Estoniya-Azərbaycan əlaqələrinin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur

 

Arnold Rüytel ümummilli lider Heydər Əliyev ilə keçirdiyi çoxsaylı görüşləri xatırlayaraq, Estoniya-Azərbaycan əlaqələrinin inkişafında ulu öndərin əvəzsiz xidmətlərinin olduğunu bildirmişdir. Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan estoniyalı qonaq, bütün sahələrdə inkişaf prosesinin şahidi olduğunu və bu nailiyyətlərin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinə yeni perspektivlər açdığını qeyd etmişdir.

Ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan nazir Elmar Məmmədyarov Estoniya Prezidenti Toomas Hendrik İlvesin cari ilin əvvəlində Azərbaycana rəsmi səfərinin, hər iki ölkənin xarici işlər nazirlərinin görüşlərinin tez-tez keçirilməsinin əlaqələrin intensiv inkişafından xəbər verdiyini bildirmiş, əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırmışdır.

Ölkəmizin regionda artan nüfuzundan danışan nazir Elmar Məmmədyarov, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasını regional sabitliyə təhlükə olduğunu və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyini vurğulamışdır.

Görüşdə regionda və qlobal səviyyədə gedən siyasi proseslər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 may.- S. 5.