Zaqafqaziya Müəllimlər Seminariyasının ilk azərbaycanlı
məzunu
Səfərəli
bəy Vəlibəyov Zaqafqaziya Müəllimlər
Seminariyasının (ZMS) Azərbaycan şöbəsi fəaliyyət
göstərdiyi 40 il ərzində 250-dən
artıq əsl xalq müəllimi hazırlamışdır. Firidun bəy
Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli
bəy Vəlibəyov, Əliş bəy Tahirov, Mahmud bəy
Mahmudbəyov, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov,
Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Pənah
Qasımov, Hənəfi Terequlov, Əli Hüseynov, Fərhad Ağazadə, Səməd
bəy Acalov, Teymur bəy Bayraməlibəyov, Süleyman Sani
Axundov, Bədəl bəy Bədəlbəyli, Azad Əmirov, Əhmədağa
Mustafayev, Yusif Qasımov, Əli Qəmərli, Müseyib
İsayev, Əhməd Seyidov və başqaları müəllimlik
peşəsinin vurğunu olmuş, xalqını təhsil nuru
ilə işıqlandıran elm, maarif, mədəniyyət və
incəsənət carçıları kimi çoxşaxəli
fəaliyyət göstərmişlər. Bu insanların hər
biri tarixi şəxsiyyət, sənətkar, ustad səviyyəsinə
qalxmışdır.
Seminariyanın məzunları içərisində
Səfərəli bəy Vəlibəyovun xidmətləri
xüsusi vurğulanmalıdır. O, Zaqafqaziya (Qori) Müəllimlər
Seminariyasını bitirən ilk üç azərbaycanlıdan
biri olmuş, ömrünün on səkkiz ilini pedaqoji işə
sərf etmişdir. Bu müddət ərzində
Səfərəli bəy onlarla istedadlı gənc
yetişdirmişdir ki, bu gənclər elm, maarif, ədəbiyyat
və incəsənətin müxtəlif sahələrində,
habelə ictimai-siyasi işlərdə fəal
çalışmış, vətənə və xalqa
namusla xidmət etmişlər. C.Məmmədquluzadə,
N.Nərimanov, S.S.Axundov və bir çox başqaları
ibtidai təhsillərini S.Vəlibəyovdan almış, tələbkar
və qayğıkeş müəllimlərini həmişə
böyük məhəbbət hissi ilə yad etmişlər.
Səfərəli
bəy Şeyx Həsən oğlu Vəlibəyov 1861-ci ildə
Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini
mollaxanada almış, ərəb və fars dillərinə
mükəmməl yiyələnmişdir. 1875-ci ildə
Şuşa dördsinifli şəhər məktəbinə
daxil olmuş və 1879-cu ildə buranı bitirmişdir. Həmin ildə S.Vəlibəyovun
həyatında əlamətdar bir hadisə baş
vermişdir. Zaqafqaziya (Qori) Müəllimlər
Seminariyasının nəzdində açılmış Azərbaycan
şöbəsinə tələbə toplamaq məqsədilə
Şuşaya gələn A.O.Çernyayevski gənc Səfərəli
ilə söhbət aparmış, hazırlıqlı
olduğunu görüb onu seminariyanın ikinci sinfinə qəbul
etmişdir.
1879-1893-cü illərdə
seminariyanın Azərbaycan şöbəsini
A.O.Çernyayevski idarə edirdi. O, qabaqcıl fikirli, öz
işini sevən müəllim kadrların hazırlanmasına
xüsusi əmək sərf etmişdir. Tələbələrə
tarix və coğrafiyadan dərs deyirdi. Müəllim
çatışmazlığına görə
A.Çernyayevski S.Vəlibəyovu öz yerinə
hazırlayırdı. Səfərəli bəy hələ tələbə
ikən müəllimi Çernyayevskiyə yaxından kömək
göstərir, onun "Vətən dili" (I hissə)
kitabının hazırlanmasına xüsusi əmək sərf
edirdi.
1881-ci ildə seminariyanı bitirən
S.Vəlibəyov müəllim kimi burada fəaliyyətə
başlayır və 1896-cı ilə qədər seminariyada
işləyir. Səfərəli bəy əsas pedaqoji fəaliyyəti
ilə yanaşı, seminariyanın ictimai işlərində
də fəallıq göstərirdi. O, tələbələrin
sinifdənkənar məşğələlərinə
böyük fikir verirdi. Gənc müəllim ictimai və
pedaqoji fəaliyyətini yayda da davam etdirirdi. Adətən
tətil zamanı Şuşaya dincəlməyə gələrkən
burada uşaqlara pulsuz dərs deyər, onları orta və ali
məktəblərə daxil olmaq üçün
hazırlayardı. Şuşa və ətraf kənd məktəblərində
dərs deyən müəllimləri toplayar, onları
sövti üsulla dərs demək metodikası ilə
tanış edirdi. Bu nəcib işinə görə o, hətta
Qafqaz dairəsi popeçiteli tərəfindən mükafatlandırılmışdı.
