Şamaxı şəhərinin tarixinə dair elmi-praktik konfrans keçirilmişdir

 

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov bildirmişdir ki, Azərbaycanın ən qədim şəhərlərindən biri olan, zamanın ağır sınaqlarından mətanətlə çıxan, öz zəngin keçmişi ilə çoxlarını heyran qoyan Şamaxı şəhərinin yaranma tarixi hələ də dəqiq müəyyənləşdirilməmişdir. İcra başçısı Şamaxının coğrafi mövqeyi, əhalisi, kənd yaşayış məntəqələri, sosial-iqtisadi həyatı barədə qonaqlara ətraflı məlumat vermişdir.

AMEA-nın müxbir üzvu, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycan tarixinin araşdırılmasında, milli dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsində ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərindən, hakimiyyəti illərində 14 dəfə Şamaxıya gəlməklə onun bölgəyə göstərdiyi xüsusi diqqətindən danışmışdır.

AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, arxeologiya və etnoqrafiya institutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, tarix elmləri namizədi, Şamaxı arxeologiya ekspedisiyasının rəhbəri Şirzad Əhmədov, tarix institutunun şöbə müdiri, tarix elmləri doktoru Tofiq Mustafazadə, filologiya elmləri doktoru Seyfəddin Qəniyev və başqaları Şamaxının qədim, orta dövrlər tarixi, habelə erməni daşnaklarının tariximizi saxtalaşdırmaq istiqamətində apardıqları məkrli niyyətləri, 1918-ci il Şamaxı qırğını barədə konkret faktlara söykənən məruzələrlə çıxış etmişlər.

Qeyd olunmuşdur ki, yadelli işğalçıların qəsbkarlıq və dağıdıcı hücumlarına məruz qalan Şamaxı son minillikdə baş vermiş zəlzələlər nəticəsində 16 dəfə yerlə-yeksan olmuşdur. Vurğulanmışdır ki, son 10 ildə Azərbaycan tarixi ilə bağlı sistemli şəkildə arxeoloji tədqiqatlar aparılır. Xımıslı kəndində aparılan qazıntılar zamanı şəhərin vaxtilə bu ərazidə olduğunu sübut edən maddi dəlillər üzə çıxmışdır. Artıq tarixin qaranlıq və əlçatmaz qatlarına açılan qapıların açarı arxeoloqların əlindədir. Tapılan küp qəbirlərə baxış göstərir ki, bu şəhərin sakinləri hələ üç min il əvvəldən, bəlkə də daha qədimdən dulusçuluq sənəti ilə məşğul olmuşlar. Küp qəbirlərdə aşkarlanan dəmir silahlarla yanaşı, tuncdan və keramikadan hazırlanmış qadın bəzək əşyaları şəhər mədəniyyətinə məxsus çeşidli sənəd nümunələrinə aiddir. Pirsaat çayı hövzəsində eramızdan əvvəl III-II əsrlərə aid daş qutu qəbirlərin birində tapılan toxuculuq dəzgahı alimlərin böyük marağına səbəb olmuşdur. Digər bir tapıntı isə daş çaxır qutusudur. Yaşı iki min il olan bu qutuda rənglər hələ də solmamışdır.

Tədqiqatların nəticəsinə görə alimlər Şamaxının şəhər kimi formalaşma tarixinin 2500 il əvvələ təsadüf etdiyi qənaətindədirlər. Lakin bir sıra tədqiqatçılar bu tarixin daha qədim olduğunu söyləyirlər. Şamaxı ilə bağlı 40 kitabın müəllifi olan filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev toponimlərin yozumu ilə əlaqədar apardığı araşdırmalara görə şəhərin 3000 il yaşı olduğunu ehtimal edir.

Elmi-praktik konfrasda Şaumyanın və Lalayanın başçılığı ilə 1918-ci ildə Şamaxıda ermənilərin törətdikləri qətliamın acı nəticələrindən də danışılmışdır. Bu zaman 1653-ü qadın, 963-ü uşaq olmaqla, 7000-dən çox insanın vəhşicəsinə qətlə yetirildiyi vurğulanmışdır. Alimlər kütləvi qətllər törədilən yerlərin axtarılıb tapılması, tədqiqi və burada muzey yaradılması üçün ciddi işlərin aparılmasının vacibliyini qeyd etmişlər.

Tədbirdə dinlənilmiş 30-dək elmi məruzənin kitab şəklində buraxılması qərara alınmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-17 may.-S.4.