Paytaxt Bakı daha da gözəlləşəcək
Bakının gözəlliyi,
tarixiylə müasirliyinin yaratdığı sintez, həmçinin
ruhlara dinclik gətirən sakit gecələri zaman-zaman bəstəkarların
nəğmələrində, şairlərin şeirlərində,
rəssamların tablolarında əksini tapıb.
Ölkə Prezidenti İlham Əliyev
2008-ci ilin avqustunda Bakı şəhərinin perspektiv
inkişafı ilə bağlı sərəncam
imzalamışdır. İndi də paytaxtın Regional
İnkişaf Planı hazırlanır və icrasıyla
bağlı tender keçirilir. Respublika Şəhərsalma və
Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev
bildirdi ki, bu müsabiqəyə dünyanın 16 ölkəsinin
30-dan artıq firmasından müxtəlif təkliflər gəlib.
Onların içərisindən ən peşəkar,
qarşıya qoyulan məsələlərin həllində
yetərincə səriştəsi olan və beynəlxalq
standartlara uyğun işləməyi bacaran 6 şirkət
seçiləcək. Sonuncu mərhələdə qalib
şirkətə Böyük Bakının İnkişaf
Planını gerçəkləşdirilməsi həvalə
olunacaq.
Bəs şəhərimizin sakinləri
paytaxtımızı necə görmək istəyirlər?
Bununla bağlı, bir neçə nəfərə müraciət
etdik. Sevinc Abdullayeva orta məktəb müəlliməsidir.
Onun fikrincə, paytaxtın yeni layihəsi klassik üslubda
işlənsə hamının ürəyincə olar:
"Son vaxtlar eşidirik ki, Bakımızın İnkişaf
Planı hazırlanır. Bu, çox gözəldir. Mən həmişə
Paris, London, İstanbul kimi paytaxt şəhərlərində
yaraşıqlı tramvaylar görürəm. Onlar şəhərin
qədimliyini, əzəmətini və gözəlliyni
tamamlayır. Çox istərdim ki, bizim də
paytaxtımızda tramvaylar olsun, şəhərimizin əzəmətini,
gözəlliyini artırsın". Hüseyn Abbasquliyev uzun
illər televeziyada işləyib, indi təqaüdçüdür.
O, İçərişəhərdən danışdı:
"İçərişəhərin eni-boyu çox
balacadır. Yaxşı olardı ki, buranı orta əsrləri
xatırladan qapalı şəhərə çevirsinlər.
Nəqliyyat qismində yalnız faytonlardan istifadə olunsun.
Şəhərin hər guşəsi, döngəsi bir tarixi
andırsın, kustar sexləri açılsın. Belə
olarsa, şəhərimizin dünyada tayı-bərabəri
olmaz, turizmdən böyük məbləğdə vəsait
götürə bilərik. İnsanları belə bir şəhərin
sakini olduqları ilə fəxr edər, həm də bunun məsuliyyətini
hiss edərlər".
Samir gənc biznesmendir, ilin yarısını xaricdə olur. Deyir ki, işdən macal tapanda paytaxtlarda ancaq klassik görünüşlü yerlərə baxmağa gedir: "Bakımız onsuz da gözəldir. Çox istərdim ki, inkişaf planı gerçəkləşərkən şəhərimizin qədim tarixə malik olduğu hər addımda görünsün. Bir də ağacların sayı çox olsun. Elə şəhərlər var ki, tamamilə ağaclarla əhatə olunub".
Abdulla müəllim isə Bakı milyonçusu Aşurbəyovların şəcərəsindəndir. Ən çox istədiyi odur ki, şəhərin bir çox yerində zəngli saat asılsın və hər saatın tamamında çalsın. Bakıda əvvəllər belə ənənə varmış: "Bakı başqa şəhərlərlə müqayisə edilməyəcək qədər qanlı və şərəfli bir tarix yaşayıb, soyqırım görüb, işğal görüb, həmçinin böyük qələbələrə şahid olub. Ona görə də buranın hər küçəsi, tini bir tarixi dövrü özündə əks etdirməlidir. Təəssüf edirəm, yeni tikilən binaların bir qismi keçmişin xatirələri üzərində ucaldılır. Heç olmasa onlar klassik üslubda yaradılsın".