S.Vəlibəyov seminariya daxilində
gedən məfkurə mübarizəsində də fəallıq
göstərirdi. XIX əsrin 90-cı illərində
Qafqaz təhsil orqanlarının irticaçı
başçıları Azərbaycan və gürcü dillərini
seminariyanın tədris proqramından çıxarmağa cəhd
etdikləri zaman A.O.Çernyayevski, Ə.Axundzadə və
N.Lomouri ilə birlikdə o da bu mürtəce siyasətə
qarşı çıxmışdı. Onun seminariyadan
çıxarılmasının bir səbəbi də
bu məsələdə prinsipial mövqe tutması ilə
bağlı idi.
Səfərəli bəy
müasirləri arasında təkcə yaxşı müəllim
kimi tanınmamışdı. O, həm də görkəmli
maarif xadimi, ustad metodist, bacarıqlı tərcüməçi
və hərtərəfli biliyə malik alim kimi şöhrətlənmişdi.
Onun "Vətən dili" (II hissə,
A.O.Çernyayevski ilə birlikdə) dərsliyi, rus dilindən
etdiyi tərcümələr, "Qüdrəti-xuda",
"Üsuli-cədid", tarix, ədəbiyyat, coğrafiya
kitabları və görkəmli adamların tərcümeyi-halına
dair məlumat verən "Xəzineyi-əxbar" adlı
ensiklopedik səciyyəli əsəri uzun illər Azərbaycanda
uşaqların sevdikləri kitablar olmuşdur.
S.Vəlibəyov yaxşı publisist idi. O, XIX əsrin 80-90-cı illərində "Ziyayi-Qafqaziyyə", "Tərcüman", "Kəşkül", "Kafkaz", "Novoye obozreniye", "Kaspi" kimi müxtəlif dövri mətbuat orqanlarında çap olunmuşdur. Görkəmli maarifçi "Türk dili barəsində", "Qoridən məktub", "Təzə kitabxana və qiraətxana", "Tiflisdən məktub", "Şuşadan məktub", N.Nərimanovun "Dilin bəlası" əsərinin ilk tamaşası haqqında yazdığı "Bakıdan məktub", A.O.Çernyayevskinin "Vətən dili" (I hissə) dərsliyinin təhlilinə həsr olunmuş "Biblioqrafiya" və digər məqalələrində dövrün mühüm ədəbi və ictimai hadisələrinə münasibət bildirmiş, qabaqcıl demokratik ideyalar mövqeyindən onların təhlilini vermişdir.
Səfərəli bəy Vəlibəyovun elmi-pedaqoji fəaliyyətində onun məşhur tatar maarifçisi, ümumtürk milli intibahının tarixi təşəkkülündə müstəsna xidmətləri olan İsmayıl bəy Qasprinski ilə görüşü də böyük rol oynamışdır. XIX əsrin 90-cı illərində ZMS nəzdində olan ibtidai məktəbin müdiri vəzifəsində işləyən Səfərəli bəy Vəlibəyov Qori seminariyasının Azərbaycan şöbəsinin müdiri, tanınmış maarifçi-pedaqoq Firidun bəy Köçərli ilə bərabər Krıma, İsmayıl bəyin yaşadığı Baxçasaraya getmiş, onunla təmasda olmuş və bu görüş onda böyük təəssürat yaratmışdır. Bu barədə Firidun bəy Köçərli yazmışdır: "1890-cı sənədə həqir müsəlman şöbəsinin nəzdindəki ibtidai məktəbin sabiq müəllimi Səfərəli bəy Vəlibəyovla möhtərəm ustadımızı ziyarət etmək məqsədilə Baxçasaraya səfərə çıxdıq. On gündən çox İsmayıl bəy öz evində bizi qonaq saxladı. Möhtərəm həyat yoldaşı ilə bizlərə çox-çox yaxşılıqlar etdilər ki, heç vaxt o nəvazişlər unudulmaz".
