"İşğal ortadan qalxmayınca biz sərhədlərimizi açmayacağıq"

 

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra məhz milli maraqlar əsas götürülməklə müəyyənləşdirilən Azərbaycanın xarici siyasət konsepsiyasında mühüm istiqamətlərdən biri türk dövlətləri ilə də əlaqələrin bütün sferalar üzrə inkişaf etdirilməsi idi. Bu istiqamətdə atılan uğurlu addımlar nəticəsində Azərbaycanın Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələri ortaq mənəvi dəyərlərə söykənməklə inkişaf etmişdir.

Qloballaşan və dəyişən dünya nizamında isə coğrafi yaxınlıq, mədəniyyət, din və dil birliyi kimi sarsılmaz tellərlə bir-birinə bağlı olan türk xalqlarının və dövlətlərinin daha sıx və səmərəli əməkdaşlığı, birlik nümayiş etdirmələri mühüm əhəmiyyət kəsb edir. Çünki bütün bunlar türk dövlətlərinin müstəqilliklərini daha da möhkəmləndirmək, dünyada cərəyan edən proseslərə təsir göstərə bilmək, milli maraqları müdafiə etmək baxmından vacib siyasi elementlərdir. Azərbaycan Respublikası türk cümhuriyyətləri ilə əlaqələrində məhz bu mövqedən çıxış edir və daim bu prinsiplərə sadiq qalır. Ölkəmiz hər zaman ortaq milli, mədəni və mənəvi dəyərlərin bəxş etdiyi imkanların türk dövlətlərin ümumi mənafeyinə səfərbər olunmasına, münasibətlərin etibarlı təməllər üzərində inkişaf etdirilməsinə böyük töhfələr verir.

Bu gün bütün türk dövlətləri arasında sıx əlaqələr var. Amma Azərbaycan-Türkiyə münasibətləri özəlliyi ilə diqqəti daha çox cəlb edir. Bir soydan qaynaqlanan ortaqlıqla, dil və mədəniyyət kimi mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə dövlətləri yalnız mehriban qonşuluq münasibətlərini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi amilləri də əsas tutaraq tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün qarşılıqlı olaraq bütün zəruri addımları daim atmışlar. Türk dünyasının öncülləri olan bu iki ölkə arasındakı münasibətlərdə demək olar ki, boşluq qalmamışdır. Bu mənada Azərbaycan-Türkiyə əlaqələrindən söz açdıqda diqqəti cəlb edən əsas məsələ əməkdaşlığın genişləndirilməsi və ya dərinləşdirilməsi deyil, bu iki türk dövləti arasındakı dostluq və qardaşlıq münasibətlərinin özünün ən yüksək zirvəsinə çatmasının gündəmdə olmasıdır.

Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə münasibətləri həm də strateji önəm daşıyır. Qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olmuş, ölkəmizin çətin durumlarında maddi və mənəvi dəstəyini əsirgəməmişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra bu əlaqələr yeni müstəvidə inkişaf etməyə başlamışdır. Bu müddətdə Azərbaycan və Türkiyə münasibətləri yalnız yüksələn xətlə inkişaf etmişdir. Tarixdə nadir hallarda görünən buna oxşar yaxınlıq hər iki ölkəyə xeyir verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə əlaqələrinin dünyada analoqu yoxdur.

Bu günlərdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bir daha təsdiq etdi ki, ölkələrimiz arasındakı münasibətlər türk dünyasının dahi şəxsiyyətləri olan Heydər Əliyevin və Mustafa Kamal Atatürkün vəsiyyətləri çərçivəsində daha da möhkəmlənir və sarsılmaz olur. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Baş naziri ilə aparılan danışıqlardan razı qaldığını bildirib: "Mən aparılan danışıqlardan və keçirdiyimiz söhbətlərdən razıyam. Hesab edirəm ki, hər zaman olduğu kimi, səmimi söhbətlər bir çox məsələyə aydınlıq gətirdi və ən önəmlisi gələcək birgə fəaliyyət və əməkdaşlıq üçün çox gözəl şərait yaratdı".

Rəcəb Tayyib Ərdoğanın Bakıya budəfəki səfəri daha çox son aylarda ciddi müzakirə predmetinə çevrilən və hər iki ölkənin cəmiyyətində gərgin nüanslara səbəb olan bir məsələyə aydınlıq gətirdi və ən əsası Türkiyə Cümhuriyyətinin tarixin müxtəlif dönəmlərində olduğu kimi, yenə də Azərbaycanın yanında olduğunu bir daha dosta və düşmənə göstərdi.

Azərbaycan və Türkiyə dost və qardaş ölkə kimi həmişə bölgədə və dünyada gedən proseslərə münasibətdə eyni mövqe sərgiləmiş, eyni milli maraqlardan çıxış etmişlər. Dünya siyasi düzəninin indiki vəziyyətində isə hər iki ölkənin bölgədə gedən bütün proseslərə vahid prizmadan yanaşmaları və xüsusən, ortaq düşmən olan Ermənistana qarşı münasibətdə vahid mövqeni qoruyub saxlamaları çox mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Türkiyə Ermənistanla sərhədlərini bu ölkənin Azərbaycanın 20 faiz ərazisini işğal etdiyi üçün bağlayıb. İndiyədək Türkiyədə hakimiyyətdə olan bütün siyasi dairələr birmənalı olaraq bəyan ediblər ki, Ermənistanla sərhədlərin açılmasının əsas şərtlərindən biri də Azərbaycan ərazilərinin işğaldan azad edilməsidir. Lakin son zamanlar Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və sərhədlərin açılması istiqamətində danışıqlarda Türkiyənin irəli sürdüyü əsas şərtlərdən biri olan Azərbaycan ərazilərinin işğaldan azad edilməsi məsələsinin kontekstdən çıxarılması barədə bir sıra ölkələrin kütləvi informasiya vasitələrində fikirlər eşidilməkdə idi. Oxşar fikirlərə Ermənistan rəsmilərinin də açıqlamalarında rast gəlmək mümkün idi. Bu fikirlərə Türkiyə tərəfindən konkret münasibətin bildirilməməsi isə müəyyən şübhələrə yol açır, həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinin haqlı narazılığı ilə müşayiət olunurdu.

Nəhayət, bu şübhələrə aprel ayının ortalarından son qoyulmağa başladı. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri isə bir daha göstərdi ki, qardaş ölkə Azərbaycanın maraqlarına zidd olan heç bir razılaşmaya getməyəcək. "Bizim sərhədlərimiz Dağlıq Qarabağın işğalından sonra bağlanmışdır. İndi də işğal ortadan qalxmayınca biz sərhədlərimizi açmayacağıq. Bunu kim söyləyir? Bunu Türkiyə Cümhuriyyətinin Baş naziri söyləyir. Bundan başqa daha zəmanətli ifadə ola bilərmi?!" - deyə Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti cənab İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında konkret mövqeyini nümayiş etdirdi.

Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasının yolu ermənilərin iki türk dövlətinə qarşı ərazi iddialarından əl çəkməsindən və Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipi çərçivəsi əsasında həllindən keçir. Bunu Ermənistanda da gözəl anlayırlar. Bu mənada Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı söz-söhbətlərin yayıldığı belə bir həssas dönəmdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, bu məsələ ilə bağlı verdiyi bəyanatlar ortaya çıxan narahatlığa son qoydu. Bu səfər göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və bu iki türk dövləti nümayiş etdirdikləri vahid mövqeyə və ümumi maraqlara daim sadiq qalacaqlar.

 

 

Azərbaycan.-2009.-17 may.-S.1.