Azərbaycan parlament nümayəndə
heyəti Litvada rəsmi səfərdədir
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 14-də Litva Respublikasına rəsmi səfərə gəldi. Vilnüs şəhərinin hava limanında nümayəndə heyətimizi Litva Seyminin sədr müavini Alqis Kaşeta, ölkəmizin Litvadakı səfiri Nairə Şahtaxtinskaya və digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan parlament nümayəndə heyətinin tərkibinə deputatlardan Musa Quliyev, Əhməd Vəliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Mayın 15-də nümayəndə heyətimiz Litva Prezidenti Valdas Adamkusla görüşdü. Görüşdə ikitərəfli münasibətlərin bir sıra istiqamətləri diqqət mərkəzində oldu. Milli Məclisin Sədri Litva Prezidenti ilə ölkələrimiz arasında əməkdaşlığın bu günü və inkişaf perspektivləri barədə fikirlərini bölüşdülər.
Söhbətdə Litva Prezidenti Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevlə görüşlərini xatırladaraq, Azərbaycanın daxili və xarici siyasətini, xüsusilə də Avropanın enerji təhlükəsizliyi istiqamətində atdığı addımları yüksək dəyərləndirdi.
Nümayəndə heyətimizin Litva Respublikasının Baş naziri Andrius Kubiliusla görüşündə ölkənin Baş naziri bu cür səfərlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu yüksək qiymətləndirdi, ümumi maraqlarımızın həyata keçirilməsində geniş perspektivlər açacağına əminliyini ifadə etdi.
Səmimi qəbul üçün təşəkkürünü bildirən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan-Litva əlaqələrinin bəzi aspektlərini müzakirə etmək üçün yaranmış imkanı yüksək dəyərləndirdi. Sədr ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bir sıra istiqamətlərinə toxundu.
Görüşdə iqtisadi, mədəni sahədə əməkdaşlıq, enerji ehtiyatlarından istifadə, Avropanın enerji təhlükəsizliyi, dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu və digər məsələlər müzakirə olundu.
Səfər zamanı Azərbaycan parlament nümayəndə heyətinin Litva Respublikası Seyminin Sədri Arunas Valinskas ilə görüşündə əvvəlcə hər iki ölkə parlamentinin sədrləri Azərbaycan və Litvanın dövlət bayraqları önündə xatirə şəkli çəkdirdilər.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, bu sahədə əməkdaşlığın daha da dərinləşməsi, dostluq qruplarının fəaliyyətinin gücləndirilməsi, beynəlxalq təşkilatlarda, parlament assambleyalarında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi, TVİNİNQ layihəsinin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
Söhbətdə Azərbaycanın üzləşdiyi ən ağrılı problem - Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həlli, Ermənistanın təcavüzkar siyasətinin acı nəticələri və Azərbaycan həqiqətləri bir daha diqqətə çatdırıldı, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.
Görüşün sonunda Milli Məclisin Sədri Oqtay Əsədov xatirə kitabına ürək sözlərini yazdı.
Səfər çərçivəsində
nümayəndə heyətimiz
Vilnüs şəhərinin
tarixi yerləri ilə də
Akif Nəsirov,
Milli Məclisin mətbuat katibi
15 may, Vilnüs
şəhəri
Azərbaycan.-2009.-16 may.-S.2.