Naxçıvanda aqrar sahə daha sürətlə
inkişaf edəcək
Ötən il Naxçıvan Muxtar Respublikasında 153,4 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu, əvvəlki ilə nisbətən 11,5 faiz çoxdur. Qazanılan nailiyyət iqtisadiyyatı əsasən aqrar sahə üzrə ixtisaslaşan region üçün heç də pis nəticə deyil. Cari mövsümdə 58,9 min hektar sahədə əkin keçirilib və əkin sahələrinin həcmi 9,8 min hektar artıb.
İstehsalçının istəyi
ilə dövlət qayğısı üst-üstə
düşəndə
Son illər ölkədə əkinçiliyə,
eləcə də kənd təsərrüfatının digər
sahələrinə marağın artması bir çox amillərlə
bağlıdır. Yəni torpağa münasibət heç
də boş yerdən dəyişməyib. Əvvəla, əvvəlki
illərin acı təcrübəsi göz qabağında
idi. Min bir əziyyətlə yetişdirilən məhsul
suvarma suyu çatışmazlığı ucbatından əkinçinin,
torpaq sahibinin gözü qarşısında tələf
olurdu. Bir çox hallarda isə alıcı məsələsi
həllini tapmadığından yetişdirilən məhsul
tarlada dəyər-dəyməzinə satılırdı.
İkincisi, istehsalçı, əkinçi bilmirdi ki,
yaxşı məhsuldarlığa nail olmaq üçün
yüksək reproduksiyalı toxum növlərini, mineral
gübrələri haradan və kimdən alsın. Bu halda ona
güzəştli şərtlərlə maliyyə dəstəyi
göstərən təşkilatlar, qurumlar da yox idi. Üstəlik,
əkinçinin sağ əli hesab olunan texnika sarıdan təminat
aşağı səviyyədə idi. Ən yaxşı
halda sovet dövründən qalma köhnə və
yararsız maşın-mexanizmlər kara gəlirdi. İstismar
müddətini başa vurmuş bu texnika ilə aqrotexniki tədbirlərin
müəyyən olunmuş müddətdə həyata
keçirilməsini, məhsulun vaxtında və itkisiz
yığılmasını təşkil etmək isə
mümkün deyildi. Təbii ki, bu çətinliklərin
müqabilində əliqabarlı əkinçinin qazancı
da az idi. Əldə olunan gəlir çəkilən xərcləri
ödəmirdi. Nəticədə istehsalçı torpaqdan
aralı düşürdü. Amma nə yaxşı ki, bu
çətinliklərin ömrü uzun olmadı. Ölkənin
maddi imkanı yaxşılaşdıqca dövlətin aqrar
sahəyə qayğı və diqqəti artdı. Ötən
beş il ərzində regionların sosial-iqtisadi
inkişafı dövlət proqramı çərçivəsində
həyata keçirilən tədbirlər isə bu sahədə
əməlli-başlı canlanma yaratdı.
Sahibkarlığın inkişafına göstərilən
dövlət dəstəyi, kənd təsərrüfatı məhsulları
istehsalçılarına güzəştli şərtlərlə
kreditlərin verilməsi, onların yüksək keyfiyyətli
toxumla, gübrə və texnika ilə təmin olunması, eləcə
də emal müəssisələrinin yaradılması, suvarma
sistemlərinin təkmilləşdirilməsi və yenidən
qurulması kəndlini torpağa qaytardı.
Mövcud potensial və ondan istifadə
imkanları
Mütəxəssislərin hesablarına görə, muxtar respublikada mövcud olan 536 min hektar ümumi torpaq fondunun 162,4 min hektarı və ya 30,3 faizi kənd təsərrüfatına yararlıdır. Həyata keçirilən aqrar islahatlar nəticəsində ümumi torpaq sahəsinin 22 faizi xüsusi mülkiyyətə, 33 faizi bələdiyyə mülkiyyətinə verilmiş, 45 faizi isə dövlət mülkiyyətində saxlanılmışdır. Xüsusi mülkiyyətə verilmiş 56,5 min hektarın 42 min 44 hektarı isə pay norması əsasında əhaliyə paylanılıb. 14 min hektardan artıq torpaq sahəsi isə həyətyanı təsərrüfatlarda çəmlənib. İslahat zamanı kənd sakinlərinin hər birinə orta hesabla 0,18 hektar torpaq sahəsi düşüb.
