Azərbaycanın antiterror əməliyyatlarında rolu, regional layihələrdə iştirakı dünya birliyi tərəfindən yüksək qiymətləndirilir

 

Azərbaycan ilə Amerika Birləşmiş Ştatları strateji tərəfdaşdırlar və ölkələrimiz arasında çox yaxşı işbirliyi vardır. Azərbaycanın antiterror əməliyyatlarında rolu, regional layihələrdə iştirakı dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.

Bu fikirlər ölkəmizdə səfərdə olan ABŞ Milli Hərbi Kollecinin yüksək rütbəli hərbi və mülki şəxslərdən ibarət nümayəndə heyətinin mayın 18-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ilə görüşündə səslənmişdir.

Z.Əsgərov demişdir ki, Azərbaycan ilə ABŞ arasında münasibətlərimiz yüksək səviyyədədir. Nümayəndə heyətlərimizin qarşılıqlı səfərləri əməkdaşlığımızı daha da genişləndirir və möhkəmləndirir. Ölkələrimizin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan ilə ABŞ-ın bir sıra irimiqyaslı layihələrdə, eləcə də antiterror əməliyyatlarında birgə əməkdaşlığı müsbət nəticələr verir. Ümid edirik ki, iqtisadi sahədə olduğu kimi, siyasi və hərbi sahələrdə də əməkdaşlıq uğurla davam edəcəkdir.

ABŞ Milli Hərbi Kollecinin fakültə nümayəndəsi Ceyms MakDuqal demişdir ki, ötən il regionda tədqiqatlar aparmışlar. Azərbaycanda həyata keçirilən islahatlar, demokratik inkişaf təqdirəlayiqdir. Bu gün on nəfər azərbaycanlının ABŞ-ın Milli Müdafiə Akademiyasında təhsil aldığını diqqətə çatdıran C.MakDuqal bildirmişdir ki, Azərbaycanın antiterror əməliyyatlarda iştirakı, regional layihələrdəki rolu dünya birliyi tərəfindən yüksək qiymətləndirilir.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 may.- S. 3.