Dövlət Neft Akademiyasında törədilmiş
qanlı faciə ilə əlaqədar başlanmış
cinayət işi üzrə müvafiq tədbirlər davam
etdirilir
Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətləri bildirmişlər ki, aprelin 30-da Dövlət Neft Akademiyasında silahlı şəxs tərəfindən adamların xüsusi amansızlıqla öldürülməsi faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə Respublika Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu müvafiq tədbirləri davam etdirir.
Hadisənin şahidi olmuş Dövlət Neft Akademiyasının müəllim və tələbələri, o cümlədən Fərda Qədirovun Gürcüstandan Bakı şəhərinə gəldiyi avtobusun sürücüsü və sərnişinləri, paytaxtda olduğu müddətdə ünsiyyət saxladığı şəxslər, hərəkət marşrutu, yaşadığı binanın sakinləri və ətraf ərazilərdəki obyektlərdə işləyənlər dindirilmişlər. Həmçinin cinayətdə iştirakı ehtimal edilənlərin telefon danışıqları təhlil edilmiş, eləcə də onların mənzillərində, müxtəlif saxlanc yerlərində axtarışlar aparılmış, digər zəruri tədbirlər həyata keçirilmişdir.
Fərda Qədirovun cinayəti törətdiyi gün yaşadığı ünvandan Dövlət Neft Akademiyası istiqamətində keçdiyi yolu qeydə almış videokameraların görüntüləri, habelə onun hərəkət trayektoriyası öyrənilməkdədir.
Bununla bərabər, Fərda Qədirovun əvvəllər Rusiya və Gürcüstanda yaşaması baxımından əlaqələrinin müəyyənləşdirilməsi və iş üçün əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin aparılması məqsədi ilə istintaq qrupunun üzvləri həmin ölkələrə ezam olunmuşlar.
Gürcüstanın hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində Fərda Qədirovun Daştəpə kəndində yaşadığı evdə aparılmış axtarış zamanı ona məxsus müxtəlif sənədlər, o cümlədən cinayətdə istifadə etdiyi tapançanı 2008-ci il oktyabrın 24-də "Kula ARMS Corciya" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus Tbilisi şəhərindəki silah mağazasından alması barədə qəbz, 14 ədəd patron, güllə və giliz, hər biri 50 patron tutumu olan iki qutu, düyməli bıçaq, silah təmizləmək üçün ləvazimat, birdəfəlik istifadə üçün əlcəklər, habelə əlində silah tutduğu vəziyyətdə çəkilmiş üç fotoşəkil aşkar edilmişdir.
Fotoşəkillərdən ikisinin arxasında "24 fevralya 2009 q. Qadirov Farda Odinokiy Volk", digərində isə "U menya kajdıy şaq smert. 10 noyabrya 2008 q. Qadirov Farda" sözləri yazılmışdır.
Əşyaların içində, həmçinin müxtəlif telefon nömrələri olan qeydlər, 15 ədəd videokaset, üzərində rus dilində "Telefonun kamerasına bax, görərsən mən kiməm" yazısı olan kağız parçası, telefonunda isə "Mənim üçün məhəbbət yoxdur, yalnız nifrət var, Bakıya gəlirəm, qarşıma kim çıxsa, yaşına baxmadan bax belə vuracağam, polisə təslim olmayacağam, öldürməkdən həzz alacağam" deməsini, canavar maskası taxmasını və tapançadan atəş açmasını nümayiş etdirən videogörüntülər aşkar edilərək götürülmüşdür.
Gürcüstanın hüquq-mühafizə orqanlarının yaxından köməkliyi ilə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Fərda Qədirovun 2008-ci ilin oktyabrında Rusiya Federasiyasından Daştəpə kəndinə qayıtdıqdan sonra oktyabr-noyabr aylarında 1961-ci il təvəllüdlü milliyyətcə erməni olan, lakin özünü gürcü kimi təqdim etmiş Gürcüstan vətəndaşı Qriqoryan Sergey Yeqoroviçlə telefon əlaqəsi yaradaraq mütəmadi görüşməsi, birlikdə silah mağazasından 500 lariyə "Makarov" tapançası və 200 lariyə 100 ədəd patron alması müəyyən edilmişdir.
Törədilmiş bu
ağır cinayətlə Sergey Qriqoryanın əlaqəsinin
olub-olmaması və tapançanın əldə
olunmasının qanunauyğunluğunun müəyyənləşdirilməsi
istiqamətində istintaq-əməliyyat tədbirləri
aparılır. Eyni zamanda, Dövlət Sərhəd Xidməti
ilə birlikdə həmin silahın dövlət sərhədindən
Azərbaycana hansı yolla keçirilməsi faktı
araşdırılır.
O da qeyd olunmalıdır ki,
valideynlərinin və yaxınlarının Fərda Qədirovun
meyitinin qəbulundan imtina etmələri səbəbindən cəsədi
sahibsiz kimi torpağa tapşırılmışdır.
Ölkə rəhbərliyinin
şəxsi nəzarətində olan cinayət işinin
istintaqının tam, hərtərəfli və operativ
araşdırılması üçün hüquq-mühafizə
orqanları tərəfindən qısa müddətdə
aşkarlanmış əhəmiyyətli maddi sübutlar,
faktlar və başqa zəruri xüsusatlar barədə ictimaiyyət
ətraflı məlumatlandırılsa da, təəssüf
ki, müxalifət yönümlü ayrı-ayrı siyasi
partiyaların nümayəndələri, onların mətbu
orqanları və xaricdəki havadarları baş vermiş
faciəli hadisədən öz çirkin siyasi məqsədləri
üçün faydalanmağa yönələn cəhdlər
edirlər.
Bunun üçün onlar
müxtəlif ali məktəblərdə təhsil alan gənclər
arasında həqiqətə uyğun olmayan, heç bir
reallığa söykənməyən, yalnız ictimai-siyasi
vəziyyəti gərginləşdirmək niyyəti güdən
şayiələr yayır, vətəndaşları, hətta
məktəbliləri belə aldatmağa, əsl həqiqətdən
yayındırıb yanlış yola istiqamətləndirməyə
səy göstərirlər.
Xalqın dövlətə,
dövlətçiliyə, əmin-amanlığın
dönməzliyinə olan inamını zəiflətmək
üçün keçmişdə də çoxsaylı
insan ölümü ilə nəticələnən cinayətlər
törədilmiş, faciəli hadisələrdən istifadə
etməyi özlərinə ar bilməyənlər isə bu
günün özündə belə cəmiyyətin daim matəm
içində yaşamasına, vətəndaşların gələcəyə
ümidini itirməsinə çalışırlar.
Lakin şübhə yoxdur ki,
xalq, o cümlədən Azərbaycanın gəncliyi sabaha
nikbinliklə baxır və ölkənin daxilində, eləcə
də xaricində olan heç bir qüvvənin öz məkrli
niyyətini həyata keçirməsinə imkan verməyəcəkdir.
İctimai asayişin
pozulmasına yönəlmiş hər bir cəhdin
qarşısı qətiyyətlə alınacaq, onların təşkilatçıları
və iştirakçıları barəsində lazımi tədbirlər
görüləcəkdir.
Hazırda işin bütün
hallarının araşdırılması istiqamətində
zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış
tədbirləri davam etdirilir.
AzərTAc
Azərbaycan.-2009.-16 may.-S.3.