Bölgədə kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var. Regionun iqlim-torpaq şəraiti və əhalinin çox hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin geniş yayılmasını şərtləndirən amillərdəndir. Mütəxəssislərin fikrincə, bu sahənin inkişafı ilk növbədə istifadəsiz qalmış yararlı torpaqların mənimsənilməsi, mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi və suvarmanın təkmilləşdirilməsi yolu ilə mümkündür. Muxtar respublika Ali Məclisinin Sədri Vasif Talıbov bu günlərdə kənd təsərrüfatında yaz-tarla işlərinin gedişinə həsr olunan müşavirədə qeyd etmişdir ki, hazırda bölgədə istehsal olunan kənd təsərrüfatı məhsulları tələbatın yarısını ödəyir. Amma mövcud potensial imkan verir ki, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatı daxili istehsal hesabına nəinki tam ödənilsin, hətta xaricə məhsul ixrac etmək mümkün olsun. Ona görə də yaradılmış şəraitdən səmərəli istifadə olunmalı, əhali kənd təsərrüfatının inkişafına səfərbər edilməlidir.
Yeri gəlmişkən bildirək ki, bu sahədə muxtar respublikada dövlət qurumlarının gücündən səmərəli istifadə olunur. Ötən il onların gücü ilə dövlət və bələdiyyə fondlarında saxlanılan 5 min 604 hektar sahədə taxıl yetişdirilmiş, yüksək məhsuldarlığa nail olunmuşdur. Cari mövsümdə isə onların gücü ilə xeyli həcmdə kartof əkilib.
Suvarma suyu sarıdan problem yoxdur
Son illər regionda aqrar sahənin inkişafı üçün bir sıra ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Elə götürək suvarma suyu ilə təminatı. Yeni su anbarlarının, suvarma sistemlərinin işə salınması, genişmiqyaslı meliorosiya-irriqasiya işlərinin həyata keçirilməsi su təchizatını xeyli yaxşılaşdırıb. Tutumu 100 milyon kubmetr olan Heydər Əliyev Su Anbarının istifadəyə verilməsi ilə Babək və Culfa rayonlarında 6919 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Bütövlükdə isə həmin su anbarı ilə 17 min hektara yaxın torpaq sahəsi il boyu fasiləsiz su ilə təmin olunur.
150 milyon kubmetr gücündə olan Arpaçay su dəryaçasında aparılan əsaslı təmir və yenidənqurma işləri də su təchizatına müsbət təsir göstərib. Su anbarından çəkilən Sağ sahil və Sol sahil kanalları vasitəsilə Şərur, Sədərək və Kəngərli rayonlarında 18 min hektara yaxın torpaq sahəsi suvarılır. Hazırda bu su anbarına 90 milyon kubmetrə yaxın su yığılmışdır ki, bu da ötən ilin müvafiq dövründəkindən çoxdur.
Onu da qeyd edək ki, muxtar respublikada təbii su ehtiyatları çox deyil. Ərazi suvarma suyu sarıdan problemli bölgə hesab olunur. Yerüstü su ehtiyatları 940 milyon kubmetr təşkil etsə də, onun cəmi üçdə birindən istifadə edilir. Yağış və qar suları ilə qidalanan daxili çayların əksəriyyətinin axını tənzimlənmədiyindən onlardan istifadə çətindir. Bu halda yeni su anbarlarının inşasına ehtiyac duyulur. Araz su anbarı istisna olmaqla, mövcud süni su anbarı və sututarlara isə 309,5 milyon kubmetr su toplamaq mümkün olur. Onlardan da əsasən suvarma məqsədi üçün istifadə olunur. Araz çayı üzərində quraşdırılan 16 nasos stansiyanın gücü ilə Şərur, Sədərək, Babək, Culfa və Ordubad rayonlarında 10 min hektardan çox əkin sahəsi suvarılır. Bu halda isə elektrik enerjisindən aslılıq yaranır və məhsulun maya dəyəri artır. Bölgə ərazisində formalaşan 329 milyon kubmetr yeraltı su ehtiyatının isə cəmi 40 faizindən istifadə edilir. Hazırda muxtar respublika Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin balansında 688 subartezian quyusu var ki, onların da 600-ü işlək vəziyyətdədir. 237 artezian quyusu son 10 ildə istifadəyə verilib.
