Azərbaycanın baş prokuroru Türkiyə Ali Məhkəməsinin sədri
ilə görüşmüşdür
Azərbaycanın
baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə
olan Türkiyə Ali Məhkəməsinin sədri Hasan
Gerçəkərin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Prokurorluğun mətbuat
xidmətindən bildirmişlər ki, Zakir Qaralov bu səfərin
Azərbaycanın hüquq ictimaiyyəti üçün
böyük maraq doğurduğunu diqqətə
çatdırmışdır. Baş prokuror bu günlərdə
Ali Məhkəmənin yeni inzibati binasının istifadəyə
verilməsini əlamətdar hadisə kimi dəyərləndirmişdir.
Xalqlarımız
arasında qədim köklərə söykənən
münasibətlərin siyasi, iqtisadi, mədəni və digər
sahələrdə müvəffəqiyyətlə inkişaf
etdirildiyi, nəhəng enerji və nəqliyyat layihələrinin
ölkələrimizi daha da yaxınlaşdıracağı,
xalqlarımızın rifahına xidmət göstərəcəyi
xüsusi vurğulanmışdır.
Baş prokuror ölkəmizin
məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi
istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
imzalanan mütərəqqi qanunvericilik aktlarının, o
cümlədən prokurorluğun fəaliyyəti üçün
zəruri hüquqi bazanın yaradılması, prokurorluq
orqanlarında yeniləşmə prosesinin həyata
keçirilməsi və köklü islahatların
aparılması, eyni zamanda, kadr siyasətində ciddi
dönüşün yaradılması və şəffaflığın
təmin edilməsi, Dövlət İttihamının
Müdafiəsi üzrə İdarənin yenidən
qurulması, Baş prokuror yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsinin fəaliyyəti, "İnsan
hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında" Avropa Konvensiyasının və
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququnun prokurorluq orqanlarında ciddi öyrənilməsi,
həmçinin prokurorluq orqanlarının
qarşısında duran digər vəzifələr barədə
ətraflı məlumat vermişdir.
Hasan Gerçəkər
təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin
inkişafına böyük önəm verdiyini
vurğulamışdır. O, səfər müddətində
Azərbaycanda keçirdiyi görüşlərdən
söhbət açaraq, ölkələrimiz arasında
iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək
səviyyədə olmasını və
xalqlarımızın bütün məsələlərdə
bir-birinə dəstək verməsini xüsusi qeyd etmişdir.
Görüşdə
ölkələrimizin prokurorluq orqanları arasındakı əməkdaşlığının
perspektivlərinə dair, həmçinin tərəfləri
maraqlandıran məsələlər ətrafında fikir
mübadiləsi aparılmışdır. Hər iki ölkənin
hüquq-mühafizə orqanlarının səmərəli
münasibətlərinin davamı kimi Azərbaycan və
Türkiyə prokurorluqları arasında ikitərəfli
qarşılıqlı əlaqələrin genişləndirilməsinin
və daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd
edilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-17 may.-S.4.