Gəncləşən "Leyli və Məcnun"

 

Üzeyir bəy Şərq aləmində ilk "Leyli və Məcnun" operasını yazmaq arzusuna Şuşada həvəskar artistlərin ifasında "Məcnun Leylinin məzarı üstündə" musiqili faciəni görəndən və dinləyəndən sonra düşmüşdü. Onda onun cəmi 13 yaşı vardı. Operaya oxşar nəsə yazmaq istəyirdi. Şərq aləmində ilk muğam operasını ərsəyə gətirəndə cəmi 22 yaşı vardı.

1908-ci ilin 12 yanvarında xeyirxah milyonçu Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan ilk muğam operası böyük müvəffəqiyyət qazandı. Bunun əsas səbəbi Azərbaycan xalqının öz teatr səhnəsində milli operanın işıq üzü görməsini səbirsizliklə gözləməsi idi. Bu operada əsl xalq musiqisi ilə məşhur klassik süjet uğurla birləşdirilmişdi. "Leyli və Məcnun" Azərbaycanın ilk muğam operası kimi incəsənət tariximizin salnaməsinə həmişəyaşarlıq mücəssəməsi kimi düşmüşdür. Üzeyir bəy sonralar "Leyli və Məcnun"un klassik Avropa operaları tələblərinə cavab verə bilən variantını hazırlamaq istəyirdi. O, "Çahargah" muğamı üstündə "Məcnunun atasının ariyası"nı yazıb qurtarmışdı. Radio dinləyicilərinin bir çoxu pianoçu Vladimir Kozlovun müşayiətilə müğənni Bülbülün ifasında bu ariyanı dəfələrlə dinləmiş və zövq almışlar. Əgər ömür vəfa etsəydi, dahi bəstəkarın "Leyli və Məcnun" operası Azərbaycan muğamları üstündə yazılmış partituraya malik klassik əsər kimi dünyanın opera səhnələrində uğurla səslənəcəkdi. Amma təəssüflənməyə də dəyməz. Çünki dahi bəstəkar əsərlərini ilk növbədə doğma xalqının mənəvi-estetik tələblərinə xidmət etmək üçün yazmışdı. 100 ildən artıqdır ki, mədəniyyət tariximizdə böyük hadisə sayılan "Leyli və Məcnun" operası repertuardan düşmür. Bütün tamaşalar anşlaqla oynanılır. Çünki mayası muğam üzərində qoyulmuşdur.

Azərbaycanda sovet rejimi zor gücünə hakimiyyətə gələndən sonra muğamlarımıza etinasızlıq göstərilməyə başlanmışdı. Sənət aləminin şedevri sayılan muğamlarımızın keçmişin primitiv musiqi nümunələri olduğunu və xalqın zövqünü korlamaq məqsədi daşıdığını deyənlər də tapılmışdı. Əzəli musiqi alətimiz olan tara düşmən münasibət hökm sürməyə başlamışdı. Deyirdilər ki, Avropa gitarası olan yerdə Azərbaycan tarına ehtiyac yoxdur.

