Parisdə YUNESKO-nun
xoşməramlı səfirlərinin
illik toplantısı keçirilmişdir
Xəbər verdiyimiz kimi, mayın 14-də Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısı keçirilmişdir. Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva toplantıda iştirak etmişdir.
Toplantını YUNESKO-nun baş direktoru Koişiro Matsuura açaraq ötən dövrdə görülən işlərdən danışmış, xoşməramlı səfirlər ailəsinə qəbul olunan yeni üzvləri təbrik etmişdir.
YUNESKO-nun dünyada təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrlə bağlı problemlərin həllini daim diqqətdə saxladığını vurğulayan Koişiro Matsuura bu ilin martında Azərbaycanda səfərdə olduğunu, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birgə Beynəlxalq Muğam Mərkəzinin və 1-ci Beynəlxalq Muğam Festivalının açılışında iştirak etdiyini xatırlatmış, Heydər Əliyev Fondunun Azərbaycanın inkişafı naminə böyük işlər gördüyünü, muğam sənətinin qorunması və təbliği ilə bağlı uğurlu layihələr həyata keçirdiyini xüsusi vurğulamışdır. Muğamın dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini bildirən baş direktor Azərbaycan xalqının daha bir musiqi sənətinin - aşıq musiqisinin də həmin siyahıya daxil olunması istiqamətində iş getdiyini diqqətə çatdırmışdır.
YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva toplantıda çıxış etdi.
Azərbaycan.-2009.-16 may.-S.2.