Daxili tələbatın ödənilməsi
torpağa yeni münasibət tələb edir
Məlum olduğu kimi, 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair qəbul olunmuş dövlət proqramının başlıca məqsədi istehsalın həcminin artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaqla təmin olunması, daxili tələbatın ödənilməsində idxaldan aslılığın azaldılmasıdır. Hələ adıçəkilən proqramın qəbulundan bir il öncə Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov demişdi ki, torpaq tam əkilib-becərilmirsə, kənd əhalisi yumurtanı, tərəvəzi, hətta çörəyi belə şəhər bazarından alırsa, deməli, hələ də dövlətin diqqət və qayğısından istifadə edə bilmirik. Bu isə bir çox ərzaq və qida məhsullarının xaricdən idxal olunmasına, əldə olunan maliyyə vəsaitinin, pulun böyük bir qisminin xarici ölkələrə getməsinə səbəb olur. Natiq bir faktı da nəzərə çatdırmışdır ki, bir il ərzində muxtar respublika əhalisinə dövlət büdcəsindən və Dövlət Sosial Müdafiə Fondu tərəfindən 99,2 milyon manat əməkhaqqı, pensiya və müavinət verilir. Eyni zamanda, il ərzində bölgəyə 47,7 milyon manatlıq ərzaq və qida məhsulları ixrac edilir. Bu isə o deməkdir ki, il ərzində alınan əməkhaqqı və pensiyaların 50 faizə qədəri dolayı yolla xaricə gedir.
Düzdür, iki xarici dövlətlə sadələşdirilmiş gömrük-keçid məntəqələrinin fəaliyyət göstərdiyi regionda daxili bazarın qorunması asan iş deyil. Xüsusən də məhsul yığımı dövründə. Amma aidiyyəti dövlət qurumları bu vacib və gərəkli işin öhdəsindən gəlir. Onların birgə əməyinin nəticəsində əhalinin sağlamlığına mənfi təsir göstərə biləcək keyfiyyətsiz məhsulların muxtar respublikaya gətirilməsinə yol verilmir və bu səbəbdən daxili bazarda yerli istehsalın həcmi getdikcə artır. Hər həftənin şənbə və istirahət günləri Naxçıvan şəhərində və rayon mərkəzlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil edilməsi də ümumi işin xeyrinədir. Bu halda kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçıları öz məhsullarını birbaşa bazara çıxarmaq imkanı əldə edirlər.
Ötən təsərrüfat
ilinin nəticələri ürəkaçandır
Ölkədə əhalinin zəruri ərzaq məhsulları ilə daxili istehsal hesabına təmin edilməsi istiqamətində aparılan köklü islahatlar muxtar respublikada bu sahənin dinamik inkişafına real zəmin yaradıb. Aqrar sahənin inkişafı üzrə muxtar respublika digər iqtisadi rayonlardan irəlidədir. Son beş il ərzində kənd təsərrüfatında real artım hər il orta hesabla 4 faiz təşkil edib. Bu müddətdə adambaşına istehsal olunan ərzaq məhsullarının həcmi çoxalıb. Həyata keçirilən tədbirlər bitkiçilik məhsullarının strukturunda da müəyyən dəyişikliklərə səbəb olub. Bu dəyişikliklər əkin strukturuna təsir edərək onun daxili və xarici bazarın tələblərinə uyğun formalaşmasına imkan yaradıb.
