"İçərişəhər" Tarixi Muzeyi Azərbaycan mədəniyyəti tarixində yeni səhifədir

 

Azərbaycan xalqının qədim zəngin tarixinin öyrənilməsi, onun gələcək nəsillərə ərməğan edilməsində muzeylər əvəzolunmazdır. Təqdirəlayiq haldır ki, son 40 ildə Azərbaycanda muzeylər şəbəkəsi genişlənmiş, öz tarixiliyi estetik cəhətdən yeni əhəmiyyət kəsb etmişdir.

Ulu öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdə respublikamızın rayonlarında tarix-diyarşünaslıq muzeyləri bir çox böyük şəxsiyyətlərin ev-muzeyləri yaradıldı. Bu muzeylər tarixi dəyərləri qorumaqla yanaşı, mənəvi tərbiyə ocağına çevrildi. Tarix-diyarşünaslıq muzeyləri yaratmaqla ulu öndər bütün dünyaya sübut etmək istəyirdi ki, Azərbaycan adlı ölkə var. Biz onun hər bir bölgəsinin ən qədim zamanlardan sahibiyik. Təəssüf ki, ulu öndər siyasi arenadan uzaqlaşdırıldıqdan sonra mədəniyyətimizə ağır zərbə vuruldu. Heç bir əsas olmadan Böyük Vətən müharibəsi tarixi muzeyi bağladıldı, N.Nərimanov kimi böyük şəxsiyyətin xatirə muzeyinə qarşı böhtanlar yağdırıldı. Muzeylərin yaradılmasına vəsait ayrılması bilərəkdən azaldıldı. Ulu öndərin Azərbaycanda yenidən hakimiyyətə qayıtması ilə həyatın hər sahəsində olduğu kimi muzeylərdə yeni canlanma baş verdi. Tarixi abidələrin qorunub saxlanmasında muzeylərin müstəsna əzəmiyyətini dərindən bilən ulu öndər bu sahə ilə bağlı xüsusi tapşırıqlar verdi. İçərişəhərdə Şirvanşahlar tarix-memarlıq qoruğu muzeyinin yüksək səviyyədə bərpa olunub yeni ekspozisiyanın yaradılması, Qobustan tarix-memarlıq qoruq muzeyinə qayğının artırılması bu qəbildən idi. Ulu öndərin kursunun layiqli davamçısı İlham Əliyev muzeylər şəbəkəsinin genişləndirilməsinə xüsusi qayğı diqqət göstərir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixli "İçərişəhər" Qoruq İdarəsinin əsasnaməsinin təsdiqi haqqında fərmanından sonra İçərişəhər üçün çox görülüb. "İçərişəhər" Tarixi Muzeyi yaradılıb.

Muzeyin əməkdaşları da qısa müddət ərzində 1300-dən artıq Azərbaycanın, eləcə İçərişəhərin tarixinə aid orijinal, hətta bəzi analoqu olmayan əşyalar toplamışlar. Bu əşyalar içərisində İçərişəhərin antik dövrünü əks edirən arxeoloji materiallar xüsusi yer tutur. İlk inkişaf etmiş orta əsrlərə aid gil, saxsı, boyalı boyasız qablar, şübhəsiz, gələcəkdə yaradılacaq muzey ekspozisiyasının ən maraqlı eksponatları olacaqdır.

Yeri gəlmişkən, muzeyin fonduna toplanan əşyaların əksəriyyəti "İçərişəhər" Qoruq İdarəsinin diqqət qayğısı sayəsində əvəzsiz olaraq muzeyə verilmişdir. Bununla belə, 250-dən çox əşya ayrı-ayrı vətəndaşlardan satın alınmışdır.

Azərbaycan Milli Tarix Muzeyi öz fondundan 100-dən artıq orijinal əşyanı muzeyimizin fonduna bağışlamışdır. Bir sıra əşyalar muzeyin gələcək ekspozisiyasının elmi konsepsiyasına uyğun olaraq ayrı-ayrı mütəxəssislərdən sifariş yolu ilə alınmışdır. Bakı xanlığının bayrağının surəti, Qala qapılarının açarları (bunlar beş ədəddir) milli adət-ənənələrimizlə, İçərişəhərlə bağlı müxtəlif eksponatlar maraqla qarşılanır.

Muzeyin əməkdaşları yeni əşyalar toplamaqla yanaşı qeydiyyat mühafizə işlərinə xüsusi diqqət yetirirlər. Axı Beynəlxalq muzeylər günü təkcə muzey işçilərinin yox, vətənini, torpağını böyük məhəbbətlə sevən hər kəsin bayramıdır.

 

 

Gülər Quliyeva,

"İçərişəhər" Tarixi Muzeyinin əməkdaşı

 

Azərbaycan.-2009.-17 may.-S.6.