Ailə milli-mənəvi dəyərlərin
daşıyıcısıdır
"Xalqımızın
yaşaması üçün, öz mənliyini, qürurunu
qoruması üçün ailə dəyərləri, milli dəyərlər
əvəzolunmaz rol oynamışdır".
İlham ƏLİYEV
Tarixən ailə
xalqımızın yüksək mənəvi dəyərlərinin
qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli
inkişafımızda mühüm rol oynamışdır.
Önəmlidir ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan
cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi
missiyasını daha tam və dolğun şəkildə
qoruyub saxlamaqdadır.
Təsadüfi deyil
ki, hər il may ayının 15-i dünyada təntənə
ilə qeyd olunan və insanların diqqətini ailə problemlərinin
həllinə bir daha yönəltmək məqsədi
daşıyan Beynəlxalq Ailə Günü münasibətilə
respublikamızda da silsilə tədbirlər həyata keçirilir. Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin bu əlamətdar günlə bağlı təşkil
etdiyi "Ailə bayramı"nda nümunəvi ailələrin
seçilməsi, respublikanın müxtəlif bölgələrində
mərasimlərin keçirilməsi artıq xoş ənənəyə
çevrilib. Bu il ailə bayramının ünvanı vətənimizin
dilbər guşəsi Lənkərandır.
Müstəqil Azərbaycan
Respublikasında sosial sahədə dövlət siyasətinin
prioritet istiqamətlərindən birini məhz ailə siyasəti
təşkil edir. Bu gerçəkliyi daim nəzərə
alan Heydər Əliyev ölkəmizdə ailə siyasətinin
formalaşdırılması məsələlərinə
böyük diqqət yetirmiş, həmin sahədə
mövcud olan problemlərin həlli istiqamətində
ardıcıl və məqsədyönlü fəaliyyət
göstərmişdir. Müstəqil Azərbaycan
Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illərdə
ümummilli lider ailə siyasəti ilə bağlı məsələlərin
normativ-hüquqi tənzimini və əməli həllini
prioritet vəzifələrdən biri kimi qarşıya
qoymuşdur.
Müstəqil Azərbaycanda həyata
keçirilən dövlət ailə siyasəti milli-mənəvi
dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür.
Bu da ölkədə ailəyə verilən qiymətin bariz
ifadəsidir. Bu il aprelin 22-də Prezident İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında ölkə başçısı bu məqamları
xüsusilə vurğulamışdır: "Biz ümumbəşəri
dəyərləri bölüşürük, ancaq bizim
üçün əsas dəyərlər Azərbaycanın
milli dəyərləridir. Bu baxımdan, əgər
tarixə də nəzər salsaq görərik ki,
xalqımızın yaşaması üçün, öz mənliyini,
qürurunu qoruması üçün ailə dəyərləri,
milli dəyərlər əvəzolunmaz rol
oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin
daha da möhkəmləndirilməsi üçün və
milli dəyərlərin tam şəkildə bərqərar
edilməsi üçün ailə dəyərləri daim
yüksəklərdə olmalıdır".
Möhtərəm
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə
uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin
rifahının yaxşılaşdırılmasına, sosial
müdafiəsinin gücləndirilməsinə, uşaq və
yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil
kimi formalaşdırılmasına, ümumən milli
genofondumuzun möhkəmlənməsinə xidmət edir.
Hazırda respublikamızda 1 milyon 831 min 100 ailə var. Son 5 ildə yoxsulluq səviyyəsi 49 faizdən 13
faizə endirilmiş, 766 min yeni iş yeri
açılmışdır. Əhalinin pul gəlirlərinin
təkcə 2008-ci ildə 36 faiz artması bütün vətəndaşların,
eləcə də hər bir ailənin sosial rifahının
yüksəldilməsini şərtləndirmişdir. Ailənin
hərtərəfli inkişafı üçün şəraitin
yaradılmasına, onların müxtəlif problemlərinin həllinə
xüsusi diqqət yetirilir.
Respublikada ailə problemlərinin
həllinə xüsusi qayğının göstəricisi
kimi 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi yaradılmışdır. Komitənin qarşısında duran ən
mühüm vəzifələrdən biri də ailə
institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsi,
ailə dəyərlərinin qorunması, onun problemlərinin
minimuma endirilməsi, ümumən ailənin cəmiyyətdə
rolunun yüksəldilməsi və rifahının artırılmasıdır.
Fəaliyyət
göstərdiyi üç il müddətində komitə həyata
keçirdiyi çoxistiqamətli fəaliyyət nəticəsində
bir sıra uğurlar əldə etmişdir. Ümumiyyətlə,
indiyə qədər respublikamızda ailə problemləri ilə
mərkəzləşdirilmiş şəkildə heç
bir dövlət qurumu məşğul olmamışdır.