Sovet qurumunun apardığı "dəmir pərdə" siyasəti zəngin musiqimizin dünya arenasında səslənməsinə qadağa qoymuşdu. Qərbin bədii bazarında ərəb, türk və İran ənənəvi musiqisi təbliğ olunurdu. Buna baxmayaraq, Azərbaycan cəmiyyətində muğama olan sevgi azalmaq əvəzinə daha da artırdı. Qəlblərə nüfuz edən muğamı heç sevməmək olardımı? Nəhayət ki, muğam yolunda da xoşbəxtlik çırağı yanmağa başladı. Ötən əsrin 70-ci illərindən başlayaraq YUNESKO-nun himayəsi ilə keçirilən beynəlxalq ənənəvi musiqi simpoziumları və festivallarından sonra muğam incəsənətinə münasibət yaxşılığa doğru dəyişdi. Muğam yüksək professional incəsənət nümunəsi kimi dəyərləndirildi. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətə başladığı vaxtdan incəsənətimizin bir çox sahələrinin, xüsusilə də şifahi xalq incəsənətinin incisi sayılan muğamlarımızın Azərbaycanın sərhədlərini aşaraq dünya miqyasında sevilməsinə yönəldilmiş təşəbbüsləri uğurla nəticələndi, Azərbaycan muğamı YUNESKO-nun qeyri-maddi irs dünyası siyahısına salındı. Ölkə daxilində gənclərimizin muğam biliciləri səviyyəsinə yüksəlməsi üçün musiqi məktəblərində xüsusi muğam şöbələri yaradıldı. Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçiləndən sonra Paris və Bakıda "YUNESKO-Azərbaycan gələcəyə salınmış körpüdür" mövzusunda konfranslar keçirilməsinə yardımçı oldu. Bu, Azərbaycanın dünya birliyinə inteqrasiyasında öz rolunu oynadı. Mehriban xanımın təşəbbüsü ilə nəfis şəkildə tərtib edilmiş "Qarabağ xanəndələri" toplusu işıq üzü gördü. Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi respublikamızın gündən-günə çiçəklənən mədəni həyatında hadisəyə çevrildi. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva "Muğam 2007" televiziya müsabiqəsinin keçirilməsini təşkil etdi. Əsas məqsəd qədim Azərbaycan muğamının geniş təbliğ olunması, zəngin muğam məktəbi üçün yeni istedadların tapılıb meydana çıxarılması, eyni zamanda, gənc ifaçıların öz potensiallarını tam reallaşdıra bilmələri üçün şərait yaradılması idi. Müsabiqənin böyük uğurla keçməsi bir daha muğamın həşəmətini sübuta yetirdi. Muğamın Azərbaycanda ən sevimli, ən dəyərli musiqi janrı olmasını təsdiq etdi. Mehriban xanım Əliyeva muğamı, muğam incəsənətini Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən parlaq incilərindən biri kimi dəyərləndirdi.

Torpağa bağlılıq, vətənsevərlik, milli dəyər hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik kimi hisslər muğam fəlsəfəmizin əsasını təşkil edir. Muğam gözəllik və məhəbbət rəmzidir. Əsrlərdən bəri formalaşan muğam incəsənəti ikinci yüzilliyin əvvəllərində yalnız xalq şənliklərində, toylarda, bayramlarda deyil, həm də konsert salonlarında səslənməyə başlamışdı. O dövrdə Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəyli ənənəvi muğamla müasir milli musiqimiz arasında körpü yaratmışdı. Onun ərsəyə gətirdiyi "Leyli və Məcnun" operasının 100 illiyi YUNESKO çərçivəsində təntənəli şəkildə qeyd olunmuşdur. Beləliklə də zəngin muğam xəzinəsi Azərbaycan bəstəkarlarının ilham mənbəyinə çevrilmişdir. Muğam Azərbaycanın musiqi incəsənətinin bütün janrlarına öz müsbət təsirini göstərmişdir. Azərbaycanda keçirilmiş muğam müsabiqələrində onlarca istedadlı gənc xanəndə aşkara çıxarılmışdır.

Məlum olduğu kimi, "Leyli və Məcnun" operası yarandığı gündən bəri 100 ildən artıq bir dövrdə Milli Opera və Balet Teatrının repertuarında öz layiqli yerini tutmuşdur. Uzun müddətdən bəri opera səhnəmiz 50-60 yaş həddini ötmüş "nənə Leylilərdən" və "baba Məcnunlardan" xilas ola bilmirdi. Ona görə ki, əlaqədar təşkilatlarda "gənc leylilər" və "məcnunlar" hazırlanmırdı. Opera teatrının rəhbərliyi qocalmış "Leyli" və "Məcnun"larla işləmək məcburiyyətində qaldığına görə mətbuat səhifələrində arabir tənqid atəşinə də tutulurdu. Ona görə ki, 5-10 babanın, nənənin Məcnun və Leyli rollarında çıxışları ekzotik təsir bağışlayırdı. Tamaşaçılar retuz geyib səhrada veyillənən yaşlı Məcnunun zavallı görkəmindən və oxumaq üçün ağzını açan kimi qabarıq görünən qoyma dişlərindən estetik zövq ala bilmirdilər. Tənqidi mülahizələrdən düzgün nəticə çıxaran teatr rəhbərliyi vəziyyəti normallaşdırmaq üçün muğam müsabiqəsi qaliblərinin bir çoxunu Akademik Opera və Balet Teatrının ştatına götürdü və beləliklə də mövcud vəziyyət əsaslı şəkildə dəyişdi. Yaşlı "Leyli" və "Məcnun"lar təqaüdə çıxmalı oldular və opera truppasının tərkibi xeyli cavanlaşdı.

