Kənd
çaparxanasından Qori seminariyasına
1882-ci ildə Tiflisdə litoqrafiya üsulu ilə (daş
basmaxanası) qiymətli bir kitab çap olundu. Bu müsəlman-azərbaycanlı
balaları üçün
yazılmış, o vaxta
kimi analoqu olmayan, yeni tipli
milli dərslik idi. O zaman heç
kəs güman etməzdi ki,
böyük maarifpərvərlik
yanğısı, elmə, təhsilə məhəbbət ruhunda, əsl pedaqoq qələmi
ilə yazılmış “Vətən dili”
adlı bu ilk dərslik
milli təhsilimizin inkişafında böyük intibaha səbəb
olacaq. Təsadüfi deyil
ki, Azərbaycanın ictimai-siyasi,
mədəni həyatında əvəzsiz xidmətləri olmuş C.Məmmədquluzadə, N. Nərimanov,
Ü. Hacıbəyov, M. Maqomayev, S.S.Axundov, F. Köçərli, İ. Musabəyov,
R. Əfəndiyev, B. Bədəlbəyov və digər
görkəmli şəxsiyyətlərin yetişməsində
böyük rol
oynamış bu kitab
1910-cu ilədək düz yeddi
dəfə nəşr olunmuşdur. Sonralar, milli ədəbiyyatımızın
tədqiqatçısı Firidun bəy
Köçərli bu dərslik
haqqında belə yazırdı: “Vətən dili”
bizim məktəblərdə tamam yeni bir
dövr açdı”. Təəssüf
ki, 1920-ci ilədək istifadə olunan bu dərs vəsaiti
bolşeviklərin istilasından sonra tariximizin bir çox səhifələri kimi
tamamilə unuduldu və bir
kənara atıldı. Bəs bu qədər
məşhur olan, yeddi
dəfə nəşr edilən dərsliyin müəllifi kim idi? Bugünkü gənc nəsil onun
haqqında nə bilir?
“Mədəniyyət” qəzeti bu suallara aydınlıq gətirmək məqsədilə
paytaxt sakinləri arasında eksklüziv sorğu keçirib. Sorğuda iştirak edənlərin demək olar ki, 50 faizi
adıçəkilən kitab və onun müəllifi barədə, ümumiyyətlə,
heç bir təsəvvürə
malik olmadıqlarını bildiriblər. Suallara qeyri-dəqiq və yanlış cavab verənlər 30 faiz
təşkil edib. Respondentlərin 20 faizi isə cavab verməkdə
çətinlik çəkdiklərini bildiriblər. Beləliklə,
”Mədəniyyət” qəzetinin bu
sayından etibarən milli maarifçilik
mədəniyyətimizin tarixi, onun keçdiyi inkişaf yolu, cəfakeş
maarifçilərimizin həyat və fəaliyyəti ilə
bağlı silsilə yazılar dərc edəcəyik.
Aşağıdakı məqalə bu
sıradan ilk təşəbbüsdür.
İki sitat
1895-ci ildə Tiflisdə nəşr olunan
“Novoye obozreniye” qəzetində
məşhur ədəbiyyatşünas, görkəmli tədqiqatçı
Firidun bəy Köçərlinin
imzası ilə maraqlı bir məqalə
dərc olunur. Məqalədə vaxtilə
Qori Müəllimlər Seminariyasında ona dərs demiş mərhum
pedaqoq Aleksey Osipoviç Çernyayevski
haqqında xoş sözlər deyilir, bu nəcib
insanın müəllimlik ləyaqətinə, pedaqoqluq istedadına yüksək qiymət verilirdi. Məqalə müəllifi böyük bir qədirbilənlik
və təəssübkeşlik hissi ilə
yazırdı: “Mərhum Çernyayevski...gözəl
pedaqoq idi, sadə
xalqın və uşaqların danışdığı Azərbaycan
dilini də yaxşı bilirdi.
Azərbaycan xalq məsəllərini heç kəs öz
danışığında onun qədər
yerli-yerində işlətmirdi”.