İlk növbədə,
Azərbaycanda yaşayan ailələr haqqında ümumi məlumat
bazası yaradılmış, respublikanın bütün
şəhər və rayonlarında anket sorğuları
keçirilmişdir
Qeyd etdiyimiz kimi, cəmiyyətin
və dövlətin formalaşması və inkişafında
ailə mühüm vasitədir. Fiziki və mənəvi
baxımdan sağlam ailə sağlam cəmiyyətin,
güclü dövlətin özülüdür. Bu gün
dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda
da ailələr həlli təxirəsalınmaz problemlərlə
rastlaşır. Komitə tərəfindən
ailədaxili münasibətlərdə milli-mənəvi dəyərlər
və bu münasibətlərin gələcək nəslin
formalaşmasında əhəmiyyəti istiqamətində
ölkə ərazisində əhalinin müxtəlif
qrupları üçün nəzərdə tutulmuş
maarifləndirmə tədbirləri, ictimai dinləmələr
keçirilmişdir. Aparılan tədbirlər əhali
arasında milli-mənəvi dəyərlərin təbliğini
daha da gücləndirməyə, gənc nəslin tərbiyəsinə
xüsusi önəm verilməsinə, ailədə
zorakılığın qarşısının
alınması üçün profilaktik tədbirlərin həyata
keçirilməsinə ehtiyac olduğunu bir daha sübut
etmişdir.
Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi fəaliyyətini
bütün dövlət orqanları ilə səmərəli
əməkdaşlıq şəraitində qurur. Beynəlxalq
təşkilatlarla birlikdə bir sıra layihələr icra
olunur, həmin layihələrdə qeyri-hökumət təşkilatları,
müstəqil ekspertlər yaxından iştirak etmişdilər.
Eyni zamanda, rayonlarda təşkil etdiyimiz tədbirlərdə
yerli icra, hüquq-mühafizə və məhkəmə
orqanlarının, habelə yerli özünüidarəetmə
orqanlarının nümayəndələri də yaxından
iştirak edirlər. Fəaliyyət dövrü ərzində
komitə həmçinin kütləvi informasiya vasitələri
ilə səmərəli əməkdaşlıq əlaqələri
yaratmışdır.
Ailələrin sağlam, xoşbəxt
yaşaması üçün onun üzvləri arasında səmimi,
mədəni münasibət olmalı, valideyn-övlad
münasibətləri düzgün qurulmalıdır. Azərbaycan
ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi
özündə yaşatmalıdır. Övladlarımız
dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə
tərbiyə olunmalıdırlar. Böyüyə hörmət,
milli dəyərlərə bağlılıq bu tərbiyənin
əsasını təşkil edir. Mədəniyyət,
qarşılıqlı hörmət və bu hörmətdən
doğan davranış qaydaları ailə mənəviyyatının
özülüdür. Ailəsini qoruyan torpağını
qoruyacaq, ailəsinin sabitliyini istəyən Vətənin əmin-amanlığını
istəyəcəkdir. Ailədən aşılanan müsbət
mənəvi-psixoloji iqlim ictimai mühitə də nüfuz
edir. Bir məqamı nəzərdən
qaçırmamalıyıq ki, ailə cəmiyyətlə,
mövcud olduğu dövrlə daim sıx əlaqədə
olan bir institutdur. Qloballaşma, informasiya
texnologiyalarının sürətli inkişafı, internetin həyatın
hər sahəsinə nüfuz etməsi bir sıra müsbət
tendensiyalarla yanaşı, bəzən neqativ rol da oynayır.
Yad, millətimizə xas olmayan ideyaların, davranış tərzlərinin
təbliği böyüməkdə olan nəslə bəzən
yanlış yol göstərir. Ailə münasibətlərində
bəzən arzuolunmaz transformasiyalar baş verir. Cəmiyyət,
hər bir vətəndaş bu yad meyillərin
qarşısını qətiyyətlə almalı, milli dəyərlərin
qorunması, itməməsi üçün güc sərf etməlidir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
ciddi sosial-psixoloji çətinliklərlə
qarşılaşan qaçqın və məcburi
köçkün ailələrinə daimi diqqət Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin fəaliyyətinin prioritet istiqamətlərindəndir.
Ümumiyyətlə, bu istiqamətdə son illər möhtərəm Prezident tərəfindən
görülən tədbirlər, imzalanan fərman və sərəncamlar
sayəsində həmin insanların bir çox problemləri
artıq öz həllini tapmışdır. Komitənin də
bu istiqamətdə fəaliyyətinin əsas məqsədi həssas
qruplardan olan ailələrə sadəcə yardım göstərmək
deyil, onları respublikanın ictimai həyatına cəlb etməkdir.
