Azərbaycan Prezidenti İlham Əliyev Avropa Ədalətli Oyunlar Hərəkatının İcraçı
Komitəsinin nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də
Avropa Ədalətli Oyunlar Hərəkatının
İcraçı Komitəsinin nümayəndə heyətini
qəbul etmişdir.
Dövlətimizin
başçısı, Milli Olimpiya Komitəsinin prezidenti
İlham Əliyev ölkəmizin regiondakı rolu və
idmanın inkişafı barədə qonaqlara məlumat verərək
bildirdi ki, Azərbaycanda Milli Olimpiya Hərəkatı
uğurla davam edir. Bunun sayəsində Azərbaycan
idmançıları Olimpiya oyunlarında və digər beynəlxalq
idman yarışlarında yüksək nəticələr əldə
edirlər.
Ölkəmizdə
idmanın inkişafı üçün yaradılan
infrastruktur barədə danışan Prezident İlham Əliyev
dedi ki, indi Azərbaycanın hər yerində beynəlxalq
standartlara cavab verən idman qurğuları tikilib və
dünyada hökm sürən böhrana baxmayaraq, bu proses bu
gün də davam etdirilir.
Dövlətimizin
başçısı qeyd etdi ki, 2016-cı il Olimpiya
oyunlarının Bakıda keçirilməsi barədə
müraciətimiz müsbət həll olunmasa da bu, bizi ruhdan
salmır. Çünki bu, bizim ilk cəhdimiz idi. Təcrübə
göstərir ki, dünyanın heç bir ölkəsi ilk cəhddən
buna nail ola bilməmişdir.
İdmanın Azərbaycanın
ictimai həyatının
mühüm amilinə
çevrildiyini diqqətə
çatdıran Prezident
İlham Əliyev bu sahədə beynəlxalq qurumlarla əlaqələrə mühüm
əhəmiyyət verildiyini
söylədi. Dövlətimizin
başçısı bu
baxımdan Avropa Ədalətli Oyunlar Hərəkatının İcraçı
Komitəsinin nümayəndə
heyətinin ölkəmizə
səfərinin də
əməkdaşlığı genişləndirmək baxımından
faydalı olacağını
dedi.
Avropa Ədalətli
Oyunlar Hərəkatının
prezidenti Karlos Qonsalves nümayəndə
heyətinin üzvlərini
Azərbaycan Prezidentinə
təqdim etdi. Qonaq
1974-cü ildən qeyri-hökumət idman təşkilatı kimi İsveçrədə yaranan
və 40 idman ailəsini özündə
birləşdirən Avropa
Ədalətli Oyunlar Hərəkatı İcraçı
Komitəsi adından dövlətimizin başçısına
səmimi qəbula görə təşəkkür
etdi.
Azərbaycan Milli
Olimpiya Komitəsinin yarandığı vaxtdan bəri keçdiyi inkişaf yolundan və qazandığı uğurlardan xəbərdar
olduqlarını söyləyən
Karlos Qonsalves, Azərbaycanın Avropanın
Ədalətli Oyunlar Hərəkatına verdiyi
dəstəyi və onun fəaliyyətində
yaxından iştirakını
nəzərə alaraq Avropanın Ədalətli Oyunlar Hərəkatının İcraçı
Komitəsinin ötən
ilin mayında Nikosiya şəhərindəki
iclasında qurumun
15-ci konqresinin bu ilin oktyabrında Bakıda keçiriləcəyinə
dair yekdilliklə qərar qəbul edildiyini bildirdi.
Əsas mövzusunun
ədalətli oyunların
mədəniyyətlərarası dialoqda rolundan ibarət olacaq konqresdə Avropanın
30-a yaxın milli ədalətli oyunlar təşkilatının mütəxəssisləri
iştirak edəcəklər.
Son illərdə
Azərbaycanın idmanda
qazandığı böyük
nailiyyətlərdən danışan
Karlos Qonsalves Prezident İlham Əliyevin bu sahədə xidmətlərindən
xəbərdar olduqlarını
söyləyərək dedi:
- Zati-aliləri, idman fəaliyyətlərinizdə və
gündəlik həyatınızda
olimpiya tərbiyəsinin,
ədalətli oyunlar dəyərlərinin və
prinsiplərinin vacibliyinə
yönələn bütün
təşəbbüslərə verdiyiniz hərtərəfli
dəstəyi də bilirik. Buna görə də Olimpiya Ədalətli Oyunlar Hərəkatının İcraçı
Komitəsi Sizin təşkilatın tarixində
ilk dəfə olaraq Avropa Ədalətli
Oyunlar Hərəkatının
"Şərəf" nişanı
ilə təltif edilməyinizə dair qərar qəbul etmişdir. Bu, ümumi məqsədlərimizə
nail olmaq üçün verdiyiniz böyük töhfələrə
görə bizim Sizə dərin minnətdarlığımızın ifadəsidir.
Səmimi qəbula görə Sizə bir daha minnətdarlığımızı
bildiririk. Zati-aliləri, icazə verin Avropa ədalətli
oyunlar ictimaiyyəti adından Azərbaycan xalqına ən xoş arzularımızı,
sülh və əmin-amanlıq diləklərimizi çatdırım.
