Bakıda bədii
gimnastika üzrə
25-ci Avropa çempionatının
açılış mərasimi
olmuşdur
Mayın 15-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə 25-ci Avropa çempionatı start götürmüşdür. Yarışlarda dünyanın 32 ölkəsindən 186 gimnast iştirak edir.
Açılış mərasimində Azərbaycan folklor süjetlərindən istifadə edilməklə səhnələşdirilmiş tamaşa təqdim edilmişdir.
Tamaşa başa çatandan sonra Azərbaycanın Dövlət Himni səslənmiş, çempionatın iştirakçısı olan komandaların rəsmi-keçidi olmuşdur.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd etmişdir ki, ölkəmizdə bədii gimnastika sürətli inkişaf dövrünü yaşayır. Pekin Olimpiadasında bədii gimnastika üzrə şəxsi birincilikdə azərbaycanlı gimnastlardan birinin 6-cı yeri, qrup birinciliyində isə ölkəmizin komandasının 7-ci yeri tutması böyük nailiyyətdir. Bütün bunlar Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bədən tərbiyəsinə və idmana qayğısı və diqqəti sayəsində mümkün olmuşdur.
Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios Dimitropulos qeyd etmişdir ki, 2007-ci ildə Bakıda Avropa çempionatının uğurlu təşkilindən sonra Avropa Gimnastika İttifaqı 25-ci, yubiley qitə birinciliyinin Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etmişdir. O, yarışların yaxşı təşkil edilməsinə görə ölkəmizin rəhbərliyinə və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmiş və iştirakçılara uğurlar arzulamışdır.
Çempionatın ilk günündə 3 qrupda seçmə yarışlar keçirilmişdir. Azərbaycanlı idmançılar Anna Qurbanova və Aliyə Qarayeva qitənin ən yaxşı gimnastlarının təmsil olunduğu A qrupunda çıxış etmişlər. Qurbanova lentlə hərəkətlərin yekununa görə 25,850 xal toplayaraq üçüncü yerə çıxmışdır. Top ilə hərəkətlərdə Annanın çıxışı 26,475 xal ilə qiymətləndirilmiş və o, dördüncü yeri tutmuşdur. Əvvəlcə lent ilə, sonra isə halqa ilə hərəkətlər nümayiş etdirmiş Aliyə Qarayeva bu növlər üzrə, müvafiq surətdə 26,600 və 25,900 xal toplayaraq dördüncü yeri tutmuşdur.
Yarışların ilk günündən sonra Azərbaycan yığma komandası 104,475 xal ilə üçüncü yerdədir.
Komanda biriciliyində hələlik ən yaxşı nəticə göstərən Rusiya yığma komandası 110,650 xal toplayaraq birinci yeri, Ukrayna idmançıları isə 105,200 xal ilə ikinci yeri tuturlar.
Şəxsi birincilikdə Rusiya nümayəndəsi Yevgeniya Kanayeva daha yaxşı nəticə göstərmişdir. O, ip ilə hərəkətlərdə 28,850 xal, halqa ilə hərəkətlərdə 28,500 xal toplamışdır.
Mayın 16-da gimnastlarımızın çıxışları davam edəcəkdir. Bu dəfə A.Qurbanova və A.Qarayeva ilə yanaşı, Zeynəb Cavadlı da mükafatlar uğrunda mübarizəyə qoşulacaqlar. Həmin gün yeniyetmələrdən ibarət qrup komandaları arasında seçmə yarışlar da keçiriləcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-16 may.-S.4.