Orada olarkən
İsmayıl bəy Zincirli mədrəsəsinin müdiri mərhum
Əlihacı Həbibulla əfəndi və
Baxçasarayın digər tanınmış şəxsləri
ilə onları
A.O.Çernyayevski ilə S.Vəlibəyovun təcrübəsindən sonralar Azərbaycanın bir çox başqa pedaqoqları da istifadə etmişlər. Qaryagin qəzası Qarğabazar kənd məktəbinin müəllimi A.Tahirov çoxillik təcrübəsinə əsaslanaraq, 1887-ci ildə "Samouçitel tatarskoqo yazıka ili rukovodstvo" adlı bir dərslik tərtib etmişdi. Kitaba sadə, asan dildə yazılmış və real həyatdan alınmış materiallar daxil edilmişdi. Lakin həmin dərslik çap olunmamış qalmışdı. Yeri gəlmişkən onu da əlavə edək ki, A.O.Çernyayevski ilə S.Vəlibəyovun Azərbaycan dili dərsliyinin tərtibi təcrübəsindən Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanda da geniş istifadə olunmuşdu. 1894-cü ildə Təbrizdə Mirzə Həsən Rüşdiyyə Təbrizi (1850-1944) tərəfindən eyni adda "Vətən dili" dərsliyi nəşr olunmuşdu. Rüşdiyyə də öz kitabını sövti üsulla tərtib etmişdi.
S.Vəlibəyov 1896-cı ildə Bakıya köçmüş, burada iki il müəllimlik etdikdən sonra Bakı gömrükxanasında tərcüməçi vəzifəsində çalışmışdır. 1902-ci il avqustun 31-də ürək xəstəliyindən vəfat etmişdir.
Azərbaycan məktəb və pedaqoji fikir tarixində səs üsulu ilə yazılıb nəşr edilmiş dərslik və tədris vəsaitlərinin tətbiqinin böyük elmi-pedaqoji əhəmiyyəti var.
XIX əsrin 80-ci illərindən başlayaraq qabaqcıl ziyalıların ana dili məktəbi yaratmaq cəhdləri get-gedə artmışdı. Bakı, Naxçıvan, Şəki, Şamaxı və digər şəhərlərdə ayrı-ayrı şəxslər, mütərəqqi maarifçilər ibtidai təhsil verən ana dili məktəbləri açmaqda davam edirdilər. Belə məktəblərdən biri 1883-cü ildə Şuşada S.Vəlibəyov tərəfindən açılmışdı. Yay tətili zamanı burada istirahət edən Səfərəli bəy müvəqqəti olaraq bir məktəb açıb uşaqlara savad öyrədirdi. Onun məktəbində müxtəlif təbəqələrdən olan 25 şagird oxuyurdu. Tədris səs üsulu ilə aparılırdı. S.Vəlibəyov şagirdlərə yalnız savad öyrətməklə kifayətlənmirdi. O, eyni zamanda yerli məktəbdarlara səs üsulunun üstünlüyünü izah edir, bu üsul ilə dərs deməyin əhəmiyyətini əyani olaraq göstərirdi.
XIX yüzilliyin əvvəllərindən başlayaraq ötən əsrin 20-ci illərinə qədər hazırlanan bu kitablar ərəb əlifbası ilə yazıldığından indiki müəlliflərin bir çoxu onları oxuya bilmir. Digər tərəfdən isə, bu dərsliklərin əksəriyyəti nadir kitablar olduğundan onları təkcə Azərbaycanda deyil, MDB məkanında belə axtarıb tapmaq çətindir və gərgin iş tələb edir. Bu qəbildən olan əsərləri əldə edib onu transliterasiya və faksimile yolu ilə yenidən çap etdirmək, yəni müasir əlifbaya çevirərək latın qrafikasında oxuculara çatdırmaq bu işin əhəmiyyətli tərəfini təşkil edir. Bu işin başqa bir əhəmiyyətli cəhəti ondadır ki, həmin tədqiqatın nəticələri birbaşa təcrübəyə tətbiq edilir. Belə ki, bu gün ali orta pedaqoji məktəblərdə, pedaqoji texnikum, kollec və universitetlərdə tədris edilən Azərbaycan məktəb və pedaqoji fikir tarixi kursunun proqramında səs üsulu ilə hazırlanan dərsliklər ayrıca yer tutur və bu fənni tədris edən müəllim, müəllimlik peşəsinə hazırlanan hər bir gənc mütəxəssis həmin dərsliklərin məziyyətlərini, onun məzmununu və tərtibi prinsiplərini bilməlidir.
