Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkər Heydər Əliyev Fondunda olmuşdur

 

Türkiyə Ali Məhkəməsinin sədri Hasan Gerçəkər mayın 14-də Heydər Əliyev Fondunda olmuşdur.

Ulu öndərin şəxsi arxivindən götürülmüş, onun həyat fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan zəngin materiallar qonaq tərəfindən maraqla qarşılanmışdır. Fondda ümummilli liderin oxuduğu təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, milli təhlükəsizlik orqanlarında işlədiyi dövrdəki xidməti vəsiqələri, həm sovetlər, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman gördüyü quruculuq işlərini əks etdirən fotolar, aldığı fəxri fərman sənədlər saxlanılır. Dahi şəxsiyyətin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr barədə materiallar qonaqda böyük maraq doğurmuşdur.

Ümummilli lider Heydər Əliyevin Şuşada 1982-ci ilin qarlı, çovğunlu qışında Azərbaycanın tanınmış şairi Molla Pənah Vaqifin mavzoleyinin açılışında çəkilmiş şəkli maraqla qarşılanmışdır.

Vurğulanmışdır ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Qonaq burada Heydər Əliyevin dünyanın tanınmış siyasi lider və dövlət başçıları ilə keçirdiyi görüşləri zamanı çəkilən fotoşəkillərə, onun mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa etmiş, dünyanın müxtəlif ölkələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olmuşdur.

Türkiyənin Ali Məhkəməsinin sədri Fondun Xatirə kitabına ürək sözlərini yazmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-15 may.-S.4.