Yaralı qartal
Laçın Azərbaycanın
dilbər guşələrindən biri idi. Şimaldan Kəlbəcər,
şərqdən Xocalı, Şuşa, Xocavənd, cənubdan
Qubadlı, qərbdən isə Gorus, Sisian (Qarakilsə)
rayonları ilə həmsərhəd idi. 1992-ci ilin mayınadək
o dağların qoynunda 60 min nəfər əhali
yaşayırdı. 125 kənddən ibarət olan
Laçın həm təbiət etibarilə, həm də
qiymətli tarixi memarlıq abidələrinə görə
respublikamızın ən zəngin rayonlarından biridir.
Laçın rayonunda dünya və yerli əhəmiyyətli
54 tarixi və mədəniyyət abidəsi işğal
altında qalmışdır.
Ötən əsrin 1905-1907,
1915-1918-ci illərində də namərd ermənilər dəfələrlə
Laçına hücum etmiş, oranı ələ
keçirməyə çalışmışlar. Lakin həmişə
daşnakların qarşısı Laçın
dağlarında, gədiklərində alınmış, onlar
öz çirkin niyyətlərinə çata bilməmişlər.
Xüsuilə də xalq qəhrəmanı Sultan bəy
Paşa oğlunun igidliyi nəticəsində ermənilər
ağır itki vermişlər. Sovet hakimiyyəti qurulduqdan
sonra Laçının da yerləşdiyi Zəngəzur
mahalı iki yerə parçalandı. Böyük bir hissəsi
(Qarakilsə, Gorus, Mehri, Qafan) qondarma Ermənistan dövlətinə
verildi. Zəngilan, Qubadlı, Laçın Azərbaycanın
tərkibində qaldı. Bununla da həm böyük bir
mahalın - Zəngəzurun sinəsinə
çalın-çarpaz dağ çəkildi, həm də
qədim Naxçıvan öz doğmasından - böyük
Azərbaycandan aralı düşdü. Əslində, sovet
hakimiyyəti ermənilərin arzularının böyük
bir qismini gerçəkləşdirmiş oldu. Azərbaycan
torpaqları üzərində hayların ilk dəfə rəsmi
olaraq Ermənistan adlanan dövləti yaradıldı. Amma
torpaq iddiasında olan namərd ermənilər
"Böyük Ermənistan" xülyasını həyata
keçirmək üçün hər an fürsət
gözləyirdilər.
1988-ci ildə Laçınla
qonşu olan Ermənistanın rayonlarından bu bölgənin
müxtəlif kəndlərinə tez-tez basqınlar edilirdi.
Zabux körpüsü dağıdıldı, kənd atəşə
tutuldu. Cicimli kəndində erməni quldurları tərəfindən
insanlar qətlə yetirildi. Müxtəlif kəndlərin
şose yollarında avtomaşınlar atəşə tutuldu.
Gorus tərəfdən Laçın rayonuna tez-tez ermənilər
silahlı basqınlar etməyə başladılar. 1988-ci ilin
noyabr-dekabr aylarında Qarakilsədə yaşayan azərbaycanlılar
vəhşicəsinə ata-baba yurdlarından qovuldu.
Onların bir qismi Laçın dağlarına üz tutdu. Qar
uçqunlarından, keçilməz yollardan, şaxtadan,
qardan xilas olanlar Laçına, onun mehriban insanlarına pənah
gətirdilər.
1990-1991-ci illərdə
Laçının kəndləri demək olar ki, ermənilər
tərəfindən aramsız atəşə tutulurdu. O
günlərin xronologiyasını izləyəndə
görürsən ki, hər gün Laçında qətlə
yetirilən olub. 1991-ci il aprelin 20-də erməni
yaraqlılarının əli ilə 19 nəfər hərbi
qulluqçu, 200-ə qədər isə azərbaycanlı qətlə
yetirilib. Ermənilər artıq Laçının mərkəzini
top atəşinə tuturdular. Şuşa-Laçın yolunun
4-cü kilometrliyində yük maşınına atəş
açmışdılar, onlarca adam həlak olmuşdu.
Qarabağın kəndlərində yanğınlar, talanlar
baş alıb gedirdi. 1991-ci ilin sonuna qədər ermənilər
tərəfindən 700 azərbaycanlı qətlə
yetirilmiş, 1600 soydaşımız yaralanmış, 1700-ə
qədər ev dağıdılmışdı.
1992-ci il də çox
ağrılı keçdi. Ermənilər gecə-gündüz
Laçını atəşə tuturdular. Hər gün
insan qətlə yetirilirdi. 1992-ci ilin Novruz bayramında ermənilər
tərəfindən 50 nəfər laçınlı qətlə
yetirilmişdi. Mayın 8-də Şuşa alındı. Ermənilər
daha da qızışdılar. Mayın 18-də ermənilər
gözlərinə qara tikan kimi batan Laçını
işğal etdilər.
Laçınlılar indi Azərbaycanın
müxtəlif rayonlarına səpələniblər.
Laçın Rayon İcra Hakimiyyətinin aparatı isə
Ağcabədidə fəaliyyət göstərir. 17 ildir ki,
laçınlılar cənnətməkan
adlandırdıqları dilbər guşədən uzaqda - bir
aran düzündə doğma yurda sarı həsrətlə
boylanırlar.
Ədəbiyyatşünas alim, tənqidçi
Qulu Xəlilov deyərdi ki, Laçın dağların sinəsinə
qonmuş nəhəng bir qartala bənzəyir. Bu qartalın hər
lələyi düşmən gözünə bir ox idi. Ermənilər
Laçını "Qarabağın qara qapısı"
adlandırırdılar. Çünki onlar Qarabağda at
oynatmaq, meydan sulamaq üçün birinci növbədə məhz
"qara qapı"nı sındırmalı idilər. Uzun
illər onların bu çirkin niyyətləri sinələrində
yara bağlamışdı. Vaxtilə Laçının igid
oğulları, Sultan bəy kimi kişiləri imkan verməmişdilər
ki, onun bir bulağına, çayına, dərəsinə,
daşına erməni ayağı dəysin. Laçın həmişə
ermənilərin gözündə qorxulu, sehrli bir yer idi. Onlar
heç xəyallarında da güman etməzdilər ki, nə
vaxtsa bu yurdun əhalisini dədə-baba torpaqlarından didərgin
sala biləcəklər. Təəssüf ki, bu o vaxt hakimiyyətdə
olanların səriştəsizliyi üzündən baş
verdi...
Flora Xəlilzadə
Azərbaycan.-2009.-17
may.-S.6.