Bununla əlaqədar, qaçqın və məcburi
köçkün ailələrindən olan beş yüzə
yaxın yeniyetmə xarici dil, kompüter və peşə
kurslarında təlim keçmişdir.
Bu gün bütün dünyada məişət
zorakılığı, qadın alveri və qadınlar tərəfindən
törədilən cinayətlərlə bağlı problemlər
ən çox müzakirə edilən mövzulardandır. Belə
hallar çox az miqyasda olsa da, ölkəmizdə də
mövcuddur. Yanlış dini stereotiplərin təsiri
altında yeniyetmə qızların təhsildən
uzaqlaşdırılaraq erkən nikaha daxil olması arzuolunmaz
haldır. Bunun nəticəsində qadınların ictimai həyatdan
təcrid edilməsi, onların işləmək və karyera
qurmaq imkanlarının məhdudlaşdırılması kimi
mənfi hallar əsaslı narahatlıq doğurur. Məhz bu
istiqamətdə aparılan iş daha da gücləndirilməlidir.
Ailələrə maddi və mənəvi
dəstək dövlətin diqqət mərkəzindədir.
Onların maddi-sosial rifahının
yaxşılaşdırılması üçün müxtəlif
meyarlar üzrə bir sıra müavinətlər,
ünvanlı sosial yardımlar təyin olunmuşdur. Gənc ailələrin mənzillə təmin
olunması məqsədilə ölkədə ipoteka kreditləri
verilir, qaçqın və məcburi köçkünlərin
problemlərinin həlli üzrə, ailə-kəndli təsərrüfatı
fəaliyyəti haqqında dövlət proqramları
uğurla tətbiq olunur. Ana və
uşaqların sağlamlığının möhkəmləndirilməsi,
əhalinin reproduktiv sağlamlığının
qorunması, sağlam və arzuolunan uşaqların
doğulması üçün zəruri şəraitin
yaradılmasını nəzərdə tutan, eləcə də
məişət zorakılığı hallarının və
əxlaqa zidd davranış qaydalarının qarşısının
alınması məqsədilə kompleks proqramlar həyata
keçirilir.
Bu gün ölkəmizin
həyatında önəmli rol oynayan, hər birimiz
üçün gözəl nümunə olan Azərbaycan
qadın hərəkatının lideri, Heydər Əliyev
Fondunun Prezidenti, Milli Məclisin deputatı, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
rəhbərliyi altında həyata keçirilən ailə
problemlərinin həlli istiqamətində önəmli layihələrin
gerçəkləşdirilməsini xüsusilə qeyd etmək
lazımdır. Azərbaycan ailəsinin problemlərini diqqət
mərkəzində saxlayan Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə ailələrimizin rifahına yönəlmiş
böyük layihələr uğurla reallaşır. Onun cəmiyyətdə
yaratdığı misilsiz mənəvi mühit, ulu öndərin
şəxsi nümunəsindən qaynaqlanan ideal ailə modeli
insanları daxili zənginliyə və mənəvi
saflığa səsləyir. Bu uğurlu, fəxr etdiyimiz
örnək ailələr Azərbaycanın gələcəyinin
təminatçısıdir.
Azərbaycan
Respublikasının dövlət ailə siyasətinin həyata
keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə
söykənən ailə institutunun qorunub saxlanılması və
möhkəmləndirilməsi üçün kompleks tədbirlərin
görülməsi mühüm əhəmiyyət kəsb
edir. Buna görə
də ailə dəyərlərinin təbliği, sağlam
ailə mühitinin formalaşdırılması milli-mənəvi
və dünyəvi dəyərlərin
çulğalaşması prosesində həyata keçirilməlidir.
Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi
inkişafını təmin edən, həyat
strategiyasını gerçəkləşdirə bilən, fəal,
güclü ailələrin formalaşmasında
maraqlıdır. Azərbaycanın ailə,
qadın və uşaq problemlərinin həlli istiqamətində
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi qarşısında qoyulan vəzifələri
bundan sonra da layiqincə yerinə yetirmək üçün
səylərini daha da artıracaq, ailələrin
rifahının, qadınların hüquq və imkan bərabərliyinin,
uşaqların ahəngdar inkişafının təmin edilməsi
istiqamətində bütün zəruri addımları
atacaqdır.
Hicran Hüseynova,
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri,
siyasi elmlər doktoru, professor
Azərbaycan.-2009.-15 may.-S.5.