Havaların şaxtalı və quraq keçməsinə baxmayaraq, keçən il 87305 ton dənli və dənli paxlalı, 2841 ton qarğıdalı, 34309 ton kartof, 60825 ton tərəvəz, 38618 ton bostan məhsulları, 37516 ton meyvə istehsal edilib. 2003-cü ilə nisbətən buğda istehsalı 1,5, kartof istehsalı 2,4, meyvə istehsalı 3,4 dəfə artıb. Dənli və paxlalı bitkilər istehsalında artım 10,7, tərəvəz istehsalında 14, üzüm istehsalında 20 faiz təşkil edib. Bu artımın əsas səbəbi aqrar sektora dövlət dəstəyidir. Ötən il muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 5 milyon 195 min manat kredit verilib. Ayrılan kreditin 1 milyon 387 min manatı taxılçılığın, 689 min manatı kartofçuluğun, 2 milyon 674 min manatı heyvandarlığın, 231 min manatı arıçılığın, 70 min manatı quşçuluğun inkişafına yönəldilib.
Sahibkarlara dövlət maliyyə dəstəyi cari ildə də davam etdirilir. Muxtar respublikanın iqtisadi inkişaf naziri Famil Seyidovun sözlərinə görə, Sahibkarlığa Kömək Fondu tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına və emal müəssisələrinin yaradılmasına 5,1 milyon manat həcmində kreditin verilməsinə başlanıb. Artıq ilin ilk rübü ərzində həmin vəsaitin 1 milyon 923 min manatı verilib. Bütövlükdə isə istehsal və xidmət sahələrini əhatə etməklə bu il 200-dən artıq layihənin maliyyələşməsinə 10 milyon 500 min manat vəsait ayrılması nəzərdə tutulub.
Əkinçilik qədim peşədir
Strateji ərzaq növü olan taxıl və kartof əkinləri ötən il muxtar respublikanın əkin sistemində üstün yer tutub. Ötən il bölgədə ümumi əkin sahəsinin 60,9 faizi taxılçılığın payına düşüb. İstehsalçılar ölkə başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamından yetərincə yararlanmağa çalışıblar. Muxtar respublikada istehsal olunan buğdanın hər kiloqramının 40 qəpikdən mərkəzləşdirilmiş qaydada satın alınması, Naxçıvan şəhərində taxılın uzunmüddətli saxlanılması üçün 18 min ton tutuma malik, qısamüddətli saxlanılması üçün isə 20 min tonluq anbarın inşası görülən əhəmiyyətli tədbirlərdəndir. Bölgənin ayrı-ayrı rayon və kəndlərində istifadəyə verilən 15 un dəyirmanı da istehsalçılarla əlaqəni gücləndirib. Nəticədə mövsüm ərzində istehsal olunmuş 87 min tondan artıq dənli və dənli paxlalı məhsulların 74 min 667 tonu buğda olub. Bu isə yerli tələbatın təxminən 60-65 faiz həcmində ödənilməsi deməkdir.
Daxili bazarın kartofla təminatında idxaldan asılılığı azaltmaq, əhalinin tələbatının keyfiyyətli yerli məhsul hesabına ödənilməsini təmin etmək üçün muxtar respublika Ali Məclisi Sədrinin sərəncamı ilə qəbul olunan və 2005-2010-cu illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində ötən il əlverişli torpaq sahələri müəyyənləşdirilmiş, istehsalçılara güzəştli şərtlərlə kredit verilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində 2513 hektar sahədə kartof əkilmiş (2004-cü illə müqayisədə 1045 hektar çox) və 30 min tondan yuxarı məhsul götürülmüşdür.
Bu mövsümdə bostan-tərəvəz bitkilərinin əkin sahələrinin də genişləndirilməsi nəzərdə tutulub. Muxtar respublika Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, aprel ayının ikinci ongünlüyünə qədər 2212 hektar sahədə kartof, 2600 hektar sahədə bostan-tərəvəz əkini keçirilib. Ötən ilin payızında isə 28 min hektara yaxın sahədə taxıl əkilib ki, onun da 25 min 144 hektarı buğdadır. Eyni zamanda, 1497 hektarda yazlıq arpa, 400 hektara yaxın sahədə şəkər cuğunduru yetişdirilir.
