Almaniya Bundestaqı Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın gücləndirilməsinə dair qətnamə qəbul etmişdir

 

Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi xüsusi vurğulanmışdır.

Azərbaycanın Almaniyadakı səfirliyindən bildirmişlər ki, mayın 14-də AFR-in Bundestaqında bu ölkənin parlamenti tarixində ilk dəfə olaraq "Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın gücləndirilməsi" adlı qətnamə qəbul edilmişdir.

Parlament respublikası olan AFR-in ən ali orqanı - Bundestaq bu qətnamənin qəbul edilməsi ilə Cənubi Qafqazın hər üç dövlətinin ərazi bütövlüyünü tanıyır və regiondakı münaqişələrin məhz bu dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həllini dəstəkləyir. Qətnamədə beynəlxalq hüququn münaqişələrin həlli məsələsində dövlətlərin razılığı olmadan sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinə dair əsas prinsipi üstün tutulur.

Qətnamədə deyilir: "Bütün dövlətlər Azərbaycanın, Gürcüstanın və Ermənistanın ATƏT-in Paris Xartiyası ilə müəyyən edilmiş öz tərəfdaşlarını və müttəfiqlərini azad seçmək hüququnu tanımalıdır. ATƏT Xartiyasının prinsipləri ərazi bütövlüyü və suverenlik hüquqlarını təmin edir. Sərhədlər yalnız tərəflər arasında razılaşma əsasında dəyişdirilə bilər. Bu prinsiplər Cənubi Qafqazda və eləcə də Avropanın digər regionlarında münaqişələrin həlli üçün bütün səylərin əsasını təşkil edir".

Sənəddə Bundestaq Almaniya hökumətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələrin, eləcə də Avropa Şurası və ATƏT-in qərar və qətnamələrinin tələblərini bütün tərəflərin yerinə yetirməsi üçün səylərini səfərbər etməyə çağırır. Almaniya Bundestaqı hökumətdən, eyni zamanda Cənubi Qafqazdakı münaqişələrin həlli üçün göstərilən səylər çərçivəsində bütün qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtması da daxil olmaqla, bu məsələnin həlli ilə bağlı fəallığı artırmağı tələb edir.

Bundan əlavə, qətnamə ilə bağlı canlı keçirilmiş 1-ci parlament dinləmələrində Almaniya Bundestaqında təmsil olunan bütün fraksiyalar (Xristian Demokrat və Xristian Sosialist İttifaqları, Azad Demokratlar, Sosial Demokratlar, Solçular və Yaşıllar) birmənalı şəkildə Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasını pisləmiş, Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən geri çəkilməsinin və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulamışlar.

Dinləmələrdə işğal olunmuş ərazilərdə etnik təmizləmə aparılaraq əhalinin öz yurd-yuvalarından qovulması pislənilmiş, qaçqın düşmüş insanların geriyə qaytarılmasının zəruriliyi vurğulanmışdır. İkinci parlament dinləmələrində isə qətnamə canlı müzakirələr keçirilmədən yekdilliklə qəbul olunmuşdur.

Qətnamədə münaqişələrin mövcud olduğu Cənubi Qafqaz regionundakı vəziyyətin beynəlxalq birlik və Avropa siyasətinin diqqətini cəlb etməsi, həll olunmamış münaqişələrin hər zaman gərginliyin artması və silahlı qarşıdurmalara və bunun da həm regionun özü, həm də qonşuluqda yerləşən dövlətlər, o cümlədən Avropa üçün arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi qeyd olunmuşdur.

Qətnamədə regional münaqişələrlə yanaşı, Cənubi Qafqazda sabitliyin gücləndirilməsi, demokratiyanın inkişafı, infrastrukturun bərpası, enerji sahəsində əməkdaşlıq, viza rejiminin sadələşdirilməsi və s. məsələlər də yer almışdır.

Sənəddə Cənubi Qafqazın hər üç ölkəsinin Avropanın Mərkəzi və Cənub-Qərbi Asiya ilə əlaqəsini təmin edən region olaraq, neft-qaz ehtiyatlarının istehsalçısı və tranzit ərazi kimi Almaniya və Avropanın enerji təchizatının təmin edilməsi üçün mühüm rol oynadığı və bu dövlətlərin Avropa Şurasına qəbul olunduqdan sonra Avropa dövlətləri ailəsində öz daimi yerlərini tapmaları əks olunmuşdur.

Qətnamədə qeyd edilir ki, bu sıx əməkdaşlıq regionun Avropa mədəni məkanı ilə tarixi bağlılığına söykənir. Qətnamədə Aİ-nin regionla "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əlaqələrinin daha da gücləndirilməsi, Çexiyanın Aİ-də sədrliyi müddətində Nabukko layihəsinin reallaşdırılması ilə bağlı niyyətinə dəstək verilməsi, eləcə də region ölkələrində infrastrukturun inkişafına yardım göstərilməsi ifadə olunmuşdur.

Almaniya Bundestaqı bu qətnaməyə əsasən region ölkələri ilə gələcəkdə Ukrayna nümunəsində assosiativ müqavilələrin və regionla fəal sosial əlaqələrin təmin edilməsi məqsədi ilə viza rejimini sadələşdirən sazişlərin bağlanması niyyətini bəyan etmişdir.

