Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsi haqqında Əsasnamə
I. Ümumi müddəalar
1. Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsi (bundan sonra - Komitə) Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 19 noyabr tarixli 54 nömrəli Sərəncamı ilə
Azərbaycan Respublikasının Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin əsasında yaradılmışdır.
Komitə diasporla
iş sahəsində dövlət siyasətinin həyata
keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar,
eləcə də onların təsis etdiyi diaspor təşkilatları,
habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporları ilə əlaqələrin
genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət
orqanlarının və qeyri-hökumət təşkilatlarının
bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini
təmin edən mərkəzi icra hakimiyyəti
orqanıdır.
2. Komitə öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını və bu Əsasnaməni rəhbər
tutur.
3. Komitə öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən digər icra hakimiyyəti orqanları,
yerli özünüidarəetmə orqanları, qeyri-hökumət
təşkilatları, Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurası, Azərbaycan
Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri,
xaricdə yaşayan azərbaycanlılar, eləcə də
onların təsis etdiyi diaspor təşkilatları, habelə
Azərbaycana dost münasibət bəsləyən digər
xalqların diasporları ilə qarşılıqlı əlaqədə
fəaliyyət göstərir.
4. Komitə müstəqil balansa,
qanunvericiliyə uyğun sərəncamında olan dövlət
əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan
Respublikasının dövlət gerbinin təsviri və
öz adı əks olunmuş möhürə, müvafiq
ştamplara və blanklara malikdir.
5. Komitənin saxlanma xərcləri
və fəaliyyəti Azərbaycan Respublikasının
dövlət büdcəsi və qanunvericiliklə nəzərdə
tutulan mənbələr hesabına maliyyələşdirilir.
6. Komitə Bakı şəhərində
yerləşir.
II. Komitənin fəaliyyət istiqamətləri
7. Komitənin fəaliyyət
istiqamətləri aşağıdakılardır:
7.1. diasporla iş sahəsində
vahid dövlət siyasətinin
formalaşdırılmasında iştirak edir və bu siyasətin
həyata keçirilməsini təmin edir;
7.2. diasporla iş sahəsinin
inkişafını təmin edir;
7.3. beynəlxalq
hüququn qəbul edilmiş prinsip və normalarına, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə
də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə
alınmaqla xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və
azadlıqlarının həyata keçirilməsinə və
onların öz milli varlığını yaşatmasına
və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə
və tətbiqinin genişləndirilməsinə, habelə Azərbaycana
dost münasibət bəsləyən digər xalqların
diasporları ilə əlaqələr qurmasına və
inkişaf etdirməsinə köməklik göstərir;
7.4. xaricdə
yaşayan azərbaycanlıların, eləcə də
onların təsis etdiyi diaspor təşkilatlarının,
habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporlarının Azərbaycan
Respublikasının dövlət orqanları və
qeyri-hökumət təşkilatları ilə əlaqələr
qurmalarına və
inkişaf etdirmələrinə, Azərbaycan
Respublikasının daxili və xarici siyasəti, ölkənin
iqtisadi, sosial və mədəni həyatı haqqında
düzgün informasiya almalarına şərait yaradır;
7.5. xaricdə
yaşayan azərbaycanlıları, eləcə də
onların təsis etdiyi diaspor təşkilatlarını,
habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporlarını Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin və
suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə,
iqtisadi, sosial və
mədəni inkişafına, cəmiyyətin və
dövlətin siyasi həyatına, habelə Azərbaycan
Respublikası ilə digər dövlətlər arasında
qarşılıqlı surətdə faydalı münasibətlərin
qurulması və inkişaf etdirilməsi işinə cəlb
edir;
7.6. beynəlxalq hüquq
normalarına və müvafiq dövlətlərin
qanunvericiliyinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların
milli-mədəni muxtariyyətlər və ictimai birliklər
yaratmaq hüququnun həyata keçirilməsinə yardım
göstərir;
7.7. xaricdə yaşayan azərbaycanlıların
vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini,
qiymətləndirilməsini və bu məqsədlə
xüsusi məlumat bankının yaradılmasını təmin
edir;
7.8. qanunvericiliklə müəyyən
edilmiş digər istiqamətlərdə fəaliyyət
göstərir.