Elə həmin ərəfədə, digər
tanınmış ədib, görkəmli maarif
xadimi Rəşid bəy Əfəndiyev
isə “Çernyayevski kimdir?”
sərlövhəli məqaləsində Qori
Müəllimlər Seminariyasının Azərbaycan
şöbəsinin rəhbəri, böyük
maarif fədaisi, azərbaycanlı uşaqlar üçün
Avropa tipli ilk milli dərslik yazaraq çap
etdirmiş, bütün
şüurlu həyatını, fitri istedad və
bacarığını milli maarifimizin inkişafına sərf etmiş, 40 illik pedaqoji fəaliyyəti dövründə 250 nəfərdən
artıq azərbaycanlı ziyalı yetişdirmiş
A.Çernyayevskinin vəfatından
sarsıldığını bildirir,
müəllimi və dostu olmuş bu insanın Azərbaycan
maarifi üçün
sərf etdiyi əməyi yüksək
qiymətləndirirdi. Rəşid bəy məqaləsində
belə bir həqiqəti də
vurğulayırdı ki, Aleksey
Osipoviç istər maarif
sahəsində, istərsə də şəxsi həyatında
hər kəsə nümunə ola biləcək
nadir şəxsiyyətlərdən idi. Müəllif sonda “Çernyayevski kimdir” sualını təkrarlayaraq, öz sualına elə özü
də cavab verərək yazırdı: “Çernyayevski Şamaxıda, kasıb bir rus ailəsində doğulmuş və Azərbaycan dilini azərbaycanlı oğlu
kimi mənimsəmiş çox
əxlaqlı, çox tərbiyəli bir zat idi”.
Çaparxana işçisi...
1840-cı ildə Azərbaycanın qədim və zəngin
mədəniyyət mərkəzi Şamaxıda dünyaya göz açan balaca Aleksey uşaqlıq çağlarından maddi ehtiyac içərisində
yaşayıb. Imkanı olmadığı üçün təhsilini tamamlaya
bilməyən bu istedadlı insan həyatını yenidən qurmaq, taleyini bir daha sınamaq məqsədilə
gənc yaşlarında ikən qoca
anası ilə birlikdə Mərəzə kəndinə (indiki Qobustan rayonu) köçərək buradakı çaparxanada (Poçt
idarəsi) işə düzəlir. Boş
vaxtlarında kasıb azərbaycanlı balalarını
başına toplayaraq onlara
pulsuz və təmənnasız savad öyrədən, təlim-tərbiyə
verən Çernyayevski tədricən bu işin aludəçisinə
çevrilir. Cədvəl tərtib edir, məşğələlər keçirir, kənd uşaqlarını
yazıb-oxumağa həvəsləndirmək üçün
əlindən gələni əsirgəmir. Az
sonra onun bu fəaliyyəti və məşğələləri
əsl məktəb halına düşür.
Məlumatlara görə, 1867-ci ildə Mərəzə kəndindəki
bu məktəbdə 81 nəfər şagirdin oxuduğu bildirilir. Maraqlıdır ki,
onların arasında 4 nəfər müsəlman qız
uşağı da var
imiş.
Yaxşı deyiblər ki, tale onunla mübarizə
etməyə cəsarəti olan insanlardan heç vaxt üz çevirmir.
Təsadüfi deyil ki, qısa bir zaman kəsiyində Mərəzə kəndindəki
bu məktəbin sorağı ətraf
yerlərə də yayılır. 1867-ci ildə xoş bir təsadüf Çernyayevskinin həyatında böyük bir dönüş yaradır, onun
gələcək taleyini qəti şəkildə
müəyyənləşdirir. Həmin il
Bakıya gəlmiş Qafqaz Maarif Şöbəsinin müdiri
Y.M. Neverov Mərəzə kəndindən keçərkən
yerli çaparxana işçisinin məktəbi barəsində
xoş və tərifli sözlər eşidir. Çernyayevskinin
gənc-həvəskar müəllim kimi əldə
etdiyi müvəffəqiyyətlər maarif müdirini heyran edir. Çernyayevski
ilə tanış olan Neverov
ona tezliklə Tiflisə gəlməyi,
burada maarif sahəsində
çalışmağı təklif edir
və bu işdə ona
yardımçı olacağını bildirir.
Geri dönərkən Neverov
Qafqaz canişininə bu
barədə belə bir rəsmi məlumat
verir: “Heç bir elmi, hətta pedaqoji təhsil görməyən, lakin geniş məlumatlı,
fitri istedadlı Çernyayevski
o qədər də tanış
olmadığı maarif sahəsində
gözəl nəticələr əldə etmişdir”.
Cəmi bir il sonra Çernyayevski öz ərizəsinə əsasən Mərəzə
kənd çaparxanasındakı işindən
çıxaraq Tiflisə gəlir. Neverovun
məsləhəti və təkidi ilə gimnaziyada
ekstern üsulu ilə
imtahan verib müəllimlik
şəhadətnaməsi alır. Kənd
çaparxanasında yaşanan həyat isə
tezliklə xoş bir
xatirəyə çevrilir.
