, Azərbaycan uzun illər ərzində Avropa İttifaqından və digər Avropa ölkələrindən regionda məhz birmənalı siyasət həyata keçirməsini gözləyib. Bu, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinə aid edilir. Azərbaycan tərəfi bu münaqişəni törətdiyinə və ərazimizin 20 faizini işğal altında saxladığına görə, Ermənistana qarşı təkcə Avropanın yox, ümumilikdə, beynəlxalq birliyin daha qəti addımlar atmasını və işğalçıya qarşı birmənalı siyasət yeridilməsinin vacibliyini bəyan edir. Benita Ferrero-Valdnerin fikri artıq Avropa İttifaqının Cənubi Qafqaz, o cümlədən Azərbaycanla bağlı siyasətində məhz bu mövqedən çıxış edəcəyindən xəbər verir.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu da sabit inkişaf üçün təhlükəsizlik məsələlərinin xüsusi əhəmiyyət daşıdığını bildirir: "Biz sabitlik və inkişaf üçün səylərimizi artırmalıyıq. Bu həm siyasi, iqtisadi səmərəni artırmağa, həm də Avropa İttifaqı ilə proqrama qatılan ölkələrin təhlükəsizliyini gücləndirməyə imkan verəcək".

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həll edilməsinin vacibliyini bildirir: "Dağlıq Qarabağ probleminin həlli, Cənubi Qafqaz bölgəsində təhlükəsizliyin təmin olunması "Şərq Tərəfdaşlığı" Proqramı üçün olduqca əhəmiyyətlidir. Bölgədəki açıq münaqişələrin uzanması heç bir tərəf üçün xeyirli deyil... Qarabağ torpaqlarının Azərbaycan ərazisi olduğuna heç kim şübhə etmir. Amma Avropa İttifaqı bu münaqişənin həlli ilə bağlı birbaşa məşğul olmur. Nizamlanmada vasitəçilik edən ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Fikrimcə, bu problem indiki vəziyyətdə qala bilməz, mütləq həlli yolu tapılmalıdır". Qeyd olunanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından bir daha "Şərq Tərəfdaşlığı" Proqramının ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini təsdiq edir.

 

İlk "Şərq Tərəfdaşlığı" sammiti

 

"Şərq Tərəfdaşlığı" Proqramı ilə bağlı qeyd ediləsi daha bir önəmli məqam iştirakçı dövlətlərə Avropa İttifaqı tərəfindən göstərilən maliyyə yardımlarıdır. Kommunikedə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" təşəbbüsünə qoşulacaq ölkələrə ayırdığı yardımın çoxalması da nəzərdə tutulur. Ötən ilin dekabrında təqdim olunan kommunikeyə əsasən, 2010-2013-cü illərdə bu məqsədlə 350 milyon avro vəsait ayrılmalı, 2020-ci ilə qədər isə bu məbləğ 1,5 milyard avroya çatdırılmalıdır. Cari ilin fevralında isə Avropa Komissiyası "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində əlavə olaraq 350 milyon avro ayırmaq niyyətində olduğunu bildirib. Benita Ferrero-Valdner bununla bağlı qeyd edib ki, Avropa İttifaqı proqrama cəlb olunacaq ölkələrdə sabit siyasi və iqtisadi situasiyanın bərqərar olmasında maraqlıdır.

Düzdür, Ermənistandan fərqli olaraq Azərbaycanın hər hansı xarici maliyyə yardımlarına ehtiyacı yoxdur. Lakin o da faktdır ki, "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Avropa İttifaqından alınan maliyyə yardımları elə bu proqramın icrasına sərf oluna bilər və bu, Azərbaycanın əlavə maliyyə vəsaiti ayırmasının qarşısını alar. Deməli, Avropa İttifaqının ayıracağı maliyyə vəsaitlərinin ölkəyə daxil olması Azərbaycanın iqtisadi qüdrətindən asılı olmayaraq olduqca sərfəlidir. Qeyd edildiyi kimi isə "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Avropa İttifaqı iştirakçı dövlətlərə kifayət qədər böyük məbləğdə maliyyə vəsaiti ayırmağı düşünür.

Bununla yanaşı, "Şərq Tərəfdaşlığı" Proqramına əsasən, "27+6" formulu əsasında dövlət başçıları səviyyəsində hər il sammit keçirilməsi nəzərdə tutulur. Artıq ilk belə sammit mayın 7-də Çexiyanın paytaxtı Praqada keçirilib. "Şərq Tərəfdaşlığı" adlanan bu sammitdə proqram üzrə bəyannamə qəbul olunub. Bəyannaməni 27 Avropa İttifaqı ölkəsi və proqrama qoşulan 6 ölkə (Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus, Ukrayna) imzalayıb. Sammitlə bağlı Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solana bir daha bildirib ki, "Şərq Tərəfdaşlığı" bu proqrama qoşulan ölkələrin Avropaya inteqrasiyasına və həmin ölkələrdə islahatların həyata keçirilməsinə kömək edəcək. Praqa sammitində "Şərq Tərəfdaşlığı" Proqramının üzvü olan ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Prezident İlham Əliyev də iştirak edib. Sammitdə çıxışı zamanı Prezident İlham Əliyev bir daha qeyd edib ki, sözügedən proqram Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da yaxınlaşmasına və genişlənməsinə təkan verəcək. Ölkəmizin siyasi, iqtisadi və digər sahələrdə inkişafını, aparılan demokratik islahatları qeyd edən dövlət başçısı onu da bildirib ki, bu islahatlar Azərbaycanın Avropa ailəsinə daha da yaxınlaşmasına kömək edəcək. Azərbaycanın Avropa üçün çox önəmli tərəfdaş olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığını da diqqətə çatdırıb. Bu sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən cənab İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə qeyri-enerji sahələrində əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Analoji maraq Avropa İttifaqı tərəfindən də nümayiş etdirilir və təşkilat Azərbaycanla enerji sferası ilə yanaşı, digər sahələrdə də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Avropa Komissiyasının Azərbaycandakı təmsilçisi Alan Vadamsın sözlərinə görə, "Şərq Tərəfdaşlığı" Proqramı Azərbaycanla təşkilat arasında münasibətləri daha yaxın edəcək. Ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişaf səviyyəsindən də razı qalan Alan Vadams bildirir: "Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yaxşı templə inkişaf edir. Bu münasibətlər bir yerdə durmur və davamlı irəliləyir. Bu məmnunluq hissi yaradan məqamdır. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıqdan götürdüyü fayda və xeyirə gəlincə, təşkilatla daha yaxınlığını İttifaqa siyasi cəhətdən daha inteqrasiyalı olmaq kimi məqamları qeyd etmək olardı".

Bütün bunlar "Şərq Tərəfdaşlığı" Proqramının iştirakçı dövlətlər, o cümlədən Azərbaycan üçün Avropaya inteqrasiya baxımından böyük üstünlüklər vəd etdiyini meydana çıxarır. Öz növbəsində Avropa İttifaqı enerji sferası da daxil olmaqla təhlükəsizliyinin daha etibarlı təminatı, qarşılıqlı münasibətlərinin inkişafı baxımından sözügedən proqrama xüsusi maraq göstərməkdədir.

 

 

R.İslamoğlu

 

Azərbaycan.-2009.-15 may.-S.4.