III. Komitənin vəzifələri
8. Komitə bu Əsasnamə ilə
müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq aşağıdakı vəzifələri yerinə
yetirir:
8.1. xaricdə
yaşayan azərbaycanlılara, onların yaratdıqları
qurumlara, kütləvi informasiya vasitələrinə beynəlxalq
hüquq normaları çərçivəsində öz
tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi
dəyərləri mənimsəmək, yaşatmaq və
inkişaf etdirmək, eləcə də Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporları ilə əlaqələr
qurmaq, onların təcrübəsini öyrənmək məqsədi
ilə müxtəlif yönlü təşkilati, informasiya,
maddi və mənəvi yardım göstərmək;
8.2. Azərbaycan Respublikasında
həyata keçirilən müstəqil, hüquqi və
dünyəvi dövlət, demokratik cəmiyyət
quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni
inkişaf haqqında xarici ölkələrdə yaşayan həmvətənləri,
habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diasporlarını məlumatlandırmaq;
8.3. dövlət
proqramlarının və inkişaf konsepsiyalarının həyata
keçirilməsini öz səlahiyyətləri daxilində
təmin etmək;
8.4. digər icra hakimiyyəti
orqanlarının diaspor işi ilə bağlı fəaliyyətini
əlaqələndirmək;
8.5. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin həyata keçirilməsini
öz səlahiyyətləri daxilində təmin etmək;
8.6. dünya azərbaycanlılarının
mənəvi birliyinə və həmrəyliyinə xidmət
edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri
sistemləşdirmək, onların Azərbaycan
Respublikasının vətəndaşları və xarici
ölkələrdə yaşayan soydaşlarımız
arasında yayılmasını təmin etmək;
8.7. xaricdə yaşayan azərbaycanlıların
mədəniyyət mərkəzlərinə, mədəni-maarif
təşkilatlarına, kitabxana, arxiv, muzey, teatr, musiqi
ansambllarına və yaradıcı kollektivlərinə digər
dövlət orqanları ilə birgə yardım göstərmək;
8.8. xaricdə
yaşayan həmvətənləri Azərbaycan
Respublikasında həyata keçirilən iqtisadi islahatlar
prosesinə yaxından cəlb etmək, onların Azərbaycanın
iqtisadiyyatına investisiya qoyması və ölkə ərazisində
sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaları üçün əlverişli
şərait yaratmaq;
8.9. xaricdə
yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə
yaratmasına, təşkilatlanması işinə dəstək
vermək, yaradılan ictimai, mədəni və digər
birliklərin, habelə onların əməkdaşlıq
etdiyi digər diaspor təşkilatlarının Azərbaycan
Respublikası ilə əlaqələrinin qurulmasına və
inkişafına
kömək göstərmək;
8.10. xaricdə
yaşayan azərbaycanlıların öz milli və vətəndaşlıq
hüquqlarının təmin edilməsi ilə bağlı həyata
keçirdikləri fəaliyyətə beynəlxalq sənədlərdə
təsbit olunmuş insan haqlarının müdafiəsi və
qorunması prinsipinə uyğun olaraq dəstək vermək, bu məqsədlə
azərbaycanlıların sıx yaşadığı
dövlətlərin aidiyyəti strukturları ilə səmərəli
iş mexanizmi qurmaq və problemlərin həllinə kömək
göstərmək;
8.11. xaricdə yaşayan azərbaycanlıların
keçirdikləri mühüm tədbirlərdə Azərbaycan
Respublikasının müvafiq dövlət və
qeyri-hökumət təşkilatlarının nümayəndələrinin
iştirakına kömək göstərmək;
8.12. Azərbaycan
Respublikasının beynəlxalq aləmdə təbliğ
edilməsi və mənafelərinin müdafiəsi işində
Azərbaycana ənənəvi müsbət münasibəti
olan diasporların imkanlarından istifadə etmək;
8.13. diasporla iş sahəsinə
ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və
