Qlobal maliyyə böhranının Azərbaycana təsirinin az olması ölkəmizin dünya enerji təhlükəsizliyindəki rolunun artması xarici şirkətlərin diqqət mərkəzindədir

 

Qlobal maliyyə böhranının Azərbaycana təsirinin az olması və ölkəmizin dünyanın enerji təhlükəsizliyindəki rolunun artması xarici şirkətlərin diqqət mərkəzindədir. Bunu bir sıra xarici şirkətlərin Azərbaycanın neft-qaz sektorunda marağının artması və sərmayə qoymaq istəkləri də sübut edir.

Bu fikirlər Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin mayın 18-də keçirilmiş iclasında səslənmişdir.

Milli Məclis Sədrinin müavini, komitə sədri Valeh Ələsgərov demişdir ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron Dəniz Blokunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Total E&P Abşeron Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə", "Azərbaycan Respublikasında Kürovdağ yatağının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qlobal Enerci Azərbaycan Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" və "Azərbaycan Respublikasında Neftçala, Xıllı, Durovdağ-Babazənən neft yataqlarının və Muğan monoklinalın cənub-qərb qanadının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Neftçala İnvestments Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihələri daxil olmuşdur.

Layihələr barədə ətraflı məlumat verən V.Ələsgərov demişdir ki, hər üç sənəd Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, ölkəmizin dünyanın enerji təhlükəsizliyindəki rolunu gücləndirir, onun etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.

Bildirilmişdir ki, hər üç qanun qüvvəyə mindikdən sonra sazişlərdə nəzərdə tutulmuş kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv olunacaqdır.

Sənədlərin bir üstün cəhəti də ondadır ki, layihələr üzrə işçi qüvvəsinin ən azı 80 faizi Azərbaycan vətəndaşları olacaqdır.

Layihələr üzrə hasilatdakı "R" (rentabellik) əmsalı artdıqca Azərbaycanın gəlirləri də çoxalacaqdır.

Müzakirələr zamanı deputatlar hər üç layihənin əhəmiyyətindən danışmış, bu sənədlərin Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcəyini vurğulamışlar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev neft müqavilələrinin digər üstünlükləri barədə əlavə məlumat verdikdən sonra yuxarıda adları çəkilən qanun layihələri Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 may.- S. 3.