Slovakiya Azərbaycan
ilə hüquqi islahatlar sahəsində əməkdaşlıqda maraqlıdır
Azərbaycan
Respublikasının baş prokuroru Zakir Qaralov ölkəmizdə
səfərdə olan Slovakiya Baş nazirinin müavini, ədliyyə
naziri Ştefan Harabinin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Ölkəmizdə həyata
keçirilən demokratik islahatlardan söhbət açan
baş prokuror, məhkəmə hakimiyyətinin müstəqilliyinə
təminat verən məhkəmə-hüquq islahatları,
qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni
məhkəmə sisteminin təşkili, qanunvericiliyə beynəlxalq
standartlara uyğun əlavələrin edilməsi, Məhkəmə-Hüquq
Şurasının yenidən formalaşdırılması,
Hakimlərin Seçki Komitəsinin yaradılması, hakim vəzifəsinə
namizədlərin tam şəffaf prosedurlarla, ən müasir
beynəlxalq tələblər səviyyəsində seçilməsinin
yeni qaydasının müəyyən olunması barədə
ətraflı məlumat vermişdir.
Qeyd edilən tədbirlərin
davamı olaraq Azərbaycan və Slovakiya ədliyyə
nazirlikləri arasında imzalanmış əməkdaşlıq
haqqında memorandumun dövlətlərimizin hüquqi əməkdaşlığının
daha da möhkəmləndirilməsində rolu xüsusi
vurğulanmışdır.
Baş prokuror Zakir
Qaralov sivil və mütərəqqi dövlət təsisatı
kimi tam yeni məzmunda formalaşmış Azərbaycan
prokurorluğunun fəaliyyəti barədə qonaqlara geniş
məlumat verərək, yeni siyasi, iqtisadi, sosial reallıqlara
uyğun olaraq, ölkəmizdə prokurorluq orqanlarının
statusunda əsaslı dəyişikliklər edilməsi, şəffaflığın
təmin edilməsi, prokurorluq işçilərinin maddi və
sosial vəziyyətinin yaxşılaşdırılması,
prokurorluğun kadr korpusunun sağlamlaşdırılması
istiqamətində ən qəti tədbirlər görülməklə
2002-ci ildən başlayaraq, keçirilən müsabiqələr
nəticəsində hazırda prokurorluq işçilərinin
ümumi sayının 30 faizdən çoxunu təşkil edən
293 gənc mütəxəssisin işə qəbul edilməsi,
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin yaradılması, dövlət
ittihamının müdafiəsi işinin tamamilə yeni məzmunda
formalaşdırılması, ölkəmizin dünya dövlətləri
birliyinə inteqrasiyası şəraitində prokurorluğun
beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi
istiqamətində görülən işlərdən
söhbət açmışdır.
Görüşdə
"İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında" Avropa
Konvensiyasının və İnsan hüquqları üzrə
Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq
orqanlarında ciddi öyrənilməsi, təcrübədə
tətbiq olunması və bu sahədə prokurorluq
orqanlarının qarşısında duran vəzifələr
barədə ətraflı məlumat verilmişdir.
Səmimi qəbuldan və
ədliyyə sahəsində səmərəli əməkdaşlıqdan
məmnun qalan Ştefan Harabi Slovakiyanın Azərbaycan ilə
hüquqi islahatlar üzrə ikitərəfli formatda əməkdaşlıqda
maraqlı olduğunu bildirmişdir. O, təmsil etdiyi təşkilatın
Azərbaycanla əlaqələrin inkişafına
böyük önəm verdiyini xüsusi vurğulayaraq, səfər
müddətində Azərbaycanda keçirdiyi
görüşlərdən söz açmış, Ali Məhkəmənin
yeni inzibati binasının açılışını Azərbaycanda
məhkəmə hakimiyyətinə dövlət səviyyəsində
göstərilən yüksək diqqətin təzahürü
kimi qiymətləndirmişdir. Ştefan Harabi slovakiyalı həmkarları
tərəfindən İnsan hüquqları üzrə Avropa
Məhkəməsinin presedent hüququnun öyrənilməsi
və məhkəmə təcrübəsində istifadə
olunmasından ətraflı söhbət
açmışdır.
Görüşdə
ölkələrimizin prokurorluq orqanları arasındakı əməkdaşlıgın
perspektivlərinə dair, həmçinin tərəfləri
maraqlandıran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-17 may.-S.4.