Apardığımız
tədqiqat nəticəsində o da müəyyən
edilmişdir ki, Azərbaycan dilinin tədrisinə aid
yazılan dərsliklərdən biri, 1839-cu ildə Tiflisdə
nəşr edilən "Təmsillər və hekayələr"
adlı kitab bədnam qonşularımız tərəfindən
"özəlləşdirilərək" 1967-ci ildə
İrəvanda nəşr edilən "Erməni
kitabı"na daxil edilmişdir (I cild, səh.248). Belə misalların sayını artırmaq da olar.
Lakin Azərbaycan dilinin tədrisi üçün
hazırlanmış dərsliklərin tarixini öyrənməyə,
imkan daxilində onlara yeni nəfəs vermək, ərəb
qrafikasından
Qeyd etmək yerinə düşər ki, 2007-ci ildə bu laboratoriyanın əməkdaşları ana dili dərsliklərimizdən birini - A.O.Çernyayevskinin 1882-ci ildə Tiflisdə nəşr etdirdiyi "Vətən dili" dərsliyinin birinci hissəsini latın qrafikasında çap etdirmişlər. 193 səhifədən ibarət olan kitaba AMEA-nın həqiqi üzvü, professor Vasim Məmmədəliyev ön söz yazmışdır. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Kamandar Şəriflidir. Lüğətin müəllifi Kəminə Həvil qızıdır.
Azərbaycan dilində tərtib edilən oxu kitabları içərisində S.Vəlibəyovun 1888-ci ildə Tiflisdə "Kəşkül" qəzetinin mətbəəsində çap etdirdiyi risalə ayrıca əhəmiyyət kəsb edir. Kitabın titul səhifəsində rus dilində bu sözlər yazılmışdır: "Knijka dlya samostoyatelnoqo çteniya na tatarsko-Azerbaydjanskoy nareçii". Azərbaycan dilində isə kitabça belə adlanır: "İbtidai məktəb şagirdlərinə məxsus və hüsnü əxlaqa dair Azərbaycan dilində oxu risaləsi". Risaləyə "Qüdrəti Xuda" yəni "Allahın qüdrəti" sözləri epiqraf seçilmişdir. Kitabın Azərbaycan dilində olan titul səhifəsində onun Tiflisdə nəşr olunduğu göstərilir. Əsər Sankt-Peterburq şəhərindəki S.Şedrin adına Dövlət Kütləvi Kitabxanasının "SSRİ xalqlarının ədəbiyyatı" şöbəsində saxlanılır. Kitabça 1968-ci ildə tərəfimizdən mikrofilmə çəkilmiş, hazırda latın qrafikasına köçürülərək şəxsi arxivimizdə - Azərbaycan Beynəlxalq Universitetində saxlanılır.
Əsəri şərti olaraq iki hissəyə ayırmaq olar. Cəmi üç səhifədən ibarət olan birinci hissə "Kitabın yazılma səbəbi" adlanır. Kitabçanın əsas hissəsini qiraət üçün əxlaqi, tərbiyəvi xarakterli oxu mətnləri təşkil edir. Buraya 20 mətn daxil edilmişdir.
Kitabçaya 1888-ci il iyunun 3-də Cənubi Qafqaz məmləkətlərinin müftisi Hüseyn Əfəndi Qayıbov, iyunun 4-də isə Cənubi Qafqaz məmləkətlərinin Şeyxülislamı Axund Mirzə Hüseyn Tahirov rəy vermişdilər. H.Ə.Qayıbovun rəyində deyilir: "Bu kitabçanı əvvəlindən axıradək diqqətli oxuduqda ibtidai məktəblərin şagirdləri üçün uyğun və faydalı bir dərslik olduğu məlum olur".
Şeyxülislam isə rəyində yazırdı: "Mülahizə olunan hikmət və nəsihətə dair Azərbaycan dilində yazılmış ibtidailər üçün doğrudan da faydalı və asan cümləli kitabçadır".
Oxu üçün seçilən mətnlər rəhmli və mərhəmətli Allahın adı ilə başlanır. Ətraf aləmdə, kainatda baş verən hadisələr, Allah-Taalanın qüdrətilə yaranan canlılardan, gecə və gündüzdən, uşaqların böyüdükcə əxlaqi-mənəvi keyfiyyətlərə sahib olmasından, "Qurani-Kərim"də zikr olunan hikmət və nəsihətlərə əməl etməkdən bəhs olunur. Uşaqların təlim-tərbiyəsindən, kitab oxumasından söhbət açılır və qeyd olunur ki, adamların alim olmasına səbəb təlim-tərbiyə və kitab oxumaq oldu.
Hüseyn Əhmədov,
Akademik
Azərbaycan.-2009.-15
may.-S.7.