"Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında

 

Son illər "Azərbaycan Respublikasının inkişafı naminə informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" çərçivəsində görülən tədbirlər cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri Bakı şəhərində müxtəlif qanun pozuntularına, cinayətlərə, fövqəladə vəziyyətlərə çevik reaksiya vermək funksiyalarını yerinə yetirən "Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə sistemidir.

"Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə sistemi daxilində elektron müşahidə vasitələri ilə dövlət əhəmiyyətli binaların, əhalinin kütləvi toplantı yerlərinin, küçə meydanların, təhsil, mədəniyyət səhiyyə müəssisələrinin, sosial nəqliyyat infrastrukturlarına aid obyektlərin ərazilərin tam əhatə olunmasını təmin etmək, bütövlükdə ictimai təhlükəsizliyə nəzarəti daha da gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə 6 (altı) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2009-cu il

 

Azərbaycan.-2009.-16 may.-S.1.