Bu günlərdə muğam müsabiqələri qaliblərindən bir neçəsinin baş rollarda çıxışları hesabına "Leyli və Məcnun"un yeni quruluşda tamaşaya qoyulması bizim də marağımızı cəlb etmişdi. Leyli rolunda Üzeyir Hacıbəyli adına birinci muğam müsabiqəsinin laureatı Vüsalə Musayevanın, Məcnun rolunda Üzeyir Hacıbəyli adına birinci muğam müsabiqəsinin laureatı İlkin Əhmədovun çıxışı gözlənilirdi. Bu başdan deyək ki, tamaşa çox uğurlu alındı. Teatr salonunu dolduran tamaşaçılar Vüsalə Musayevanın və gənc müğənni İlkin Əhmədovun oyunlarından razılıqlarını sürəkli alqışlarla bildirdilər. Birinci pərdədəki mədrəsə səhnəsində "ahıl şagirdləri" gənc ifaçılar əvəz etmişdilər. Tamaşada gənclik ovqatı xüsusilə aydın görünürdü. Məhəmməd Füzulinin təqdim etdiyi gözəl və şux görkəmli Leyli - Vüsalə səsinin məlahəti və geniş diapazonu ilə heyranlıq yaratdı. İrəlidə deyildiyi kimi, süjet xəttinin açılmasında, dramatik konfliktlərin, hadisələrin tragik sonluğunun təsvir olunmasında muğamların əhəmiyyəti danılmazdır. Məsələn, Leyli ilə Məcnunun görüşdüyü birinci pərdədə bəstəkar "Mahur-hindi" və "Segah" muğamlarına üstünlük vermişdir. Sevgililər istək və arzularını həmin muğamlardan parçalar vasitəsilə ifa edirlər. Qeys - İlkin Əhmədov öz görkəmi ilə yeniyetmə Məcnunu xatırladırdı. O, "Mahur-hindi" muğamının üzərinə düşən parçasını özünəməxsus məharətlə, çətinlik çəkmədən oxudu. İlkinin şaqraq zəngulələri qəhrəmanının aşıb-daşan məhəbbət hisslərinin açılmasına xeyli kömək edirdi. O, "Əraq" muğamını da cəsarətlə ifa etdi. Ancaq bu rolda ilk dəfə çıxış etdiyindən həyəcanlanaraq muğamın zil sonluğunu götürməkdən yan keçdi. Amma əbəs yerə. Səsinin diapazonu zil notlara qalib gəlmək iqtidarında idi. Vüsalə isə "Əraq"ın üstünü də oxuyandan sonra "Pəncgah"ı da uğurla başa çatdırdı.

Elçilərə Leylini verməkdən imtina edən Leylinin qətiyyətli atası bariton Nizami Bağırov "Şur" üstündə oxumaqları ilə sərt xarakterini ifadə edəndən sonra İlkin Əhmədov özünün mənəvi sarsıntısını "Şahnaz" muğamı ilə dinləyicilərə təbii şəkildə çatdıra bildi.

