Milli Məclisin nümayəndə heyəti İkinci Beynəlxalq Moskva Konqresinin işində iştirak etmişdir

 

Sankt-Peterburqdakı Tavriçeski sarayında RF Hökumətinin dəstəyi ilə MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası (MDB PAA), Avropa Şurası Parlamentlərarası Assambleyası və Rusiya Federal Məclisinin Federasiya Şurası tərəfindən təşkil edilmiş İkinci Beynəlxalq Neva Konqresi açılmışdır.

Konqresin işində Azərbaycan Milli Məclisinin nümayəndə heyəti - parlament sədrinin müavini Bahar Muradova, Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədr müavini Elton Məmmədov, Milli Məclisin MDB PAA-da daimi nümayəndəsi, MDB PAA Baş katibinin müavini Aydın Cəfərov iştirak etmişdir.

Konqresin açılışında Rusiya prezidenti Dmitri Medvedevin və RF Hökumətinin sədri Vladimir Putinin Konqresə təbrikləri oxunmuşdur.

Neva Konqresinin məqsəd və vəzifələri haqqında məruzə ilə RF Federasiya Şurasının və MDB PAA Şurasının sədri Sergey Mironov və təşkilat komitəsinin həmsədri, Avropa Şurası Parlament Assambleyasının sədri Luis Mariya de Puç çıxış etmişdir. Qeyd edilmişdir ki, Neva Konqresinin əsas məqsədi beynəlxalq ekoloji təhlükəsizlik sisteminin formalaşması, təbii ehtiyatlardan istifadə və onların idarə edilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, bioloji müxtəlifliyin qorunub saxlanması və ekoloji fəlakətlərə qarşı mübarizə məsələlərini müzakirə etməkdir. 2008-ci ilin dekabrında keçirilmiş birinci Neva Konqresində əldə edilmiş razılaşmaya görə, ekoloji təhlükəsizliyin təmin edilməsi müxtəlif ölkələrin, təşkilatların və hər bir insanın məsuliyyəti ilə birbaşa əlaqədar olan qlobal vəzifə hesab edilməlidir.

Plenar iclaslarda və tematik "dəyirmi masa"larda enerji ehtiyatlarından istifadə və ətraf mühitin qorunması, MDB üzvü olan dövlətlərin və Avropa Şurasının üzvü olan ölkələrin ekoloji qanunvericiliyinin uyğunlaşdırılması, enerji ehtiyatlarından istifadənin ekoloji təhlükəsizliyinin artırılması, ekoloji sistemlərin qorunub saxlanması, habelə texnogen ekoloji fəlakətlərin, iqlim dəyişməsi ilə əlaqədar təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə uğurlu strategiya və proqramların həyata keçirilməsi istiqamətində informasiya və təcrübə mübadiləsi məsələlərinə dair geniş müzakirələr olmuşdur.

"Energetikada ekoloji təhlükəsizlik" mövzusunda "dəyirmi masa" çərçivəsində yanacaq-energetika kompleksində ekoloji təhlükəsizlik, atom elektrik stansiyalarının təhlükəsizliyi, tullantılardan istifadə edilməsi, energetika sahəsində tullantıların basdırılması və təkrar emalı problemləri, bir sıra digər məsələlər müzakirə edilmişdir. "Dəyirmi masa"nın moderatorlarından biri, Milli Məclisin deputatı Elton Məmmədov müzakirələrdə çıxış etmişdir. Ekoloji təhlükəsizlik məsələləri "Ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində transsərhəd əməkdaşlıq", "Əhalinin sağlamlığı və ətraf mühit: vətəndaş cəmiyyəti təhlükəsiz energetikanın tərəfdarıdır", "İnsanın yaşayış mühitinin ekoloji problemləri və energetika ehtiyatlarından davamlı istifadənin təmin edilməsi", "Su ehtiyatlarının ekologiyası" mövzularına həsr edilmiş "dəyirmi masa"lar çərçivəsində də geniş müzakirə edilmişdir. Deputatlar Arif Rəhimzadə və Əli Hüseynov diskussiyalarda fəal iştirak etmiş, müzakirə edilən məsələlər barəsində Azərbaycanın mövqeyini bildirmişlər.

Konqres çərçivəsində "Ekoloji təhlükəsizlik və enerji ehtiyatları" mövzusunda sərgi təşkil edilmişdir.

 

 

Asya Hacızadə,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2009.-16 may.-S.2.