Azərbaycan İsveçrə ilə əməkdaşlığın inkişafına böyük önəm verir

 

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, isveçrəli qonaq ölkələrimiz üçün birgə maraq doğuran ikitərəfli, regional və qlobal məsələlərin müzakirəsinə şərait yaradan məsləhətləşmələrin Azərbaycan ilə İsveçrə arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyinə əminliyini vurğulamışdır.

Nazir E.Məmmədyarov da Azərbaycanın İsveçrə ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini və xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin bu istiqamətdə əhəmiyyətini vurğulayaraq, əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsinin vacibliyini diqqətə çatdırmışdır.

M.Ambül nazir E.Məmmədyarovu İsveçrənin vasitəçiliyi ilə Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar prosesi barədə məlumatlandırmışdır.

Eyni zamanda, E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə dair aparılan danışıqlar prosesi və münaqişənin nizamlanmasında Azərbaycanın mövqeyi barədə məlumat vermişdir. Nazir bildirmişdir ki, Azərbaycanın mövqeyi nəzərə alınmadan və Dağlıq Qarabağ münaqişəsi həll edilmədən regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində irəliləyişə nail olunması mümkün deyil.

Görüşdə tərəflər arasında ikitərəfli münasibətlər, regional və beynəlxalq əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 may.- S. 5.