xalatın işığında

 

Əkbər həkimdə yaxşı insanlara xas olan bütün keyfiyyətləri dərhal duymaq mümkündür. Vəzifə adamlarından tələb olunan, arzu edilən xüsusiyyətlər, dost, valideyn, əqidə yoldaşı kimi olduqca gərəkli cəhətlər taleyini insanların sağlamlığına həsr edən Əkbər Axundovu onu tanıyanlara sevdirib, necə deyərlər, bir köynək yaxınlaşdırıb. Onun üçün kimin hansı vəzifədə işlədiyi, sosial durumunun necəliyi, hansı regiondan olduğu önəmli deyil. Təki saf düşüncəli, nəcib xarakterli, sadə məsuliyyətli olsunlar. Söhbətimizdə bu barədə dəfələrlə vurğuladı: "Oğlanlarıma da ta uşaqlıqdan bu prinsipləri aşılamağa çalışmışam. İnsana ağlına, dərrakəsinə, dünyaya ayıq baxışına görə qiymət verilməlidir, var-dövlətinə, bahalı maşınına, geyiminə görə yox".

Əkbər Axundov 1995-ci ildən paytaxtın Yasamal rayonundakı 19 nömrəli poliklinikanın baş həkimidir. Ərazi qeydiyyatına görə, ara-sıra bu poliklinikaya yolum düşür. Səmimi, geniş dünyagörüşlü, hərtərəfli biliyə malik olduğuna görə həmişə onunla görüşməyə zəruri ehtiyac duyuram. Bəzən söhbətə başladığımız mövzunu yarımçıq qoyuruq. Telefon zəngləri, pasientlərin müraciətləri, həkim tibb bacılarının tez-tez məsləhətə gəlməsi ürəyimizi boşaltmağa imkan vermir. Heç kimi qapı arxasında qoymaması, telefon zənglərinə dərhal cavab verməsi, xahişlərin elə yerindəcə yerinə yetirilməsi Əkbər həkim üçün hər məsələdən irəlidir. Vaxtında göstərilən kömək, hər siqnala ciddi reaksiya insanların sonrakı taleyində böyük rol oynayır. Əkbər həkim 1964-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Səhiyyə Nazirliyinin göndərişi ilə Babək rayonunun Çalxanqala kənd xəstəxanasına baş həkim vəzifəsinə göndəriləndən bu prinsipi özünün həyat idealı sayır.

Yüksək təşkilatçılıq qabiliyyəti, təşəbbüskarlığı qısa müddətdə Əkbər Axundova böyük hörmət qazandırıb, tanıdıb. Kənd xəstəxanasında üç il işlədikdən sonra Babək rayonunun mərkəzi xəstəxanasında terapevt, şöbə müdiri, daha sonra baş həkim müavini vəzifələrində çalışıb. "O illərdə Babəkin 42 kəndini qarış-qarış gəzmişəm. 50 çarpayılıq terapevtik şöbəyə rəhbərlik etməklə bərabər çağırışlara da gedirdim. Rayonda hamını tanıyırdım - uşaqdan böyüyədək. Mənə inanırdılar. Dava-dərmandan əlavə çoxlu söhbətlərimiz olurdu. İnsanı yalnız kimyəvi maddələrlə sağaltmaq istəyən həkimlər yanılırlar. Söz bütün dərmanlardan üstündür - şəfaverici bir məlhəmdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş terapevti, sonralar isə nazir işləyəndə bu fikirdə olmuşam".

Ötən əsrin 90-cı illərində Əkbər Axundovun həyatında məsuliyyətli şərəfli səhifələr açıldı. Ümummilli lider Moskvadan Naxçıvana qayıtdıqdan sonra muxtar respublikanın tanınmış ziyalılarını, söz sahiblərini ətrafına yığmağa başladı. Ulu öndər Heydər Əliyev Naxçıvanın taleyini dərindən düşünür, muxtar respublikanı blokadadan çıxarmaq, əhalinin güzəranını yaxşılaşdırmaq üçün yollar arayırdı. Təbii ki, bu işdə yerli ziyalıların köməyinə ciddi ehtiyac duyulurdu. Yüksək ixtisaslı həkim kimi tanınan Əkbər Axundov da ümummilli liderin ideyalarının reallaşdırılmasında öz əməyini əsirgəmədi. Rayon mərkəzlərində, kəndlərdə keçirilən görüşlərdə Heydər Əliyevin düşüncələrinin insanlara olduğu kimi çatdırılmasında, onlarda gələcəyə nikbin baxışın formalaşdırılmasında Əkbər həkim böyük xidmətlər göstərdi. 340 saylı dairə seçki komissiyasının sədri kimi Azərbaycanın xoşbəxt gələcəyi uğrunda əzmlə çalışan Heydər Əliyevin bu dairədən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdi. Siyasi fəallığı, təşkilatçılıq qabiliyyəti, insanlarla dil tapmaq bacarığı yüksək qiymətləndirildi. 1993-cü ilin yanvarından muxtar respublikanın Səhiyyə Nazirliyinə rəhbərlik Əkbər Axundova tapşırıldı. Bu vəzifədə 1995-ci ilədək çalışdı. Sonra isə fəaliyyətini Bakıda davam etdirməyə başladı. Həmin ildən 19 nömrəli poliklinikanın baş həkimidir.