Təbii ki, məhsul istehsal etmək işin bir tərəfidir. İşin digər vacib tərəfi onun artığını saxlamaqdır. Bunun üçün ötən il Naxçıvan şəhərində tutumu 2500 ton olan müasir tipli soyuducu-anbar inşa olunub. Culfa rayonunun Kırna kəndindəki anbarın tutumu isə 100 tondur. Hazırda Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Ordubad, Babək, Şahbuz və Sədərək rayonlarında da belə anbarlar tikilir. Özü də sahibkarlar tərəfindən. Bu məqsədlə onlara 1 milyon 100 min manatdan artıq güzəştli kreditlər verilib. Həmin obyektlər cari ilin birinci yarısında istifadəyə veriləcək.
Texnika və gübrə
sarıdan təminat xeyli yaxşılaşıb
Məlumdur ki, aqrar sektorda məhsuldarlığın artırılmasına təsir göstərən mühüm amillərdən biri də istehsalçıların müasir texnika ilə təmin olunmasıdır. Bu sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə yetirilməsini sürətləndirmək, məhsuldarlığı artırmaq, istehsalçıları lazımi texnika ilə təmin etmək məqsədilə yaradılan "Naxçıvan Aqrolizinq" ASC öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır.
ASC-nin sədri Vasif Məmmədov deyir ki, bu gün onlar öz fəaliyyətlərini bir neçə istiqamətdə qurublar. Xaricdən alınıb gətirilən kənd təsərrüfatı texnikası, avadanlıq və mexanizmlər hüquqi və fiziki şəxslərə icarəyə verilir, lizinq yolu ilə istehsalçılara satılır. Lizinq yolu ilə verilən texnika və texnoloji avadanlığın dəyərinin 10 il müddətində ödənilməsi sahibkarların ürəyincədir. Təkcə ötən il 74 texnika və texnoloji avadanlıq lizinq yolu ilə istehsalçılara verilib. Fəaliyyət göstərdiyi 4 il ərzində isə ASC-nin xətti ilə 346 kənd təsərrüfatı texnikası muxtar respublikaya gətirilib. Cari ilin ötən müddətində daha 19 ədəd texnika alınıb. Onlardan 15-i "Niva" markalı kombayndır.
Artıq bu mövsüm taxıl biçini kampaniyasında texnika çatışmazlığı hiss olunmayacaq.
Muxtar respublikanın 3 rayonunda ASC-nin baza bölmələri yaradılıb, onlar lazımi qədər işçi qüvvəsi və texnika ilə təmin olunublar. Şərur, Culfa və Babək rayonlarında fəaliyyət göstərən bazalarda göstərilən aqroservis xidmətindən istehsalçılar razılıq edirlər. Çünki bu bazalarda torpaq mülkiyyətçilərinə göstərilən aqrotexniki xidmətlər ucuzdur. Belə ki, bir hektar sahədə şum üçün ASC hesabına 31, gübrə səpini üçün 13, taxıl biçini üçün isə 33 manat pul ödənilir.
Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrlə təmin edilməsi də "Naxçıvan Aqrolizinq" ASC-nin üzərinə düşür. Ötən il 7098 ton mineral gübrə alınmış, məhsul istehsalçılarına güzəştli şərtlərlə 5213 ton gübrə satılmışdır. Cari ilin birinci rübü ərzində isə istehsalçılara 3100 tondan artıq gübrə paylanıb.
Yeni dövlət proqramı, yeni vəzifələr
Aqrar sahənin inkişafı üçün muxtar respublikada görüləsi işlər, həyata keçiriləsi tədbirlər də çoxdur. Dağlıq ərazidə torpaqların 40 faizə yaxını eroziyaya uğrayıb, suvarılan əkin sahələrinin təqribən 24 faizi müxtəlif dərəcədə şoranlaşıb və bu səbəbdən 9,1 min hektar sahədə meliorativ tədbirlərin aparılmasına ehtiyac duyulur. 3480 hektar sahədə yeraltı mexaniki suvarma şəbəkələrinin bərpası, Cəhriçay üzərində tutumu 30 milyon kubmetr olan Çalxanqala su anbarının, Culfa düzündə 600 hektar sahəyə su verilməsi üçün Araz çayı üzərində yeni nasos stansiyasının tikintisi də vacib tədbirlərdəndir. Araz çayı üzərində yeni panton (üzən nasos stansiyası) inşa etməklə Böyükdüz kəndində yüz hektarlarla ərazini suvarma suyu ilə təmin etmək mümkün olacaq.