"Paytaxtımızı necə görmək istəyirik?" deyərkən, şübhəsiz, bu il 100 yaşı tamam olan Milli parkımıza da nəzər salmalıyıq. Bir anlıq tariximizə dönək: 1909-cu ilin yazında Bakı Dumasının iclası olur. Bələdiyyənin tikinti şöbəsinin müdiri Məhəmməd Həsən Hacınski toplantıda çıxış edir: "Əhalinin asudə vaxtının keçirilməsi üçün şəhərdə yeganə sayılan Mixaylovski bağı (indiki Filarmoniya bağı) azlıq edir və günün tələblərinə cavab vermir". Ertəsi gün qəzetlər yazır ki, dəniz kənarında bulvar yaradılacaq və bu işlə Məhəmməd Həsən Hacınski məşğul olacaq. Çox keçmədən Bakı Duması "Eldorado" restoranı, "Olimpiya" kinoteatrı və dəniz hamamı ilə kompleks təşkil edəcək bulvarın tikintisinə 60 min manat ayırır. Bu işə şəhərin milyonçuları da kömək edir. Müsabiqə elan olunur və 30 memar müsabiqədə iştirak edir. Onların sırasına Zivər bəy Əhmədbəyov, Ploşko, Edel və Adolf Exler kimi dövrün görkəmli memarları da qatılır. Birinci bulvar Qafqaz Merkuri körpüsündən başlayıb (indiki Kukla teatrından) Seyid Mirbabayevin evinə qədər (Azneft) uzanmalıydı. Hacınski vaxt itirmədən işə girişir və dənizkənarı parkın salınmasını iki ilə bitirir. Köhnə bakılıların xatirələri əsasında yazılan mənbələrdə bildirilir ki, 1910-cu ildə bulvarda ağaclar, gül kolları göz oxşayırdı. Bakı sakinləri və xarici qonaqlar 1911-ci ildən istirahət üçün bulvara çıxırlar".
Yüz ildən sonra Milli park statusu daşıyan bulvarımız əsaslı şəkildə yenilənir. Belə ki bulvarımızın sahil boyu dənizin içərisinə doğru 10 metr genişlənəcəyi nəzərdə tutulur. İşləyənlər bildirdilər ki, bir neçə ay əvvəldən başlayan yenidənqurma yay boyu davam edəcək. Sahil zolağının genişlənməsi üçün çay daşları Lənkəran-Astaradan, torpaq isə Qaradağdan gətirilir. Əkiləcək yeni bitkilərin torpağa yaxşı uyğunlaşması üçün buraya Azərbaycanın münbit ərazilərindən torpaq da daşınır.
Milli parkın ərazisində uşaqlarını gəzdirən analar, ağaclar altındakı skamyalarda əyləşib xatirələrini vərəqləyən ixtiyar qocalar və gənclər çoxdur. Sakinlər bulvarın yaxın gələcəkdə gözəl olacağından danışırlar. Fikrini öyrəndiyimiz insanlar sahil zolağında suyun çox çirkli olduğundan və kanalizasiya qoxusu gəldiyindən narahatlıqlarını da gizlətmədilər.