Zati-aliləri, bir daha təşəkkür
edirəm.
Sonra Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti
Ərdoğan Arpinar çıxış etdi:
- Möhtərəm
Prezident, Azərbaycan xalqının yüzdə
yüz çoxluğu
ilə Sizi təkrar bu ali vəzifəyə gətirdiyi üçün
təbrik edirik. Türkiyə buna görə çox məmnundur. Şərəfli
vəzifənizə layiq
olduğunuzu hər bir işdə göstərdiniz.
Xatırlayırsınızsa, Azərbaycan
Milli Olimpiya Komitəsinin 15-ci ildönümü
tədbirində mən
də iştirak edirdim. Orada Xəzər və Çingiz müəllimlə
birlikdə bizə deyildi ki, toplantını
keçirin və söz verildi. Bu toplantı ona görə həyata keçirilir. Göründüyü kimi,
Azərbaycan Prezidenti nə söz verirsə, o sözün üstündə
durur.
Ərdoğan Arpinar Azərbaycanın idman ictimaiyyətinin də qurumun fəaliyyətinə
verdiyi dəstəkdən
razılığını bildirdi və Bakıdan başlanan bu estafetin digər
ölkələrə də
örnək olacağını
söylədi.
Sonra Karlos Qonsalves və Ərdoğan Arpinar Avropa Ədalətli Oyunlar Hərəkatının
"Şərəf" nişanını
dövlətimizin başçısına
təqdim etdilər.
Prezident İlham Əliyev yüksək mükafata görə təşəkkürünü bildirərək dedi ki, bu mükafatı
Azərbaycanda həyata
keçirilən bütün
işlərə dəstəyin
əlaməti hesab edir. Dövlətimizin başçısı dedi:
- Bizim Azərbaycanda idmanın inkişafına münasibətimiz
çox genişdir. Bu, təkcə beynəlxalq standartlara cavab verən yeni idman qurğularının
yaradılması ilə
deyil, həmçinin
idmanın və Olimpiya hərəkatının
Azərbaycanda geniş
vüsət alması
ilə ölçülür.
Bu, idmançılara,
idman veteranlarına olan böyük dəstəyin və hörmətin, ölkədə
gənc nəsil arasında idmanın inkişaf etdirilməsinə
yönələn səylərin
əlamətidir. Təbii
ki, bir istiqamətdə
əldə olunan nailiyyət digər istiqamətdə öz töhfəsini verir. Gənc idmançılarımız Olimpiya
oyunlarının qalibi
olanda biz dərhal uşaqlar arasında idmana marağın artmasının
şahidi olduq. İdmançılar cəmiyyətimizdə
çox hörmətli
şəxslərə çevriləndə
bu, gənc nəsli öz bacarıqlarını sınamağa
sövq edir. İndi bizim çox müasir idman infrastrukturumuz var və idmanda
bacarıqları sınamaq
üçün hamıya
yaxşı şərait
yaradılmışdır.
Dövlətimizin başçısı
Avropa Ədalətli Oyunlar Hərəkatının
idman etik normalarının bərqərar
olunmasında və bütövlükdə dünyada
Olimpiya hərəkatındakı
rolunu yüksək qiymətləndirdi və qurumun fəaliyyətinin Olimpiya ideyalarına, yəni dostluğa, əməkdaşlığa, bütün müxtəlif
etnik və dini mənsubiyyətli insanlar arasında ünsiyyətə əsaslandığını
vurğuladı.
Prezident İlham
Əliyev idmanın təkcə nəticə,
qələbə və
ya uğurdan ibarət olmadığını,
onun həm də sülhün bərqərar olunmasında,
təhlükəsizliyin təmin
edilməsində, mədəniyyətlər
və dinlər arasında dialoqun yaradılmasında çox
mühüm bir vasitə olduğunu dedi.
Azərbaycan Prezidenti ölkəmizdə bütün
beynəlxalq tədbirlərin
yüksək səviyyədə
təşkil olunduğunu
diqqətə çatdırdı
və oktyabrda Avropa Ədalətli Oyunlar Hərəkatının
konqresinin də Bakıda uğurla keçəcəyinə əminliyini
bildirdi.
Qurumun gördüyü
işlərə dəstəyini
əsirgəməyəcəyini söyləyən dövlətimizin
başçısı Azərbaycanın
Cənubi Qafqazda və Mərkəzi Asiyada təkcə coğrafi mövqeyi və iqtisadi potensialı ilə deyil, həm də idman sahəsində
nailiyyətləri ilə
fərqləndiyini vurğuladı.
Prezident İlham Əliyev dövlət başçısı olmaqla
yanaşı, Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyini də söylədi və bildirdi ki, ölkə həyatının bütün
sahələri kimi, idmanın inkişafına
da qayğı daim diqqətdədir.
Dövlətimizin başçısı
Avropa Ədalətli Oyunlar Hərəkatının
nümayəndələrinə uğurlar arzuladı.
Görüşdən sonra xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2009.- 16 may.-S.1.