digər maliyyə vəsaitlərindən təyinatı
üzrə səmərəli istifadə olunmasını təmin
etmək;
8.14. qanunvericiliyə uyğun
olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması
üçün zəruri tədbirlər, habelə fəaliyyət
istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri
görmək;
8.15. öz fəaliyyəti
haqqında əhalinin məlumatlandırılmasını təmin
etmək;
8.16. diaspor işinin təşkili
sahəsində kadr hazırlığını təmin etmək;
8.17. Komitənin strukturunun və
fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində
öz səlahiyyətləri daxilində tədbirlər
görmək;
8.18. Komitənin fəaliyyəti
ilə bağlı daxil olan ərizə və şikayətlərə
baxmaq və qanunvericiliklə müəyyən edilmiş
qaydada tədbirlər görmək;
8.19. xaricdə
yaşayan azərbaycanlıların vəziyyəti və
onlarla aparılan iş, Azərbaycan diaspor təşkilatlarının
fəaliyyəti, habelə Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diaspor qurumları ilə əməkdaşlığın
inkişafı sahəsində görülmüş işlər
haqqında
vaxtaşırı hesabatlar, illik məruzələr
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etmək;
8.20. xarici ölkələrdə
Azərbaycan diasporunun formalaşmasına, mütəşəkkilliyinin
möhkəmlənməsinə yardım etmək, azərbaycanlıların
ayrı-ayrı beynəlxalq təşkilatlarda təmsil
olunmasına, lobbiçilik fəaliyyətinin gücləndirilməsinə,
Azərbaycana dost münasibət bəsləyən digər
xalqların
diasporları ilə əlaqələrin genişləndirilməsinə
kömək etmək;
8.21. xaricdə yaşayan azərbaycanlıların
problemləri, eləcə də Azərbaycan diaspor təşkilatlarının
fəaliyyəti ilə bağlı dəyirmi masalar, seminarlar
və konfranslar keçirmək;
8.22. xaricdə
yaşayan azərbaycanlıların milli və vətəndaş
hüquqlarının müdafiəsinə yönəlmiş
tədbirlər həyata keçirmək, onların
sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərini
öyrənmək və həllinə dair Azərbaycan Respublikasının
dövlət strukturları, eləcə də Xarici İşlər
Nazirliyinin vasitəsi ilə müvafiq xarici dövlətlər
qarşısında təkliflər irəli sürmək;
8.23. azərbaycanlıların
yığcam yaşadıqları ölkələrdə və
regionlarda Azərbaycan Respublikasının xarici ölkələrdəki
diplomatik nümayəndəlikləri ilə birgə ana dilində
məktəblərin və Azərbaycan mədəniyyət mərkəzlərinin
açılmasını və fəaliyyətini təşkil
etmək;
8.24. xaricdə
yaşayan azərbaycanlıların, eləcə də Azərbaycana
dost münasibət bəsləyən digər xalqların
diaspor nümayəndələrinin Azərbaycan dövlətinə
və onun vətəndaşlarına maddi, mənəvi və
humanitar yardımını təşkil etmək və aidiyyəti
üzrə istiqamətləndirmək;
8.25. respublika və
beynəlxalq əhəmiyyətli tədbirlərdə xarici
ölkələrdə yaşayan azərbaycanlıların və
onların ictimai birliklərinin, habelə zərurət
yarandıqda, Azərbaycana dost münasibət bəsləyən
digər xalqların diaspor qurumlarının iştirakına
kömək etmək;
8.26. xaricdə yaşayan azərbaycanlıların
Azərbaycan Respublikasının tədris müəssisələrində
təhsil almasına, elmi və digər yaradıcılıq fəaliyyəti
ilə məşğul olmasına yardım etmək;
8.27. xaricdə yaşayan azərbaycanlılar,
onların məktəb və digər mərkəzləri
üçün ana dili dərsliklərinin, müvafiq tədris
proqramlarının və vəsaitlərinin
hazırlanmasında iştirak etmək;
8.28. fəaliyyət istiqamətlərinə
uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş
digər vəzifələri yerinə yetirmək.