Bundestaqdakı debatlarda çıxış edən Sosial Demokrat Partiyası fraksiyasının üzvü Markus Meckel 2008-ci ilin avqust hadisələrindən sonra Cənubi Qafqazda yaranan gərgin vəziyyətdən söz açaraq, regionun Avropa İttifaqının qonşuluğunda yerləşdiyini, bölgənin həm strateji mövqe, həm də enerji təhlükəsizliyi baxımından Avropa, eləcə də Almaniya üçün əhəmiyyətli olduğunu diqqətə çatdırmış, buradakı münaqişələrin tezliklə həllini tapması üçün səylərin artırılmasının vacibliyini vurğulamışdır. Dağlıq Qarabağ münaqişəsinə toxunan deputat 2008-ci ildə problemin həlli üçün Rusiya tərəfindən göstərilən təşəbbüsün əhəmiyyətini qeyd etmiş, ATƏT-in Minsk qrupunu səyləri daha da artırmağa çağırmışdır.

Azad Demokratlar Partiyası fraksiyasının nümayəndəsi Mixail Link Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təmsil etdiyi qurumun mövqeyini bəyan edərək demişdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozmuşdur. O, Azərbaycanın 20 faiz ərazisinin işğal altında saxlanılmasının beynəlxalq hüquqa zidd olduğunu vurğulamışdır. Deputatın bu fikirlərini iclasın iştirakçıları sürəkli alqışlarla qarşılamışlar.

Çıxışının əvvəlində keçən ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş verən qanlı hadisədən sonra Avropanın da diqqətini bu regiona yönəltdiyini deyən Xristian Demokrat və Xristian Sosialist İttifaqları fraksiyasının nümayəndəsi Eduard Lintner, bölgədəki münaqişələrin dondurulmuş münaqişələr olmadığını və hər zaman partlayış həddinə çata biləcəyini söyləmişdir. Münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında 1994-cü ildən atəşkəsin mövcud olduğunu bildirən E.Lintner, Azərbaycan torpaqlarının 20 faizinin qonşusu tərəfindən işğal edildiyini və bu ərazilərin qeyd-şərtsiz Azərbaycana aidliyini diqqətə çatdırmışdır. Ermənistanın BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymadığını xatırladan deputat Almaniya hökumətini münaqişənin həllində fəal olmağa çağırmışdır.

Daha sonra Solçular fraksiyasının təmsilçisi Hakkı Keskin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən partlayış həddinə çatmadan beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həllinin vacibliyini vurğulamışdır. Deputat demişdir ki, Dağlıq Qarabağa yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət verilə bilər və münaqişə nə qədər tez həll edilərsə, bölgədə sülh və əmin-amanlıq da bir o qədər tez bərqərar olar.

Yaşıllar fraksiyasının nümayəndəsi Raynder Ştinblok söz alaraq Avropanın Cənubi Qafqaz regionunda beynəlxalq müşahidəçi missiyaları və monitorinq qrupları ilə təmsil olunmasının vacibliyini söyləmişdir. Deputat münaqişələrin həlli yolunun beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi çərçivəsində mümkün olduğunu bəyan etmişdir.

Daha sonra söz alan Sosial Demokrat Partiyası fraksiyasının üzvü, Almaniya-Cənubi Qafqaz dostluq qrupunun sədri Ştefan Rayxe Cənubi Qafqaz ölkələrinin Avropa İttifaqının qonşuları olduğunu dilə gətirmiş, münaqişələrin beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin həm Gürcüstana, həm də Azərbaycana münasibətdə eyni əhəmiyyət kəsb etdiyini bildirmiş, işğal olunmuş Azərbaycan torpaqlarının tezliklə azad edilməsinin zəruriliyini vurğulamışdır. Deputat Dağlıq Qarabağın yüksək muxtariyyət statusunu təmin edən sülh müqaviləsinin imzalanmasının regiona sabitlik və inkişaf gətirəcəyinə əminliyini söyləmişdir. Ermənistanı daha konstruktiv mövqe tutmağa çağıran Ş.Rayxe, bu ölkənin regional layihələrdə iştirakının münaqişənin həllindən sonra mümkünlüyünü dilə gətirmişdir.

Debatlar Xristian Demokratlar və Xristian Sosialist İttifaqları fraksiyasının üzvü Manfred Qrundun çıxışı ilə başa çatmışdır. Deputat Cənubi Osetiya və Abxaziyanın tanınmasının hüquqa zidd və qəbuledilməz olduğunu bildirmiş, Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyini, 1 milyondan artıq insanın öz vətənində qaçqın və məcburi köçkünə çevrildiyini və bununla da beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu qeyd etmişdir. Deputat Azərbaycanın Nabukko qaz kəmərində təchizatçı ölkə kimi iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan etməsini alqışlamışdır.

Bundestaqın iclasının gedişi Almaniyanın "Phonex" telekanalı ilə canlı yayımlanmışdır.

İclasda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-16 may.-S.4.