Poliklinikanın işçiləri Əkbər həkimi doğmaları kimi sevirlər. Cavan işçilər ona baba gözündə baxırlar. Ömrünün 70-ci baharını yenicə qarşılayan Əkbər həkim bu kollektivə özünün əziz ailəsi kimi yanaşır. "Günüm poliklinikada keçir. Sağ olsunlar, sözümü eşidir, ürəyimdən keçənləri dərhal duyurlar. Bir amalımız var - heç kimin ürəyini sındırmayaq, əlimizdən gələni edək ki, xəstələr tez sağalsınlar, gümrah olsunlar. Hər cür şəraitimiz var. Poliklinika yaxşı təmir olunub, yeni avadanlıq alınıb, müasir texnologiyalar tətbiq edilir. Yüksək ixtisaslı həkimlər tibb bacıları bizə üz tutan hər kəsin şəfa tapmasında əməklərini əsirgəmirlər. Yeganə prinsipimiz əynimizdəki xalatın ağlığına ləkə gətirməmək, ürəklərə daha gur işıq salmaqdır".

Simuzər HACIBALAYEVA, profilaktika şöbəsinin müdiri:

- Əkbər həkim gözəl insandır. Bunu biz yaxşı bilirik, xəstələr təsdiqləyirlər. İmkansızların adamıdır. Çətin tapılan, bahalı dərmanları bəzən xəstələrə özü alıb verir. Neçə illərdir bir yerdə işləyirik, aramızda zərrə qədər inciklik olmayıb. Əlləri qızıl, dili baldan şirindir Əkbər həkimin.

Rüdabə AXUNDOVA, terapevtik şöbənin müdiri:

- Baş həkimimiz bir alim, səhiyyə təşkilatçısı kimi tanınır, sevilir. Naxçıvan Muxtar Respublikasının mineral sularının mahir tədqiqatçısı olan Əkbər Axundov hələ 1973-cü ildə Moskvada müdafiə edərək tibb elmləri namizədi adı alıb. İki monoqrafiyanın, çoxlu sayda elmi məqalənin müəllifidir. Vaxtilə SSRİ-nin səhiyyə əlaçısı döş nişanına layiq görülüb, bir sıra ümumittifaq tədbirlərdə iştirak edib. Tədqiqatlarının nəticələrinin praktikada tətbiqinə xüsusi önəm verir. Əkbər həkim bu gün həvəslə öyrənir, öyrədir, sağaldır, sevindirir.

Əkbər Axundov işinin çox olduğuna baxmayaraq, ictimai fəaliyyətə vaxt ayırır. O, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı idarə heyətinin üzvüdür. Təşkilatın sədri, professor Fikrət İsmayılov dostu Əkbər həkimin fəaliyyətindən çox razıdır: "Gənc həkimlərin böyük həyata hazırlanmasında, insanlarla sıx təmas qurmasında Əkbər həkimin rolu böyükdür. O öz təcrübəsini, biliyini cavanlara həvəslə öyrədir. YAP Yasamal təşkilatının idarə heyətinin üzvləri arasında da xətir-hörməti çoxdur, böyük nüfuz sahibidir. Yetmiş il əvvəl Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində anadan olan Əkbər atası Bilal kişinin tövsiyələrini özünün şərəfli həyatı üçün bütöv, toxunulmaz platforma hesab edib. Övladlarını da nəsil-şəcərə qanunları ilə böyüdüb - hər kəsə yaxşılıq etmək, dar günündə dərdinə, şad günündə sevincinə şərik olmaq".

Əsl dost, qayğıkeş ailə başçısı, səriştəli səhiyyə təşkilatçısı olan Əkbər Axundov beş oğul atasıdır. Onlar ali təhsil alıb, öz bacarıqları, savadları ilə irəli gediblər. Hər biri atasının ürəyindən olan işin qulpundan yapışıb, halal çörək qazanır. Belə olmalıdır. Çünki Əkbər həkimin özü halal adamdır.

 

 

Akif Cabbarlı

 

Azərbaycan.-2009.-15 may.-S.5.