Leylinin atasının qızını digər qəbilə başçısı ibn Salama (geniş səs imkanlı Nəzər Bəylərova) verməsindən xəbər tutan Qeys - İlkin Əhmədov mənəvi çıxış yolunu onun dərdinə şərik çıxmayan insanlardan uzaq bir yerə - səhraya çəkilməkdə görür. İlkin Əhmədov özünün "acınacaqlı halətini" "Bayatı-Şiraz" muğamı vasitəsilə izhar etməyə çalışır və buna musiqinin ecazkar qüvvəsi ilə nail olmaqla təsəlli tapır.

Vüsalə Musayeva sevmədiyi ibn Salama ərə getməyi ölümə bərabər hal kimi dəyərləndirərək qəlbinin fəryadını "Qatar" muğamının uğurlu ifası ilə bildirir. Vüsalə "Qatar"ın çevik və oynaq səs tələb edən parçasını şaqraq zəngulələrinin harayı ilə bildirməkdə vokal çətinliyi çəkmir.

Leylinin sevgi mərəzinə tutulduğunu bilən ana - respublikanın əməkdar artisti Sahibə Abbasova qızını "Simayi-Şəms" muğamının nidaları ilə tənbeh edir. Qaltanlı səs sahibi Sahibə Abbasova ilə büllur təmizlikli səsə malik Vüsalə Musayeva arasındakı deyişmədə hər iki ifaçı öz səsinin geniş imkanlarını büruzə verməyə çalışır. Yeri gəlmişkən deyək ki, hər iki ifaçı "Simayi-Şəms" muğamı üstündə oxumalarında qalib çıxır ki, bu da xiridar dinləyicilərə çox xoş təsir bağışlayır.

Bir mətləbə də toxunmaq yerinə düşər. Həm İlkin Əhmədov, həm də Vüsalə Musayeva rollarının öhdəsindən müğənnilikdən savayı, aktyorluq məharəti ilə də bacarıqla gəlirlər. Leylinin yatağa düşən xəstəliyi anlarında tamaşaçı mənəvi əzablardan qovrulan pak qızı görür, ona elə gəlir ki, mərəzin sıxdığı incəlik mücəssəməsi Leyli, doğrudan da, əsl Leylidir, müğənni deyildir.

Tenor Elnur Zeynalov Məcnunun atasının partiyasını müvafiq pərdələrdə özünəməxsus oxu tərzi və artistlik məharəti ilə canlandıra bildi. O, Məcnunun atasının iztirablarını "Çahargah" muğamı üstündə səsləndirdi. Gənc solistlərdən Elşad Aydınoğlunun Zeyd partiyasında oyunu rəğbətlə qarşılandı. Respublikanın əməkdar artisti Sabir Əliyev xəmiri mərhəmətsizlik mayası ilə yoğrulmuş şeyxin daxili aləminin nöqsanlarını səs palitrasının qüdrəti ilə açıb göstərə bildi.

Respublikanın əməkdar artisti Elxan Mansurov mərhum atası Bəhram Mansurovdan mənimsədiyi xarakterik çalğı priyomları ilə solistləri yaxşı müşayiət etdi. Respublikanın xalq artisti Şahlar Quliyevin çıxışı, həmişəki kimi, yenə uğurlu alındı.

Əməkdar incəsənət xadimi Hafiz Quliyevin tamaşaya verdiyi quruluş mizanların dəqiqliyi ilə diqqəti cəlb edir. Gənc solistlərin oyunlarının təbii alınması üçün Hafiz müəllimin xeyli zəhmət çəkdiyi aydın görünür.

Tamaşanın dirijoru, əməkdar incəsənət xadimi Sevil Hacıyevanın əsərin dəqiq səslənməsi üçün məharəti də təqdirəlayiqdir.

"Leyli və Məcnun" tamaşasına gənc solistlərin gətirdikləri gənclik təravəti göstərdi ki, əsrlərin yadigarı kimi dövrümüzədək gəlib çatmış dahi Füzulinin bu məhəbbət əfsanəsinə böyük Üzeyir bəyin verdiyi musiqi töhfəsi qədirbilən tamaşaçıların dərin mənəvi anlar yaşamasına həmişə yardımçı olacaqdır.

 

 

Arif Hüseynov

 

Azərbaycan.-2009.-17 may.-S.7.