IV. Komitənin hüquqları
9. Komitə öz vəzifələrini
yerinə yetirmək üçün aşağıdakı
hüquqlara malikdir:
9.1. diasporla iş sahəsinə aid
olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və
onların hazırlanmasında iştirak etmək;
9.2. diasporla iş sahəsi
üzrə Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrə tərəfdar çıxması
barədə təşəbbüs irəli sürmək;
9.3. diasporla iş sahəsi
üzrə dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək
və onlardan belə məlumatları (sənədləri)
almaq;
9.4. xaricdə
yaşayan azərbaycanlıların hüquqlarının
müdafiəsini təmin etmək məqsədi ilə qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla,
xarici dövlətlərin aidiyyəti dövlət
orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
9.5. xarici dövlətlərin
diasporla işin təşkili və aparılması sahəsində
təcrübəsini öyrənmək, ümumiləşdirmək
və qabaqcıl təcrübənin tətbiq
olunmasını təmin etmək;
9.6. fəaliyyət istiqamətləri
üzrə rəy vermək, təhlillər və ümumiləşdirmələr
aparmaq, analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər
vermək;
9.7. xaricdə
yaşayan azərbaycanlılar, onların təsis etdiyi diaspor
təşkilatları, habelə Azərbaycana dost münasibət
bəsləyən digər xalqların diasporları ilə
bağlı informasiya və nəşr fəaliyyətini həyata
keçirmək, internet saytı yaratmaq və ondan istifadə
etmək;
9.8. diasporla iş aparmaq məqsədi
ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki
diplomatik nümayəndəliklərinə Xarici İşlər
Nazirliyi tərəfindən təyin olunan işçilər
haqqında təqdimat vermək;
9.9. xaricdə yaşayan azərbaycanlılar,
onların təsis etdiyi diaspor təşkilatları, habelə
Azərbaycana dost münasibət bəsləyən digər
xalqların diasporları ilə iş üzrə komissiyalar,
koordinasiya və ekspert şuraları, işçi qrupları
yaratmaq;
9.10. diasporla iş sahəsində
mütəxəssislərin hazırlanması və
ixtisasının artırılması üçün tədbirlər
görmək;
9.11. müstəqil ekspertləri
və mütəxəssisləri qanunvericiliklə müəyyən
edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.12. fəaliyyət istiqamətlərinə
uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş digər
hüquqları həyata keçirmək.
V. Komitənin fəaliyyətinin təşkili
10. Komitənin aparatı və
onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər
qurumlar (hüquqi şəxslər, təşkilatlar və
sair) Komitənin vahid sistemini təşkil edir. Komitə öz
fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə
həyata keçirir.
11. Komitənin strukturu Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyən
edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki
qurumların (hüquqi şəxslərin, təşkilatların
və sair) siyahısını, həmçinin Komitənin
aparatının və onun strukturuna daxil olan qurumların
işçilərinin say həddini Azərbaycan
Respublikasının Nazirlər Kabineti təsdiq edir.
12. Komitənin fəaliyyətinə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
Komitənin sədri rəhbərlik edir. Komitənin sədri
Komitəyə həvalə olunmuş vəzifələrin
yerinə yetirilməsi və hüquqların həyata
keçirilməsi üçün şəxsən məsuliyyət
daşıyır.
