Məqsəd əhalinin sağlamlığını qorumaqdır

 

Qarşıdan isti yay günləri gəlir. Bu fəslin özünəməxsus qayğıları olur. Küçə ticarəti artır. Bundan istifadə edib keyfiyyətsiz ərzaq məhsulları satmağa cəhd göstərənlər olur. Binəqədi Rayon Gigiyena Epidemiologiya Mərkəzinin sanitariya gigiyena şöbəsinin müdiri Bayram Məmmədovla söhbətimiz elə bu barədə oldu. O dedi:

- Ölkəmizin digər yerlərində olduğu kimi, Binəqədi rayonunda da sanitar vəziyyət xeyli yaxşılaşıb. İnfeksion-parazitar xəstəliklərin kütləvi qida zəhərlənmələrinin qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir. Bu zaman direktiv sənəd kimi "Sanitariya, epidemioloji salamatlıq əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanuna istinad edilir. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramından irəli gələn vəzifələr diqqət mərkəzində olur. Aparılan tədbirlərin nəticəsində salmanelyoz, dizenteriya, enterit, epidparotit xəstəlikləri azalmış, bəziləri tamamilə aradan qaldırılmışdır.

Qızmar yay günlərinə hazırlaşırıq. Rayonun bir sıra yerlərində, o cümlədən Biləcəri, Binəqədi, M.Rəsulzadə qəsəbələrində reydlər keçirilmişdir. Reydlər zamanı küçə ticarətində rast gəlinən keyfiyyətsiz ərzaq məhsullarının yığışdırılması küçə ticarətinin ləğv olunması barədə müvafiq tədbirlər görülmüşdür. Bəllidir ki, yaz-yay aylarında bəzi ticarət şəbəkələrində mənşəyi məlum olmayan ərzaq, o cümlədən süd- qatıq məhsullarının satılması halları baş verir. Bu da müəyyən təhlükəli xəstəliklər törədir. Onların qarşısını almaq üçün ticarət şəbəkələrində vaxtaşırı reydlər keçirir, nöqsanlar aşkar edildikdə təqsirkar şəxslər barəsində lazımi tədbirlər görülür. 2009-cu ilin birinci rübündə 17 şəxs cərimələnmiş, 18 obyektin fəaliyyəti müvəqqəti dayandırılmışdır. Həmin obyektlərdə ümumi sanitar gigiyenik tələblər gözlənilmirdi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli sərənçamına əsasən, ticarət şəbəkəsinə məxsus obyektin 5 metrlik məsafəsində bütün təmizlik işləri müəssisənin hesabına aparılmalıdır. Tiçarət obyektləri bu qaydanı gözləməli, ona əməl etməlidirlər. Təəssüf ki, bəzən əksinə olur. Küçədə, mağazanın qarşısında meyvə-tərəvəz satışı təşkil edilir. Küçədə satılan ərzaq məhsullarını ərazidən keçən maşınlar çirkləndirir. Nəqliyyat vasitələrinin qaldırdığı toz satılan ərzaq məhsullarının üzərinə çökür. Bu da onlardan istifadə zamanı müəyyən xəstəliklərin baş verməsinə səbəb olur. Belə halların qarşısını almaq üçün aidiyyəti orqanlara müraciət edir, tədbirlərin icrasının təmin olunmasına çalışırıq.

Mərkəzin rəhbərliyi tərəfindən xüsusi cədvəl tərtib olunub. Cədvələ əsasən, işçilər həftənin müəyyən günləri rayon ərazisində ət satışına nəzarəti təmin edir, reydlər keçirirlər. Rast gəlinən nöqsanlar ümumi şurada müzakirə edilir. İlk dəfə müşahidə olunan nöqsanları aradan qaldırmaq üçün obyektə xəbərdarlıq olunur, cərimə tətbiq edilir. Lakin elə obyektlər var ki, onların fəaliyyətinin dayandırılması barədə tədbirlər görürük. Məsələn, 28 May qəsəbəsində yerləşən ət satışı mağazasının fəaliyyətinin müvəqqəti dayandırılması üçün qərar çıxarılıb. Ümumi sanitar-gigiyenik vəziyyəti qeyri-kafi olduğuna görə M.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 49-da yerləşən çörək sexinin fəaliyyəti dayandırılıb. Araşdırma zamanı məlum olub ki, çörək sexinin fəaliyyətə başlaması üçün dövlət nəzarəti orqanlarından rəy alınmayıb. Çörək sexinin ümumi sanitariya vəziyyəti qeyri-kafidir, un anbarı yoxdur, çörəyin bişirilməsi zamanı texnologiya pozulur, işçilərin xüsusi geyim formaları yoxdur, şəxsi gigiyena qaydalarına əməl olunmur.

Belə hallar olmasa, daha yaxşıdır. Əgər olarsa, təbii ki, onların da qarşısı alınacaqdır.

 

 

Eldar Nəsibli

 

Azərbaycan.-2009.-17 may.-S.5.