Qori seminariyasında
1879-cu ildə Qori Müəllimlər
Seminariyası nəzdində Azərbaycan şöbəsinin
açılması məsələsi müzakirəyə
çıxarılan zaman A. Çernyayevski bu
şöbənin təşkili və yaradılması üçün ən münasib
və layiqli şəxs hesab
edilir. Həmin ilin yayında Azərbaycanın bütün irili-xırdalı
yaşayış məntəqələrini, kənd və
şəhərlərini qarış-qarış gəzib,
seminariyanın yenicə açılmış Azərbaycan
şöbəsində oxumaq üçün şagird
toplayan Aleksey Osipoviç cəmi bir
neçə gənc ilə geri
qayıdır. Sonralar onlardan yalniz üç nəfəri, Teymur
bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli
bəy Vəlibəyov (Şuşa) və
Mirzə Əliməmməd Xəlilov (İrəvan) şəhadətnamə
alıb xalq müəllimi adına layiq görülürlər. A. Çernyayevski Səfərəli bəy Vəlibəyovu
dərs demək üçün seminariyada saxlayır.
O zaman A.Osipoviçi
düşündürən problemlərdən biri
də azərbaycanlı şagirdlər üçün
milli dərsliyin yaradılması məsələsi
idi. Ona görə də bu maarif fədaisi Şamaxı, Mərəzə
və Tiflisdə yaşayıb işləyərkən əldə
etdiyi, böyük
qayğı ilə topladığı materialların əsasında
Azərbaycan dilində ilk milli
dərslik yazmağa başlayır. 1882-ci
ildə Çernyayevski “Vətən dili” adlanan bu
dərsliyi Tiflisdə daş basmaxanasında
nəşr etdirir. Kitabda
ilk dəfə olaraq dilimizin qrammatik
qayda-qanunları, durğu işarələri,
orfoqrafiya və yazı qaydaları
haqqında məlumat verilirdi. 1888-ci ildə
böyük pedaqoq Səfərəli
bəy Vəlibəyovla birlikdə “Vətən dili”nin II hissəsini də
çap etdirir.
A.Çernyayevskinin milli maarif
sahəsindəki xidmətlərini sonralar
Azərbaycanın görkəmli ziyalıları dönə-dönə,
qədirbilənliklə xatırlamış, onun
bu sahədəki zəhmətinə
yüksək qiymət vermişlər. Çernyayevski
özü də gördüyü
işin necə ağır və məsuliyyətli
olduğunu
dönə-dönə qeyd etmiş, lakin bundan böyük zövq aldığını söyləmişdir.
O, 1879-cu ilin iyununda
seminariyanın o zamankı direktoru
D. Semyonova göndərdiyi məktubunda
yazırdı: “Çox hörmətli Dmitri Dmitriyeviç! Mənə
verdiyiniz tapşırıq kifayət qədər
yerinə yetirilmişdir.
Açığını desək, bu səyahət
mənə çox baha
başa gəldi. 3600 kilometrdən
artıq məsafənin 2400 kilometrini 30-40
dərəcə istidə, əzablı yollarla
və özü də müxtəlif nəqliyyat
vasitələri ilə keçib getməli
oldum. Bu da mənim zəif səhhətimdə əks olunmaya bilməzdi. Lakin bu saysız-hesabsız əzab və əziyyətlərə
baxmayaraq, tapşırığı
imkanım dairəsində müvəffəqiyyətlə
yerinə yetirdiyim üçün
çox şadam”.
Məlumatlara görə, bu fədakar
maarifçi Azərbaycan dilində “Fikir” adlı qəzet nəşr etmək istəmiş,
lakin buna nail ola bilməmişdir. Böyük rus pedaqoqu Uşinskinin
mütərəqqi pedaqoji ənənələrini
Azərbaycan mühitində müvəffəqiyyətlə davam etdirən A. Çernyayevski
1894-cü ildə Tiflisdə vəfat etmiş
və öz sevimli
şagirdlərinin, məsləkdaşlarının,
dostlarının çiynində son mənzilə
yola salınmışdır.
Çernyayevski kimi
insanlar haqqında danışarkən məşhur
bir kəlam yada düşür: “İşıqlı əməl
sahibləri olmasaydı, dünya qoltuq ağaclarına söykənərdi”. Bəli,
işıqlı əməllər zaman
keçdikcə nəinki sönmür, əksinə
daha cazibədar, daha güclü, daha parlaq olur. Təqribən bir əsr yaşı olan
“Vətən dili” adlı milli
dərsliyimiz də bu böyük
işığın bir zərrəsidir.
Cəlal Tağıyev
Mədəniyyət. - 2009.- 15 may.- S. 6.