Doğrudan da, Bakı buxtası illərlə neft tullantılarından və axıdılan kanalizasiya sularından çox çirklənib. Parkın ərazisi tikinti meydançasına çevrilsə də, bu, balıqçıların eyninə deyil. Əllərində tilov işlərindədirlər. Aslan dayı deyir ki, gözümü Bakıda açmışam, ən böyük arzum paytaxtımızı və dənizkənarı parkımızı gözəl görməkdir: "Keçən il yayda balıq tuturdum, iki nəfər xarici qonaq mənə yaxınlaşdı, bir xeyli qarmaq da atdılar. Əcnəbi dilində məni başa saldılar ki, bu, onların da hobbisidir. Amma onların dənizinin suyu elə durudur ki, balığın qarmağa gəldiyini uzaqdan seyr edə bilirlər". Tamella xanım Bakı Dövlət Universitetinin müəlliməsidir. Onun fikrincə, Milli parkın yeni forması avropalılığı ilə deyil, daha çox şərqliliyi və bir də keçmişimizi xatırladacaq anları yaşadan üslubu ilə insanları heyrətləndirə bilər:
- Bilirsiniz, bu park yüz illik bir tarixə malikdir. Elə yaşlı ziyalılarımız var ki, bu parka keçmişlərini yada salmaq, dincəlmək üçün gəlirlər. İnsan xatirəsinin kölgəsində yaşayır, hər tinə, hər oturacağa, hər ağaca baxanda arxada qalan anları xatırlamaq, xəyala dalmaq istəyir. Bu parkda kimlərin göz izi yoxdur?! Üzeyir bəy, Hüseyn Cavid, Bülbül, Müşfiq, Ələsgər Ələkbərov, görkəmli teatr, kino xadimlərimiz, Vaqif Mustafazadə, Rafiq Babayev, daha kimlər baxıb bu dənizin sularına?! Yusif Vəzir Çəmənzəminlinin qəhrəmanları Əli və Nino Filarmoniya bağında bir-birlərinə ürəklərini açıblar, oradakı skamyalarda oturublar. Çox istərdim ki, yeni parkımızın dizaynında bu detallar nəzərə alınsın, hər üslubu bir xatirəni canlandırsın.
Validə xanım Milli parkın yeni görkəmində dekorativ quşların və heyvanların da qorunub saxlanmasını istəyir:
- Bulvara uşaqlarını gətirən valideynlərin sayı daha çox olur. Uşaqların marağı baxımından bu, çox gözəl olardı.
Abuzər müəllim təqaüdçüdür, oturacaqda əyləşib bir qədər aralıda oynayan nəvəsinə nəzarət edir. Deyir ki, ilk növbədə buxtaya çirkab sularının axıdılması dayandırılmalıdır:
- Hiss edirsinizmi, kanalizasiya sularının qoxusu aləmi bürüyür, bir də şimal küləyi əsəndə görəsiniz. İndi şəhərimiz qonaqlı-qaralıdır. Yayda yerlilərdən çox xaricilər gəlir bura. Yaxşı olardı ki, dənizimizin suyu başqa dənizlərin suyu kimi tərtəmiz, gömgöy olsun, baxanda dənizin dibi görünsün.
Yeri gəlmişkən, elə orada öyrəndik ki, artıq ərazidə bir neçə yeni sutəmizləyici qurğu yerləşdirilib.
Beləcə, şəhər sakinləri arzu və istəklərini, maraqlı təkliflərini açıq-aşkar ifadə etdilər. Əlbəttə, hər kəs vətənini gözəl görmək istəyir. Ancaq onu gözəl və əzəmətli saxlamaq da bu vətənin öz vətəndaşlarının borcudur.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev ailəsi ilə birlikdə paytaxtımızın bir neçə park və istirahət guşələrini gəzmiş, əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyətlə tanış olmuşdur. Neçə vaxtdır ki, şəhər sakinlərinin istirahəti üçün yararsız vəziyyətdə olan park və digər istirahət mərkəzləri dövlətimizin başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən abadlaşdırılmışdır. Bu ilin fevralından başlanan yenidənqurma işləri bəzi park və xiyabanlarda qısa vaxtda yüksək keyfiyyətlə başa çatdırılmışdır.
Rəsmiyyə Rzalı
Azərbaycan.-2009.-17
may.-S.5.