Əli Əhmədov: "Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdə çıxışı Ermənistanla Türkiyə arasında sərhədlərin açılması ilə əlaqədar yayılan söz-söhbətlərə tam aydınlıq gətirdi"

 

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir: "Azərbaycan ilə Türkiyə dost qardaş dövlətlərdir. Münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi biz "bir millət, iki dövlətik".

YAP sədrinin müavini qeyd etmişdir ki, həssas bir dönəmdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdə çıxışı bu fəlsəfəyə məntiqə uyğundur. Əli Əhmədov demişdir ki, Milli Məclisdə Rəcəb Tayyib Ərdoğanın çıxışı son vaxtlar Ermənistanla Türkiyə arasında sərhədlərin açılması ilə əlaqədar yayılan söz-söhbətlərə tam aydınlıq gətirdi: "Türkiyənin Baş nazirinin dilindən biz Dağlıq Qarabağ problemi öz həllini tapmayınca, Ermənistanla münasibətlərin normallaşmayacağı haqqında bəyanatı eşitdik. Hesab edirəm ki, bu kifayət qədər yüksək səviyyədə böyük məsuliyyətlə səsləndirilmiş bəyanatdır. Biz buna inanırıq. Türkiyə həmişə Azərbaycanı müdafiə edib, Azərbaycanla bir olub bundan sonra da "bir millət, iki dövlət" məntiqindən fəlsəfəsindən çıxış edərək həmişə bir olacaqdır. Bu, həm bizim milli qürurumuzdur, həm gücümüzdür".

YAP-ın sədr müavini vurğulamışdır ki, bu çıxış Azərbaycan cəmiyyətində Ermənistanla Türkiyə arasındakı danışıqlarla əlaqədar narahatçılığa son qoymaq üçün ən ciddi əsaslardan biridir.

 

 

Azərbaycan.-2009.-16 may.-S.4.