Bunlar 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair qəbul olunan dövlət proqramında göstərilmiş həlli vacib və zəruri məsələlərin bir qismidir. Ölkə başçısının 11 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da regionun aqrar sektoru üzrə bir çox məsələlər əksini tapıb. Tədbirlər planına əsasən, yaxın 5 il ərzində muxtar respublikada kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına, ixrac potensialının artırılmasına xüsusi diqqət yetiriləcək. Bölgədə üzümlüklərin və meyvə bağlarının, əkin sahələrinin bərpası və genişləndirilməsinə, baramaçılığın inkişafına, quşçuluq müəssisələrində istehsalın genişləndirilməsinə, qarışıq yem istehsalı müəssisələrinin yaradılmasına, balıqçılığın inkişaf etdirilməsinə lazımi dəstək veriləcək. Rayon mərkəzlərində soyuducu anbarların tikilməsi, aqroservis xidmətləri şəbəkəsinin genişləndirilməsi və "Naxçıvan Aqrolizinq" ASC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi də həyata keçiriləcək tədbirlər sırasındadır.
Düzdür, dünya maliyyə böhranının tüğyan etdiyi indiki dövrdə böyük həcmdə tikinti işləri aparmaq, yeni infrastruktur sahələri yaratmaq xeyli çətinləşib. Amma dövlətimizin bugünkü gücü, qüdrəti proqramda qəbul olunan layihələrin vaxtında icra olunacağına təminat verir.
Həyata keçiriləcək tədbirlərin başlıca məqsədi kənd təsərrüfatı və ərzaq məhsulları istehsalını artırmaqla kənddə yeni iş yerlərinin yaradılması, əhalinin gəlirlərinin artırılmasıdır. Nəzərə alsaq ki, bu gün muxtar respublikada yaşayan 400 min nəfər əhalinin 70 faizi kəndlərdə məskunlaşıb, onda bu tədbirlərin mahiyyətini xırdalamağa ehtiyac qalmır.
Ərzaq məhsullarına olan ehtiyacın
yerli istehsal hesabına ödənilməsi mümkündür
Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair qəbul olunan dövlət proqramında 2015-ci ilədək müəyyən edilmiş hədəflər məlumdur. Həmin müddətədək muxtar respublikada dənli bitkilər istehsalının 150 min, kartof və meyvə istehsalının hər birinin 45 min, tərəvəz-bostan məhsulları istehsalının 120 min tona çatdırılması nəzərdə tutulub. Bəs yaxın 5-6 il ərzində bu, hansı yolla mümkün olacaq? Muxtar respublika Ali Məclisinin Sədri Vasif Talıbovun kənd təsərrüfatı işlərinin gedişinə həsr olunan müşavirədə söylədiyi sözlər bu suala aydın cavab verir: "Görülən tədbirlər, əldə olunan nəticələr onu deməyə əsas verir ki, iqtisadiyyatda inkişaf var. Lakin bu inkişaf elmi əsaslara söykənmədiyindən nəticələr də qənaətbəxş deyil".
Elə bu səbəbdən növbəli əkin sisteminin tətbiqi, mineral gübrələrdən düzgün və səmərəli istifadə artıq gündəmdədir. Mütəxəssislər bu qənaətdədirlər ki, 38 min hektarda taxıl əkib, hər hektarın məhsuldarlığını 40 sentnerə çatdırmaqla regionda əhalinin çörək və taxıl məhsullarına ehtiyacını tam ödəmək mümkündür. Həyata keçirilən və keçiriləcək tədbirlər nəticəsində yaxın illərdə kartof, meyvə, bostan-tərəvəz məhsullarına tələbatın da yerli istehsalla ödəniləcəyi heç kəsdə şübhə doğurmur.
Bu baxımdan cari təsərrüfat ilində qazanılan uğurlar ötən ildəkilərdən xeyli çox olacaq. Yaz-tarla işlərinin gedişi də bu cür düşünməyə əsas verir. Sanki ana torpaq üzünü istehsalçılara tutaraq deyir: "Sən mənə tər ver, mən sənə zər".
Məmməd Məmmədov
Azərbaycan.-2009.-16 may.-S.5.