Yaman günün
ömrü az olar
Düz on yeddi ildir ki,
respublikamızın 59 şəhər
və rayonuna səpələnmiş laçınlılar
yurd həsrəti ilə yaşayırlar. O da aydındır ki, Azərbaycan torpaqlarının 20 faizini,
habelə keçən
əsrlərdə itirilən
torpaqları ermənilər
məlum himayədarlarının
köməyi ilə işğal etmişlər.
Həmişə tarixi
çevrilişlərdən, siyasi dəyişiklikdən
məharətlə bəhrələnən
ermənilərin SSRİ-nin
zəifləməsindən istifadə edərək
1988-ci ilin fevralında
Dağlıq Qarabağı
Ermənistana birləşdirmək
uğrunda Moskvadakı
havadarlarının köməyi
ilə Azərbaycana qarşı başladığı müharibə ölkəmizdə
ictimai-siyası vəziyyəti daha da ağırlaşdırdı.
Dağlıq Qarabağda
Ermənistandan, Livandan,
Suriyadan və digər ölkələrdən
erməni diasporunun maliyyə yardımı ilə gətirilmiş silahlı dəstələr
Şuşa rayonunun ermənilər yaşayan Qaladərəsi, Böyükkənd, Onverst kəndlərində
yerləşdirilmişdi. 1991-ci ilin noyabrında Laçın-Şuşa yolunun Qaladərəsi ərazisində jurnalist Salatın Əsgərova və iki nəfər
hərbçi məhz
həmin silahlı dəstələr tərəfindən
vəhşicəsinə qətlə
yetirildilər.
Laçın rayonunun Ermənistanla sərhəd
kəndləri vaxtaşırı
erməni silahlılarının
hücumuna məruz qalsa da, əhali
öz doğma torpağını mərdliklə
müdafiə edirdi.
Coğrafi mövqeyinə
görə Dağlıq
Qarabağla Ermənistan
arasında yerləşən
Laçın rayonu ölkədə yaranmış
bu mürəkkəb ictimai-siyasi cərəyanın
ən qaynar nöqtəsinə çevrildi.
Laçınlılar iki cəbhədə - həm
Ermənistanla, həm
də Dağlıq Qarabağdakı erməni
silahlı qüvvələri
ilə mübarizə
aparmaq məcburiyyətində
qaldılar.
Bəs Laçın
nə üçün
müdafiə oluna bilmədi? 1905-ci və
1918-ci illərdə Laçın
ermənilərə məğlub
olmamışdı. Niyə
1992-ci ildə yurd yerlərimizi qoruya bilmədik?
1918-1920-ci illərdə
ermənilər Bakıdan
Naxçıvana qədər
Azərbaycan torpaqlarını
azərbaycanlılardan və
müsəlmanlardan təmizləyərək
"Dənizdən dənizə
- böyük Ermənistan
dövləti yaratmaq"
istəyirdilər. Lakin mərkəzi
Şuşa şəhəri
olmaqla Qarabağ qubernatorluğuna rəhbərlik
edən Azərbaycan Demokratik Cümhuriyyətinin
ilk nazirlərindən
biri Xosrov bəy Sultanovun Qarabağda ermənilərə
layiqli cavab verdiyindən, Azərbaycan
milli ordusunun böyük bir dəstəsinin Qarabağa
göndərilməsi, Laçında
isə Sultan bəyin rəhbərliyi ilə xalqın möhkəm birliyinin olması Laçını,
Qarabağı 1918-1920-ci illərdə
erməni təcavüzündən
qorudu. Ermənilər
Zabux dərəsində
laçınlılardan aldığı
ağır zərbədən
məğlub olmuş,
"Qanlı dərə"
və "Tat dərəsi" əməliyyatını
nəsildən-nəsilə
çatdırmaqla azərbaycanlılardan
çəkinmişlər. Biz bu gün
ulu babalarımızın
qəhrəmanlığı qarşısında baş
əyməklə tarixdən
dərs almalıyıq.
Qarabağ müharibəsində
Laçın 267 nəfər
şəhid verdi. 5 nəfər Milli Qəhrəman adına layiq görüldü.
Lakin Şuşanın
- Qarabağın müdafiəsi
olmadan Laçını
ikitərəfli hücumlardan
qorumaq olmazdı. Laçın Azərbaycanda
hökumət böhranının,
hakimiyyətsizliyin, AXC-Müsavat
cütlüyünün hakimiyyət
hərisliyinin qurbanı
oldu.
Laçının süqutu
şəhərin, 1 qəsəbə
və 125 kəndin,
13745 fərdi yaşayış
evinin, 48 sənaye, 63 kənd təsərrüfatı
obyektinin, 101 məktəbin,
5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisənin,
142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyektinin,
30 rabitə qovşağının,
peşə məktəbinin,
xalq teatrının, Tarix-Diyarşünaslıq
muzeyinin itirilməsi, dağıdılması, məhvi
deməkdir.
Ümumilikdə Laçın
rayonunun 34 min hektar meşə massivi, 72 min hektar yaylaq sahəsi
erməni tapdağı
altında qaldı.
200-dən çox tarixi abidə erməni vandalizminin qurbanı oldu. Bütövlükdə əhaliyə
dəyən ziyan 7,1 milyard ABŞ dollarına bərabərdir. Rayonda
1992-ci ildə olan
58227 nəfər əhali
respublikanın müxtəlif
rayon və şəhərində məskunlaşmışdır.
