Yazıçı, publisist və tərcüməçi Məmməd
Əkbərin 100 illik
yubileyi qeyd edilmişdir
Azərbaycan Yazıçılar Birliyində yazıçı, publisist və tərcüməçi Məmməd Əkbərin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
Xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin müdiri Maarif Teymur, şair Abbas Abdulla, Fikrət Sadıq və başqaları Məmməd Əkbərin sadə və aydın yazıçı üslubundan, böyük insani xüsusiyyətlərindən söz açmış və unudulmaz xatirələrini danışmışlar.
Bildirilmişdir ki, ədəbiyyata ötən əsrin 20-ci illərinin axırlarında gələn Məmməd Əkbər yarım əsr fasiləsiz olaraq sevimli peşəsindən ayrılmamışdır. "Şərq qapısı", "Yeni fikir", "Kəndli qəzetəsi", "Kommunist", "Qızıl əsgər", "Ədəbiyyat və incəsənət" qəzetlərində, "İnqilab və mədəniyyət" jurnalında ardıcıl məqalələrlə çıxış edən M.Əkbər ən sadə mətləblərdən yazanda da öz qələminin xüsusiyyətini saxlamışdır. Publisistika ilə yanaşı, onun hekayələrində və oçerklərində incə bir yumor vardır. Canlı və təbii dialoqlar, dəqiq və aydın həyat lövhələri müəllifin hekayə və oçerkləri üçün səciyyəvidir. M.Əkbər yaradıcılığının məhsulu olan 18 kitabda cəmlənmiş əsərlər - məqalələr, hekayələr, oçerklər, xatirələr bu gün də oxucu tərəfindən maraqla qarşılanır. Ayrı-ayrı illərdə çap edilmiş "Gənc qaliblər", "Yeni həyatı yaradanlar", "Sürəyya", "Həyatımızdan səhifələr" və digər kitabları əsl qələm adamının yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsidir. Bütün bunlarla yanaşı, M.Əkbər həm də gözəl tərcüməçi olmuşdur. Rus, Ukrayna, rumın, bolqar, italyan, tacik, özbək, Misir və digər xalqların ədəbiyyatından etdiyi tərcümələr onun tükənməz istedadından xəbər verir.
Diqqətə çatdırılmışdır ki, lap kiçik yaşlarından valideynlərini itirən Məmməd Əkbər həyatın min bir çətinliyinə sinə gərərək öz istedadı, qabiliyyəti, bacarığı ilə həmişə tay-tuşlarından fərqlənmişdir. Ordubadda orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə onu Naxçıvan Pedaqoji Texnikumuna göndərmişlər. Tələbə ikən Naxçıvan həyatından yazdığı kiçik yazıları qəzetlərdə çap olunmuşdur. 1929-cu ildə "Kommunist" qəzetinin baş redaktoru Həbib Cəbiyev 20 yaşlı M.Əkbəri Bakıya işləməyə dəvət etmişdir. Bununla da M.Əkbərin bütün həyatı şəhərə, o dövrün aparıcı mətbu orqanlarına bağlanmışdır.
Sonda yazıçının qızı, əməkdar artist Gülşən Əkbərova atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
AzərTAc
Azərbaycan.-2009.-17 may.-S.5.