Yadigarları onun ikinci ömrünü yaşadır

 

Bakı şəhəri İstiqlaliyyət küçəsi 8. Bu ünvanda vaxtilə zamanın sərt, amansız qanunlarından zillətlər çəkən, əzablara, işgəncələrə məruz qalan şair Hüseyn Cavid 17 il ömür sürüb. Sonralar - 1981-ci il 25 noyabr tarixdə sözə, sənətə, sənətkara, tarixi şəxsiyyətlərə dəyərincə qiymət verən ulu öndər Heydər Əliyevin sərəncamı ilə həmin ünvanın şairin xatirələrini, yadigarlarını mühafizə etmək, yaşatmaq üçün ev-muzeyi olması nəzərdə tutulub sənədləşib. Lakin bir müddət H.Cavidin anadan olmasının 100 illiyi münasibəti ilə həyata keçiriləcək tədbirə etinasız münasibət göstərilib. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidi tələbi ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra həmin ünvana qayğı göstərmiş, çoxlarının arzuladığı məqsəd həyata keçmişdi. Yaxın günlərdə bu ünvanda olduq, ev-muzeyinin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanlı ilə görüşdük. O dedi:

- 1993-cü ilin sentyabrında Azərbaycan Milli Elmlər Akademiyasında ziyalılarla görüşü zamanı ulu öndərin dediyi bu fikirlər yaddan çıxmır: "Böyük filosof şairimiz, dramaturqumuz Hüseyn Cavid sürgün olundu, uzun illər əsərləri üstünə qadağa qoyuldu. Ancaq tarix haqqı, ədaləti bərpa etdi. Onun cənazəsini Sibirdən vətənimizə gətirdik. Amma təəssüf edirəm ki, 1981-ci ildə Hüseyn Cavidin 100 illiyi ilə əlaqədar qəbul etdiyimiz qərarı Azərbaycan Kommunist Partiyası on il ərzində həyata keçirmədi. Soruşuram: üçün? Çünki Cavidə etinasızlıq vardı. İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm fəlsəfi, elmi baxımdan lazımdır. Lakin onun əsərləri lazımi səviyyədə nəşr olunmuşdumu?.."

Bundan sonra ulu öndərin muzeylə bağlı sərəncamı, arzu-istəyi əsaslı şəkildə həyata keçirildi. Hüseyn Cavidin qızı, muzeyin ilk direktoru olmuş mərhum Turan xanımın hazırladığı, tərtib etdiyi beşcildlik kitabları artıq latın qrafikası ilə çap edilib oxuculara çatdırılıb.

Muzey ilk əvvəl Mədəniyyət Turizm Nazirliyinin tərkibində Hüseyn Cavidin xatirə muzeyi adı ilə fəaliyyət göstərmiş, sonra Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibinə daxil edilmiş bu qurumun istəyinə, təşəbbüsünə uyğun olaraq hazırda elmi tədqiqat idarəsi kimi işini davam etdirir. 4 otaqdan ibarət muzeyin ümumi sahəsi 245 kvadratmetrdir. Fondda 15 min eksponat var. Onlardan 850-si Hüseyn Cavidə məxsus sənədlər, əlyazmaları, müxtəlif illərdə nəşr olunmuş kitablar, səhnə əsərlərinin proqram afişaları, ailəvi fotoşəkillər, ümumilikdə Cavid irsinə məxsus əşyalar, yadigarlar nümayiş olunur.

Buradakı hər bir eksponatda Turan xanımın xidməti, əl izləri var. Müqəddəs ocaq, xatirələri yaşadan ünvan onun istəyi olsa da, bunu həyata keçirən, reallaşdıran Hüseyn Cavidin yaradıcılığına dərin hörmət bəsləyən ulu öndər olmuşdu. Hər bir eksponatda, guşədə Turan xanımın əməyi, övlad qayğısı, ata sevgisi aşkar duyulur.

Dahi şairin yaradıcılığı toplanmış beşcildlik kitabların təqdimat mərasimindən lentə alınmış kadrlar tamaşaçıları maraqlandırır, dərindən düşündürür. Seyrçilər bir daha şahid olurlar ki, sözə, sənətə, sənətkara qiymət verməklə hələ sağlığında müqəddəslik qazanan ulu öndər necə zərif qəlbli, həssas ürəkli şəxsiyyət olub. Ötən il Hüseyn Cavidin xatirəsi daha da əziz tutulmuş, ev-muzeyi haqqında internet vasitəsilə 31 min 738 nəfər məlumat almışdı. Həmin insanların yarıdan çoxu xarici ölkə vətəndaşları, əcnəbilərdir.

Son illərdə muzeydə bir sıra tədbirlər həyata keçirilib. "Cavidşünaslıq" toplusunun iki cildi çapdan çıxıb. Hüseyn Cavidin biblioqrafiyası nəfis şəkildə işıq üzü görüb. Muzeyin virtual variantı yüksək səviyyədə hazırlanıb internetə yerləşdirilib, disklərin təqdimat mərasimi olub. Dahi şairin əsərləri Avropa Şərq ölkələrinin dillərinə tərcümə edilib. Müntəzəm olaraq Hüseyn Cavidin, Mişginaz xanımın, Ərtoğrolun, Turan xanımın anım günləri qeyd olunur. Cavidin ev-muzeyi təkcə respublikamızda deyil, dünyanın əksər ölkələrində tanınır. Hüseyn Cavidin ömür yolu, əyilməz xarakterə malik olması barədə internet vasitəsilə dünyaya məlumatlar yayımlanır.

Muzeyə gələn, eksponatlarla tanış olan sənətsevərlərin sayı gündən-günə artır. Əməkdaşlarımız onlara ətraflı məlumat verirlər.

Əgər 1969-cu ilə qədər ölkəmizdə 29 muzey vardısa, hazırda onların sayı 136-ya çatıb. Bu müqəddəs ocaqların yaranmasına, tanınmasına ulu öndər Heydər Əliyev sərəncamlar verib, qayğı göstərib.

Əməkdaşlarımız Hüseyn Cavid irsinin qorunmasında, yadigarlarının saxlanılmasında misilsiz xidmətləri olan ulu öndəri Turan Cavidi hər saat, hər gün anırlar. Muzeyə gələnlərin isə ilk diqqətini ümummilli liderimizin bu kəlamı çəkir: "Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Millətimiz onunla fəxr edib, edəcək ". Biz bu deyimin bariz nümunəsini yaşatmağa, canlandırmağa çalışırıq.

 

 

Söhbəti yazdı:

Telman Ağaoğlu

 

Azərbaycan.-2009.-17 may.-S.6.