17 il məcburi köçkünlük
həyatı yaşamalarına
baxmayaraq, laçınlıların
dövlətə, dövlətçiliyə,
ulu öndər Heydər Əliyev siyasi xəttinə, bu xətti uğurla
davam etdirən Prezident İlham Əliyevə sadiqliyi daimidir.
Əhalisi öz adət-ənənələrini
qoruyub saxlayır, yaşadır. Kimliyindən
asılı olmayaraq hər bir ölkə
vətəndaşının, xüsusilə məcburi köçkünlərin problemlərinə
yardımçı olmağı
respublika Prezidenti İlham Əliyev həmişə özünün
prioritet vəzifəsi
olduğunu bəyan etmişdir. Dövlət başçısının qayğı
payından laçınlılara
da yetərincə çatır. Rayon əhalisinin məskunlaşdığı
84 obada, eləcə də respublikanın 59 rayon və şəhərində
köçkünlərlə mütəmadi görüşlər
keçirir, onların
sosial-iqtisadi problemlərinin
həlli istiqamətində
bir sıra zəruri tədbirlər görürük.
Laçınlıların yaddaşına
həkk olan tarixi günlərdən biri də 21 fevral 2009-cu ildir. Çünki Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin sərəncamı
ilə Laçın şəhərinin 85 illiyinin
dövlət səviyyəsində
qeyd edilməsi biz laçınlıları
bir daha əmin etdi ki, işğal altındakı
torpaqlarımız işğalçılardan
tezliklə azad olunacaq. Bu sərəncamdan irəli gələn vəzifələrə uyğun
olaraq müxtəlif tədbirlər həyata keçirilmiş, Laçın
haqqında sənədli
film çəkilmiş,
foto-albom hazırlanaraq
Vətən həsrətli
laçınlılara ərməğan
edilmişdir. Bu işdə əməyi olan bütün həmvətənlərimizə nəcib əməllərinə
görə minnətdarlığımızı
bildirir, hər birinə çox sağ ol deyirik.
Ölkəmizin müxtəlif
bölgələrinə səpələnmiş
laçınlıları bir
araya gətirmək, rayonun işğalından
sonra doğulmuş uşaqlarda Laçın haqqında geniş təsəvvür yaratmaq,
laçınlıların bu gün də
öz torpaqlarının
həsrətilə yaşadıqlarını
və möhtərəm Prezident İlham
Əliyev tərəfindən
Dağlıq Qarabağ
münaqişəsinin həlli
istiqamətində həyata
keçirilən uğurlu
daxili və xarici siyasət nəticəsində məcburi
köçkünlərin tezliklə
öz doğma yurdlarına dönəcəklərinə
inam hissini bütün dünyaya bəyan etmək üçün bu yubileyin keçirilməsi
məqsədəuyğun idi.
Bu tədbir həm Laçında yeni yaşayış evləri,
inzibati binalar, kilsə və s. tikərək erməniləri zorla orada məskunlaşdıran,
Laçın şəhərinin
adını da "erməniləşdirən" erməni separatçılarına
ciddi bir xəbərdarlıqdır.
Bütün Azərbaycan
xalqı kimi, laçınlılar da inanırlar ki, Prezident İlham Əliyevin uzaqgörən
siyasəti və səmərəli fəaliyyəti
nəticəsində bir
nömrəli problemimiz
olan Ermənistan - Azərbaycan, Dağlıq
Qarabağ problemi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, doğma torpaqlarımız
erməni işğalçılarından
azad ediləcəkdir.
Yetişməkdə olan yeni nəslin Laçını unutmaması
üçün rayonun
ümumtəhsil məktəblərində
şagirdlər arasında
milli vətənpərvərlik
hisslərinin daha da gücləndirilməsi
"Laçını necə
təsəvvür edirəm?",
"Vətənə getməyim gəlir" adlı inşa yazı müsabiqələri,
"Laçın rayonu
haqqında bildiklərimiz"
mövzusunda disputların
keçirilməsi, "Laçın
şəhidləri and
yerimizdir", "Laçınlı
Milli Qəhrəmanlar"
adlı fotostendlərin
hazırlanması, rayonun
şəhid ailələri
və Qarabağ müharibəsi iştirakçıları
ilə mütəmadi görüşlərin keçirilməsi və
"Laçın rayonunun
işğalı erməni
faşizminin azərbaycanlılara
qarşı növbəti
deportasiya və soyqırım siyasətinin
nəticəsidir" mövzusunda
ümumrayon yığıncağının
keçirilməsi artıq
ənənə halını
almışdır.
Laçın tarixən hər bir Azərbaycanlının
qəlbində, yaddaşında
qürur və məğrurluq, vüqar və əyilməzlik rəmzi olmuşdur. Bu torpağın mərd və cəsur oğulları zaman-zaman öz qəhrəmanlıqları ilə
bu adı doğrultmuş, xalqımızın
igidlik salnaməsinə
şərəfli səhifələr
yazmışlar. Biz laçınlılar inanır
və ümid edirik ki, Laçın,
eləcə də işğal altında olan digər ərazilərimiz düşmən
tapdağından azad ediləcəkdir. Bu inamı bizdə respublika Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik, uzaqgörən, qətiyyətli
siyasət doğurub.
Ramiz Cəbrayılov,
Laçın Rayon İcra
Hakimiyyətinin başçısı
Azərbaycan.-2009.-17 may.-S.6.