13. Komitənin sədrinin Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə
təyin və vəzifədən azad edilən birinci müavini
və müavini vardır. Komitə sədrinin müavinləri
onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri
yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət
daşıyırlar.
14. Komitənin sədri:
14.1. Komitənin fəaliyyətini
təşkil edir və ona rəhbərlik edir;
14.2. Komitənin aparatının
struktur bölmələrinin və strukturuna daxil olan
qurumların və tabeliyində olan digər qurumların
(hüquqi şəxslərin, təşkilatların və
sair) əsasnamələrini (nizamnamələrini) təsdiq
edir;
14.3. müəyyən edilmiş
struktur, əməkhaqqı fondu və işçilərin say
həddi daxilində Komitənin yerli və digər
qurumlarının strukturunu, ştat cədvəlini və
ayrılmış büdcə təxsisatı daxilində
onların xərclər smetasını təsdiq edir;
14.4. Komitənin
aparatının işçilərini və strukturuna daxil olan
qurumların və tabeliyində olan digər qurumların
(hüquqi şəxslərin, təşkilatların və
sair) rəhbərlərini vəzifəyə təyin və vəzifədən
azad edir, həmçinin digər işçilərini vəzifəyə
təyin edir və vəzifədən azad edir, onlar barəsində
həvəsləndirmə və intizam tənbeh tədbirləri
görür;
14.5. qanunvericiliyə uyğun
olaraq icrası məcburi olan əmr və sərəncamlar
verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır),
onların icrasını təşkil edir və nəzarəti
həyata keçirir;
14.6. Komitənin fəaliyyəti
barədə Azərbaycan Respublikasının Prezidentinə və
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
mütəmadi olaraq hesabatlar və məlumatlar təqdim edir;
14.7. Komitənin vəzifəli
şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını
ləğv edir;
14.8. Komitəni təmsil edir;
14.9. qanunvericiliyə uyğun
olaraq digər səlahiyyətləri həyata keçirir.
15. Komitədə Komitə sədrindən
(kollegiyanın sədri), onun müavinlərindən və
Komitənin digər rəhbər işçilərindən
ibarət kollegiya yaradılır. Komitənin
kollegiyasının tərkibinə mütəxəssislər
və alimlər də daxil edilə bilər.
16. Komitənin
kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilir.
17. Komitənin kollegiyası
öz iclaslarında Komitənin fəaliyyəti ilə
bağlı məsələləri müzakirə edir və
müvafiq qərarlar qəbul edir.
18. Komitənin
kollegiyasının iclasları onun üzvlərinin yarıdan
çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin
kollegiyasının qərarları onun üzvlərinin sadə
səs çoxluğu ilə qəbul edilir. Komitənin
kollegiyasının qərarları qəbul edilərkən səslər
bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici
hesab edilir.
19. Komitənin
kollegiyasının qərarları protokolla rəsmiləşdirilir
və Komitənin sədri tərəfindən təsdiq edilir.
20. Komitənin
kollegiyasının üzvləri arasında fikir
ayrılığı yarandığı hallarda, Komitənin
sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat verərək öz qərarını
həyata keçirir. Komitənin kollegiyasının üzvləri
şəxsi fikirlərini Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. Komitənin kollegiyasının
iclaslarına zəruri hallarda digər icra hakimiyyəti
orqanlarının və təşkilatların, həmçinin
xaricdə yaşayan azərbaycanlıların və onların
ictimai birliklərinin nümayəndələri dəvət
edilə bilər.
22. Diasporla iş sahəsində
qabaqcıl təcrübənin öyrənilməsi və həyata
keçirilməsi üçün Komitədə ictimai əsaslarla
fəaliyyət göstərən elmi-metodiki şura
yaradıla bilər. Elmi-metodiki şura haqqında əsasnamə
Komitənin sədri tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Strukturu
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin aparatı (şöbələr və sektorlar).
Azərbaycan.-2009.-15 may.-S.6.